Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > AŞPA deputatları Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə hazırlayıb
AŞPA deputatları Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnamə hazırlayıb2-05-2022, 17:03. |
Hər il mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyinə təhdidlər barədə qətnamənin qəbulu təşəbbüsü ilə çıxış edib. Civilazerbaijan.com bildirir ki, Belçikadan olan deputat Kristof Lakruanın təşəbbüsünü 24 ölkədən Avropa Şurası Parlament Assambleyasının daha 37 üzvü dəstəkləyib. “Avropa Şurası Parlament Assambleyası Azərbaycanda zorakılığın, dözümsüzlüyün səviyyəsinin artmasından, azərbaycanlı jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı davam edən təhdidlərdən narahatdır”, - sözügedən deputatların imzaladıqları petisiyada deyilir. 2022-ci il fevralın 22-də jurnalist və hüquq müdafiəçisi, tanınmış LGBT fəalı Əvəz Şıxməmmədov (yaradıcı təxəllüsü Əvəz Hafizli) öz evində qətlə yetirilib. Onun həyatının qorunması ilə bağlı çoxsaylı müraciətlərə Azərbaycanın hüquq-mühafizə orqanları məhəl qoymayıblar. “Son iki ayda bir çox araşdırmaçı jurnalist Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən dövlət məmurlarına qarşı antikorrupsiya araşdırmalarını dayandırmağı tələb edən xəbərdarlıqlar alıblar. Əks halda jurnalistlər ölümlə, qəza və ya zəhərlənmə kimi görünəcək ciddi sağlamlıq problemlərilə hədələniblər. Bu təhdidlərdən sonra həmin jurnalistlərin bəzisi korrupsiyaya qarşı araşdırmaların dayandırıldığını bəyan etmək məcburiyyətində qalıb, bəzisi isə hələ də işini davam etdirmək qərarına gəlib”, - sənəddə deyilir. Parlament Assambleyası qətl və sui-qəsdlərlə bağlı mövcud halları, ölkədə və xaricdə fəaliyyətini davam etdirən azərbaycanlı jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin həyat və azadlıqlarına qarşı davam edən təhdidləri diqqətlə nəzərdən keçirməli və öyrənməli, bu məsələ ilə bağlı geniş hesabat hazırlamalıdır, petisiya müəllifləri hesab edirlər. Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə, jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat verməyə, onların peşəkar fəaliyyətlərini maneəsiz davam etdirməyə çağırmalıdır. Bu sənədin hazırlanması prosesi haqda məlumatlı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov Turan-a bildirib ki, 38 deputatın müraciətinə mayın ortalarında Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi və Bürosunda baxılacaq. Hüseynov hesab edir ki, iki qərar mümkündür. “Ya Büro bu məsələ üzrə ayrıca məruzəçi təyin edəcək, ya da hüquq müdafiəçilərinin qorunması, media azaldığı, jurnalistlərin və LGBT nümayəndələrinin müdafiəçilərinin təhlükəsizliyi məsələlərilə bağlı ümumi məruzə hazırlayan üç əsas məruzəçiyə Azərbaycana ayrıca səfər etmək və ölkədəki vəziyyəti illik hesabatlarda xüsusi fəsillərlə əks etdirmək tapşırılacaq”, - Hüseynov izah edib. Emin Hüseynov diqqəti ona yönəldib ki, sənədi Avropa Şurası Parlament Assambleyasının beş siyasi qrupunun nümayəndələri, o cümlədən onlardan 4-nün rəhbəri imzalayıb. Geri qayıt |