Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Regional təhlükəsizlik məsələsi Rusiyanın münasibətlərində olduqca aktual mövzu kimi qalır - LAVROV

Regional təhlükəsizlik məsələsi Rusiyanın münasibətlərində olduqca aktual mövzu kimi qalır - LAVROV


28-02-2023, 12:45.
title}


Fevralın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başlayıb.

Civilazerbaijan.com
bildirir ki, Azərbaycan Prezidentinin rəsmi internet saytının məlumatına görə, Sergey Lavrovun Prezident İlham Əliyevlə görüşündə ikitərəfli əlaqələr, regional təhlükəsizlik məsələləri müzakirə edilib, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin perspektivlərinə toxunulub.

Prezident İlham Əliyev deyib ki, Rusiya xarici işlər nazirinin səfəri ötən il fevralın 22-də Moskvada imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

“Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”, o qeyd edib.

Dövlət başçısının dediyinə görə, iki ölkə arasında münasibətlər tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur.

“Bizi birləşdirən fəaliyyət sahələrini sadalamağa başlasaq, yəqin ki, çox vaxt tələb olunacaq. Bizdə hələlik işlərin o qədər də fəal getmədiyi sahələri saymaq olar. Lakin bu da diqqətimizdən kənarda qalmır. Buna görə ənənəvi qarşılıqlı fəaliyyət sahələrində - siyasi dialoq, energetika, nəqliyyat, ticarət, humanitar əməkdaşlıq və müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatdırmalı olduğumuz sahələrdə də ciddi qarşılıqlı addımlara ümid bəsləyirik”.

Əliyev hesab edir ki, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur.

“Buna parlaq sübut odur ki, hər həftə Rusiya və Azərbaycan aviadaşıyıcıları 135 reys yerinə yetirir. Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər”.

Azərbaycan Prezidenti 2023-cü ilin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında irəliləyiş ili olacağına ümidvar olduğunu bildirib.

“Hər halda biz buna ümid edirik. Bu prosesdə fəal iştiraka görə Rusiya hökumətinə və şəxsən sizə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin nizamlanmasına kömək işində xüsusi rola malikdir. Ötən il bu istiqamətdə mühüm səy göstərilib, gələcək sülh müqaviləsinin konseptual xarakterini, məhz iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınmasını müəyyən edən sənədlər qəbul olunub. Bu, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlərlə təsdiqlənib. Bu sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir. Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, Əliyev qeyd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya müttəfiqlik qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirir.

“Şübhəsiz ki, bu Bəyannamə qarşılıqlı fəaliyyətin əldə olunmuş səviyyəsini təsbit etdi və onun dərinləşməsi, keyfiyyətcə yeni səviyyəyə çıxarılması yollarını müəyyən etdi. Sizin xatırlatdığınız kimi, praktiki əməkdaşlıq, həqiqətən, bütün istiqamətlər üzrə çox səmərəli və intensiv inkişaf edir”.

Lavrov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın göstəricisi olan əmtəə dövriyyəsi rekord səviyyələrə çatır və bu, son hədd deyil.

O, Rusiyanın rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına görə şəxsən Prezident Əliyevin və hökumətin diqqətini çox yüksək qiymətləndirdiyini deyib.

Nazir Lavorv bildirib ki, regional təhlükəsizlik məsələsi Rusiyanın həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərində olduqca aktual mövzu kimi qalır.

“Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cümlədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması yolunda irəliləyişə şərait yaratmağa böyük maraq göstərirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regionda yerləşən bütün ölkələrin normal, qarşılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri naminə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”, o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, fevralın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiya Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı, Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovun iştirakı ilə Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası keçiriləcək.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, iki ölkənin xarici işlər nazirləri səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcək.
Geri qayıt