Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Putin, Əliyev və Paşinyandan birgə BƏYANAT
Putin, Əliyev və Paşinyandan birgə BƏYANAT1-11-2022, 14:13. |
Oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli formatda görüş olub. Civilazerbaijan.com bildirir ki, görüşdən sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri birgə bəyanat qəbul ediblər. Bəyanatda deyilir: “Biz Azərbaycan Respublikasının Prezidenti İ.Q.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları naminə bu sazişlərə ciddi əməl etməyə sadiq olduqumuzu bir daha təsdiq edirik. Humanitar məsələlər bloku da daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq. Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsini qeyd edərək, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığını vurğuladıq. Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsinə və Alma-Ataya 1991-ci il bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi vurğulanıb. Mövcud inkişaflar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini, iki ölkə xalqları arasında etimadı gücləndirmək vurğulanıb. Azərbaycan Respublikası və Ermənistan Respublikasının liderləri Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışladılar.” Geri qayıt |