Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Azərbaycan yenə də Demokratiya Sammitinə dəvət edilməyib

Azərbaycan yenə də Demokratiya Sammitinə dəvət edilməyib


23-03-2023, 13:03.
title}

Foto: The Budapest Beacon

Bayden Administrasiyası 120 dünya liderinə gələn həftə keçiriləcək Demokratiya Sammitinə dəvətnamə göndərib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verib.

"Biz 2021-ci ilin dekabrında ilk sammitə dəvət olunmuş hökumətləri və tərəfdaşlarımızı yenidən dəvət etdik, həmçinin bütün dünyadan səkkiz yeni hökumət əlavə etdik", deyə ABŞ prezidentinin xüsusi köməkçisi Rob Berşinski brifinqdə bildirib. Bu, Bosniya və Herseqovina, Lixtenşteyn, Kot-d'İvuar, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və Hondurasdır.

Berşinskinin sözlərinə görə, qarşıda duran sammit demokratik institutların möhkəmlənməsinə, korrupsiyaya qarşı mübarizəyə və insan hüquqlarının müdafiəsinə yönəlib.

Martın 29-da Bayden Kosta-Rika prezidenti Çaves, Niderland baş naziri Ryutte, Koreya Respublikasının prezidenti Yun və Zambiya Respublikasının prezidenti Xiçilema ilə birlikdə dünya liderlərini liderlər səviyyəsində bir sıra virtual plenar iclaslarda bir araya gətirəcəklər.

Cümə axşamı, martın 30-da hər bir hökumət öz paytaxtında xarici hökumətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə nazirlər səviyyəsində regional görüş keçirəcək.

Martın 30-da ABŞ-da keçiriləcək tədbir demokratiya üçün texnologiyaların təşviqinə həsr olunacaq.

Kosta-Rikadakı tədbir gənclərin demokratik sistemlərdə roluna; Niderlanddakı tədbir demokratiyanın ən mühüm amili olan KİV azadlığına; Cənubi Koreyadakı tədbir korrupsiyaya qarşı mübarizəyə; Zambiyadakı tədbir isə azad və ədalətli seçkilərin dəstəklənməsinə həsr olunacaq.

Bayden Administrasiyası həmçinin gələn həftə demokratiya və hüquq müdafiəsi haqqında bir sıra yeni təşəbbüsləri açıqlayacaq. Buraya azad və müstəqil KİV-lərin dəstəklənməsi, korrupsiyaya qarşı mübarizə, demokratik islahatların və hüquq müdafiəçilərinin dəstəklənməsi, azad və ədalətli seçkilərin müdafiəsi üzrə yeni və mövcud təşəbbüslər üçün 400 milyon dollardan çox vəsait ayrılması daxildir.

Azərbaycana və dəvət olunmayan digər ölkələrə gəlincə isə, Berşinskinin sözlərinə görə, Vaşinqtonun bu ölkələrin xalqlarına müraciəti açıqdır: "Dəvət olunmayan ölkələrin fəallarına demək istərdik ki, onlar bu prosesdə özünəməxsus şəkildə iştirak edirlər. Onların da demokratiya dəyərlərinin təşviqində iştirak etmək imkanı olacaq", deyə Berşinski bildirib.

Demokratiya Sammitinin mahiyyəti demokratiyaya töhfə verən bütün iştirakçıları onun dəyərlərinin daha yaxşı təşviqi üzrə öhdəliklər götürməyə vadar etməkdən ibarətdir və bu, təkcə hökumətlərlə məhdudlaşmır, deyə Berşinski qeyd edib.
Geri qayıt