Əsas Səhifə > Azərbaycan / Video / Manşet / Üst manşet > Etiraz aksiyasında polislər jurnalistə ciddi xəsarət yetirib

Etiraz aksiyasında polislər jurnalistə ciddi xəsarət yetirib


29-12-2021, 14:47.
title}


Dünən - dekabrın 28-də jurnalistlərin parlamentin binası qarşısında keçirdikləri aksiya zamanı polis əməkdaşları iştirakçılardan birinə, Nərgiz Absalamovaya ciddi xəsarət yetiriblər. Videogörüntülərdən məlum olur ki, polis qadın jurnalistin üzünə vurur və onu itələyir. Nəticədə Nərgiz Absalamova yerə yıxılıb və büzdüm sümüyü sınıb.

CivilAzerbaijan.com
bildirir ki, həkimlərin rəyinə görə, qırılmış sümük çanaq əzələsinə zərər verib.

“Aksiya zamanı qadın polis boğazımdan yapışaraq məni itələdi. Eyni zamanda o biri polislər digər jurnalistləri itələdilər və biz yol kənarındakı bordürün üzərinə yıxıldıq və arxası üstə düşdük. Mən güclü zərbə aldım. Müayinədən sonra həkim üçhəftəlik yataq rejimi yazıb”, -jurnalist Turan agentliyinə bildirib.

Zərərçəkənin vəkili Zibeydə Sadıqova bildirib ki, bu fakt üzrə Travmatologiya İnstitutunun yazılı rəyi var.

Bununla bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Ombudsman Aparatına yazılı sorğular göndərilib.

Şikayətdə çevik polis alayının əməkdaşının jurnalistə xəsarət yetirməsi faktı üzrə üzrə cinayət işinin açılması və günahkarların məsuliyyətə cəlb edilməsi tələb olunub, vəkil deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. Bundan öncə bu bölmənin rəhbəri Ehsan Zahidov bildirib ki, aksiya zamanı jurnalistlərdən heç kim xəsarət almayıb.

Xatırladaq ki, onlarla jurnalist parlamentin "Media haqqında" yeni qanunu qəbul etməsinə etiraz edib.
Geri qayıt