Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Üst manşet > "Azərlotereya" ASC uduşlu biletlərin seriya nömrəsini niyə gizlədir? - AÇIQLAMA

"Azərlotereya" ASC uduşlu biletlərin seriya nömrəsini niyə gizlədir? - AÇIQLAMA


23-05-2022, 16:20.
title}


"Azərlotereya" ASC xeyli müddətdir ki, Azərbaycanda mərc və uduş oyunları keçirir. Müxtəlif forma və qaydalarla bazara təqdim olunan bu oyunlar ciddi müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə olan insanların böyük əksəriyyəti lotereya biletlərində olan uduşların həqiqəti əks etdirmədiyini qeyd edir. Bəzi iqtisadçı ekspertlər isə bu tip oyunların insanları daha da müflisləşdirdiyini vurğulayır.

Civilazerbaijan.com Qlobal.az-a istinadla bildirir ki, "Azərlotereya" ASC böyük uduşların udulduğunu müəyyən zaman kəsimi ilə ictimaiyyətin diqqətinə çatdırsa da, bəzən bu uduşların qaliblərinin kimliyini gizli saxlayır. Şirkət bunu uduş sahiblərinin istəyi ilə əlaqələndirir.

Digər sual doğuran məqamlardan biri də "Azərlotereya" ASC-nin uduşlu elan etdiyi oyun biletlərində olan seriya rəqəmlərinin gizlədilməsidir.

Maraqlıdır ki, ASC bunu bütün uduşlu oyun biletlərində - "Şans ulduzu", "Pul yağışı", "Qızıl" lotereyalarında edir.

Uduşlu elan edilən lotereya biletlərində seriya nömrələrinin təqdim edilməməsi bu biletlərin saxta olması barədə iddiaları gücləndirmiş olur.

Qlobal.az məsələ ilə əlaqədar "Azərlotereya" ASC-dən mövqe öyrənib. Qurum lotereya oyunlarında qaliblərin adlarının açıqlanması ilə bağlı mövqeyini belə ifadə edir:

"Azərlotereya” ASC-nin sosial media səhifələri və rəsmi saytında uduşlar barədə mütəmadi olaraq məlumatlar paylaşılır. Qurum olaraq şəffaflığın təmin edilməsi naminə hər zaman qaliblərin adlarının açıqlanmasının tərəfdarıyıq və onlara adlarını açıqlamalarını icazə vermələri üçün daim müraciət edirik. Qalib şəxsin kimliyinin bilinməsi məsələsi qanunvericiliklə tənzimlənir. Loterayalar haqqında qanunun 8-1.2-ci maddəsinə əsasən lotereyada udan şəxsin yazılı razılığı olmadan adı açıqlana bilməz. Beynəlxalq təcrübəyə əsasən də qalib şəxs kimliyinin açıqlanması və ya gizlədilməsi ilə bağlı qərarı özü verir. Adlarının açıqlanması istəyən şəxslər də az deyil. Qeyd edək ki, son vaxtlar qalib olan şəxslərin kimliyi barədə rəsmi saytımızda və sosial media səhifələrimizdə paylaşdığımız məlumatlarla tanış ola bilərsiniz. Buna misal olaraq onlardan "40.000.000 Pul Yağışı" ani lotereyasında böyük uduş – 200.000 manatı qazananlar Ağcabədi rayon sakini Ərşad Əliyev və Cahandar Süleymanov, "Şans Ulduzu" ani lotereya biletində 50.000 manata sahib olan Naxçıvan sakini Hicran İsmayılova, "Brilliant -3" ani lotereya biletində isə böyük uduş – 100.000 manatı qazanan Şamaxı şəhər sakini Elçin Qədimov və digərlərinin adlarını çəkə bilərik".

"Azərlotereya" ASC lotereya biletlərinin seriya nömrələrinin gizli saxlanılmasına da münasibət bildirib:

"Təhlükəsizlik qaydalarının mühüm məsələ olduğunu nəzərə alaraq dünyanın qabaqcıl sistemləri və texnologiyalarının tətbiq olunduğu, yüksək təhlükəsizlik qaydaları çərçivəsində "Scientific Games" şirkəti tərəfindən istehsal edilən ani lotereya biletləri iştirakçı tərəfindan udulanadək onların uduşlu olub-olmadığı barədə kompüter sistemləri xaricində kimsə məlumatlı deyil. Hər bilet unikal seriya nömrəsinə malikdir. Qeyd olunan seriya kodunun gizlədilməsi məsələsinə gəlincə, burada əsas məqsəd saxtakarlıq hallarının qarşısını almaqdır. Qanunvericiliklə uduşların ödənilməsi müddəti ən geci 30 iş günüdür. Ödənişin həyata keçirilmədiyi həmin müddət ərzində seriya nömrələrinin gizlədilməsi onların başqa məqsədlər üçün istifadə edilməsinin qarşısını alır. Bu, nəinki şübhə yaradır, əksinə lotereya oyunlarının ədalətli keçirilməsinə və oyunçu hüquqlarının qorunmasına zəmin yaradan addım kimi dəyərləndirilir. Qeyd edək ki, "Lotereyaların təşkili və keçirilməsi Qaydası”na uyğun olaraq, keçirilmiş ani lotereyaya dair hesabatlar İqtisadiyyat Nazirliyinə təqdim edilir və nazirlik məlumatları təhlil edərək lotereyaların qanuna uyğun keçirilməsinə nəzarət edir".

Cahandar Laçınlı

Qlobal.az

Geri qayıt