Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > AŞPA-nın bir qrup deputatı Azərbaycanla bağlı qətnamə qəbul edilməsi üçün petisiya imzalayıb
AŞPA-nın bir qrup deputatı Azərbaycanla bağlı qətnamə qəbul edilməsi üçün petisiya imzalayıb31-10-2022, 16:05. |
Avropa Şurası Parlament Assambleyasının 20 deputatı “Azərbaycanda siyasi məhbusların sayının artması” haqqında qətnamənin qəbulunu təklif edib. Civilazerbaijan.com bildirir ki, təşəbbüsçü İtaliyadan olan deputat Mauritsio Bukkarelladır. “Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması, siyasi məhbusların sayının artması həyəcan doğurur”, -13 ölkədən 20 parlamentarinin imzaladığı sənəddə deyilir. Sənəddə jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqovun həbsi yada salınır. Hakimiyyət Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqovu dərhal azad etmək çağırışına məhəl qoymayıb. 2022-ci ilin ortalarında bloger Abid Qafarov uydurma böhtan ittihamı ilə həbs edilib. Müxalifətçi Əli Əliyevə qarşı eyni ittihamla üç cinayət işi başlanıb. 2022-ci ilin mayında bloger Rəşad Ramazanov uydurma ittihamla həbs edilib. "Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı işlərə diqqətlə baxmalı və öyrənməlidir", - sənəddə deyilir. Petisiya müəllifləri hesab edirlər ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır, Turanın məlumatında qeyd olunur. Qətnamə layihəsinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacağı vaxt hələlik məlum deyil. Geri qayıt |