Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Almaniyadan deportasiya olunan Mütəllim Orucovun məhkəmə prosesi qapalı keçiriləcək - QƏRAR
Almaniyadan deportasiya olunan Mütəllim Orucovun məhkəmə prosesi qapalı keçiriləcək - QƏRAR2-06-2022, 15:47. |
Almaniyadan deportasiya olunandan sonra narkotik ittihamıyla həbs edilən daha bir siyasi fəal – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucovun məhkəməsi başlayıb. Lakin o, iyunun 2-də öz məhkəməsinə gətirilməyib. Civilazerbaijan.com bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətov bunu "mövcud şərait"lə izah edib. Amma hakim konkretləşdirməyib ki, mövcud şərait nədən ibarətdir. Hakim qərar verib ki, bundan sonrakı məhkəmə iclaslarına da Orucov gətirilməsin. Məhkəmə iclasları onlayn şəkildə keçirilsin. Hərçənd, iyunun 2-də məhkəmə iclasına Orucov istintaq təcridxanasından heç onlayn qaydada da qatılmamışdı. "Elə hökmü də onlayn çıxarıb verin bizə" Vəkil Nemət Kərimli məhkəmənin bu şəkildə keçirilməsinə etiraz edib, bunu şəxsin ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirir: "Elə hökmü də onlayn çıxarıb verin bizə, bitsin bu iş. Belə məhkəmə olmaz, axı. Adam öz məhkəməsində iştirak etmək, sözünü demək istəyir...". Orucov yeddi aydan çoxdur ki, həbsdədir. Yaxınları deyir ki, bu müddətdə o, ailə üzvləriylə görüşməyib. O, tutularkən işgəncəyə məruz qaldığını, hətta zorlanmaqla hədələndiyini, bu üzdən narkotikin ona məxsusluğu haqda etiraf ifadəsinə imza atdığını deyir. İşgəncə şikayəti üzrə prokurorluq cinayət işi başlamaqdan imtina etsə də, sonradan məhkəmə prokurorluğun bu qərarını rədd edib. İşgəncə məsələsini təkrar araşdırma aparılması üçün prokurorluğa göndərib. Orucov bildirib ki, Almaniyadan Azərbaycana qaytarıldıqdan bir müddət sonra günorta saatlarında evdə olarkən kənd bələdiyyəsinin sədri və iki nəfər mülki geyimli şəxs gəlib, onu Quba rayon Polis Şöbəsinə aparıblar. Orada ona Almaniyada yaşadığı dövrlə bağlı müxtəlif suallar veriblər: "Mənə müxtəlif adamların şəkillərini göstərdilər. Dəhşətli işgəncələr verdilər. Zorlama ilə təhdid etdilər...". Narkotik ittihamı Orucovun üzərindən 7.8 qram narkotik maddə tapıldığı iddia olunur. Ona qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Ailə üzvləri deyir ki, o, 2009-cu ildən AXCP üzvüdür, 2016-cı ildə ölkəni tərk edib. Almaniyada olduğu müddətdə orada keçirilən etiraz aksiyalarında iştirak edib, Facebook hesabından hökumətin ünvanına tənqidi fikirlər paylaşıb: "Görünür, bu da qıcıq yaradırdı. Azərbaycana deportasiya ediləndən az sonra narkotik ittihamıyla şərləndi...". Son səkkiz ay ərzində Almaniyadan deportasiya olunanlardan altı nəfər Azərbaycana qayıdandan sonra həbs olunub. Azadlıq Radiosunun məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib: "Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil". Geri qayıt |