Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Bankdan şikayət edən Qarabağ qazisinin İcra Şöbəsində ürəyi partlayıb

Bankdan şikayət edən Qarabağ qazisinin İcra Şöbəsində ürəyi partlayıb


8-07-2022, 12:45.
title}


Ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov pensiya kartı bloklandığına görə Sumqayıt şəhər İcra Şöbəsinə gedib və orada ürəyi partlayaraq vəfat edib.

Civilazerbaijan.com
bildirir ki, hadisə iyulun 7-də səhər saatlarında baş verib.

1962-ci il təvəllüdlü qazinin ailəsi uzun müddətdir Bakıda kirayə qalır. Həyat yoldaşı Kəmalə Kərimova Meydan TV-yə danışır ki, Şahmurad Məmmədov bir gün öncə pensiya kartındakı 100 manatı çıxarmağa gedəndə kartın bloklandığını görüb:

“Dedi ki, kartda 100 manatım qalıb, gedib onu çıxarım, bazarlıq eləyim. Gedib-qayıtdı, dedi ki, kartımı bloklayıblar. Pensiyasını “Kapital Bank”dan alır. Gedib pensiya fondundan öyrəndi, məlum oldu ki, onlarlıq deyil, kreditlə əlaqədar məhkəmə qərarına görə eləyiblər. Hətta bunu da dedi ki, maaşın, pensiyanın 25 faizinin tutulmasına icazə var, bu allahsızlar, əclaflar hamısını tutub bloklayıblar”.

Kəmalə Kərimova deyir ki, iyulun 7-də səhər saatlarında həyat yoldaşının cibində cəmi 3 manat pul vardı. Ona da iki çörək alıb evə verib. Sonra övladlarının birindən 5 manat alaraq, Sumqayıta gedib ki, icra şöbəsində kartın bloklanması məsələsini aydınlaşdırsın. Şahmurad Məmmədov icra şöbəsinin binasına daxil olanda qızı onu çöldə gözləyib:

“Səhər saat 9-un yarısı olardı, dedi: “Gedib onlardan soruşacam, kartımı bloklamısız, bəs mən 7 nəfərlik ailəmlə nə yeyim, nə içim?” Qız onu bir saata yaxın gözləyib, görüb ki, çıxmır. Bir də baxıb ki, təcili yardım maşını gəldi. Sonra məlum olub ki, keçinibmiş. Görün onu hansı həddə əsəbiləşdiriblər ki, ürəyi partlayıb. Həkim demişdi ki, ona əsəbiləşmək olmaz, infarkt keçirmiş adamdı. Amma bu Allahsızlar onu nə vəziyyətə qoyublar…”

Meydan Tv-nin məlumatında qeyd olunur ki, Kəmalə Kərimova həyat yoldaşının pensiyasına yönəldilən kreditin dəqiq məbləğini bilmir, amma onun “Muğanbank”dan götürülmüş kreditlə bağlı olduğunu deyir.

Şahmurad Məmmədovun 5 övladı var.
Geri qayıt