Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Azərbaycan AİHM qərarlarının icrası baxımından ən pis nəticəyə sahibdir - AVROPA ŞURASI RƏSMİSİ
Azərbaycan AİHM qərarlarının icrası baxımından ən pis nəticəyə sahibdir - AVROPA ŞURASI RƏSMİSİ8-04-2023, 13:24. |
Avropa Şurası aprelin 6-sı Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının üzv dövlətlər tərəfindən icrasına dair illik hesabatını açıqlayıb. Civilazerbaijan.com bildirir ki, hesabata əsasən, Azərbaycan Avropa Məhkəməsi qərarlarını ən pis icra edən Avropa Şurası ölkəsidir. Azərbaycan Avropa Şurasına üzv olmasından bəri Məhkəmənin çıxardığı qərarların cəmi 24 faizini (90 qərar) icra edib. Avropa Məhkəməsinin icra edilməyən ümumilikdə 6112 qərarının 285-i (6%) Azərbaycanın payına düşür. Azərbaycanla bağlı icrasını gözləyən qərarların sayı 2021-ci ildə 271, 2020-ci ildə isə 235 olub. Avropa Şurasının Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Kler Ovi Amerikanın Səsinin mövzu ilə bağlı sorğusuna cavab olaraq qeyd edib ki, Azərbaycanda Məhkəmə qərarlarının icrasının reallaşdırılması ilə bağlı ciddi problemlər var. “Təəssüf ki, Azərbaycan Məhkəmə qərarlarının icrası baxımından ən pis nəticəyə sahibdir. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin haqqında çoxlu qərar çıxardığı ölkələrdən biridir. Qeyd etməliyik ki, Azərbaycanda qərarların icrasının reallaşdırılması istiqamətində ciddi problemlər var. Biz lazım olan məlumatları əldə etməkdə çətinliklərlə qarşılaşırıq. Eyni zamanda Məhkəmə qərarlarının icrası üçün zəruri olan addımların atılmasında problemlər var”, o bildirib. 2022-ci ildə Azərbaycanla bağlı daha 49 iş Avropa Şurası Nazirlər Komitəsinin nəzarət proseduruna daxil edilib. Hazırda Komitənin nəzarətində olan 285 işin 53-ü aparıcı işlər, yerdə qalanı isə təkrarlanan işlərdir. Aparıcı işlər Azərbaycanda ciddi insan hüquqları pozuntularının aşkarlandığı, qərarların icra edilməsi üçün köklü islahatların tələb edildiyi işlərdir. Bu sırada siyasi fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin siyasi motivli həbsləri, ifadə azadlığının, birləşmək və toplaşmaq azadlığının pozulması ilə bağlı işlər yer alır. İl ərzində Azərbaycanla bağlı ümumilikdə 35 qərar isə icra edilmiş hesab edilərək qapadılıb. Bu qərarların 3-ü aparıcı, 32 təkrararlanan işlər üzrə çıxarılan qərarlar olub. Azərbaycan 2022-ci ildə ərizəçilərə ümumilikdə 986 min avro kompensasiya ödəyib. Bağlanan diqqətəlayiq işlərdən biri “Əzizov və Novruzlu Azərbaycana qarşı” işidir. Bu iş Konvensiyanın 18-ci maddəsinin pozuntusunun tanındığı Məmmədli qrupuna daxil olan işlərdən biridir. Ötən ilin sentyabrında Azərbaycan Ali Məhkəməsinin Plenumu onlar barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verib. 2022-ci ilin sentyabrında Nazirlər Komitəsi Ali Məhkəmənin qərarını alqışlayıb, ancaq Məmmədli qrupu üzrə digər işlərə də təcili baxılmasına və ərizəçilərə tam bəraət verilməsinə çağırıb. Kler Ovi qeyd edir ki, onlar Avropa Məhkəməsinin qərarlarının icrası üçün Azərbaycan hakimiyyəti ilə davamlı təmasdadırlar. “Biz Azərbaycanla sıx təmasdayıq. Həmkarlarım ötən il Bakıya səfər etmişdi. Pandemiya dönəmini çıxmaqla, demək olar, hər bu cür səfərlər olur. Təcrübələrimizə əsasən deyə bilərəm ki, Bakıda qərarverici şəxslərlə birbaşa görüşlərimiz Avropa Konvensiyasından irəli gələn tələbləri çatdırmağımız müəyyən nəticələrə gəlmək üçün ən yaxşı yoldur. Həmçinin, Azərbaycanla bağlı Avropa Şurasının Fəaliyyət Planı var. Fəaliyyət Planı üzv ölkələr tərəfindən və digər ianələr hesabına maliyyələşir. Fəaliyyət Planı çərçivəsində edilən köməyin, həyata keçirilən tədbirlərin əsaslı hissəsi həm də Avropa Məhkəməsinin qərarların icrası üçün zəruri olan addımların atılmasına fokuslanıb”, o bildirib. Ötən ilin oktyabrında “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” adlı yeni əməkdaşlıq layihəsinə start verilib. Layihə Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsini gücləndirmək, Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının digər müvafiq sənədlərinin vaxtında və səmərəli icrasını təmin etmək üçün ədliyyə sahəsində maraqlı milli tərəfdaşların potensialını inkişaf etdirmək məqsədi daşıyır. Azərbaycan tərəfi Məhkəmə qərarlarının icrası üçün tədbirlər görüldüyünü deyir Azərbaycan Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Şurası Nazirlər Komitəsinə bu ilin fevral ayında ünvanladığı Fəaliyyət Hesabatlarında qeyd edib ki, Azərbaycan hökuməti məhkəmə-hüquq sistemində islahatlar aparır, qanunvericiliyə dəyişikliklər edir, habelə, hüquq-mühafizə və prokurorluq orqanlarında maarifləndirmə işləri aparır. Onun sözlərinə görə, hökumət məsələ ilə bağlı məlumatlılığı artırmaq üçün əlavə tədbirlər müəyyən etmək və qəbul etmək niyyətindədir. Azərbaycan Ali Məhkəməsinin (keçmiş) sədri bu ilin yanvar ayında Strasburqda Avropa Şurası rəsmiləri ilə görüşündə Avropa Konvensiyasına və qərarların icrasına dair öhdəliklərini bir daha vurğulayıb. Ali Məhkəmə sədri qeyd edib ki, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və insan hüquqlarının Konvensiyaya uyğun müdafiəsinə nail olmaq üçün Avropa Şurasının əməkdaşlıq proqramlarından faydalanmaq üçün bundan sonra da işlər aparılacaq. Andorra və Lüksemburq ən yaxşı nəticə göstərən ölkələrdir Hesabat əsasən, bütün üzv ölkələr üzrə ümumilikdə 6112 iş, o cümlədən 1299 aparıcı iş hələ tam icra edilməyib. 2022-ci ildə Məhkəmə tərəfindən 1459 yeni iş icrasına nəzarət üçün Nazirlər Komitəsinə verilib. İl ərzində 200-ü aparıcı iş olmaqla 800-ü il ərzində bağlanıb. İcra edilməyən qərarların əsas hissəsi (38%) Rusiya Federasiyasının payına düşür. Rusiya Ukraynaya təcavüzə görə 2022-ci ilin martında Avropa Şurasından xaric edilsə də, beynəlxalq hüquqa əsasən Avropa Məhkəməsinin qərarlarını yerinə yetirməyə borcludur. Avropa Şurasına üzr dövlətlər arasında Andorra və Lüksemburq Məhkəmə qərarlarının icrası üzrə ən yaxşı nəticə göstərən ölkələrdir. Hər iki ölkə qərarların hamısını icra edərək 100 faizlik nəticə göstərib. Üçüncü yerdə isə 97.41 faizlik göstərici ilə Avstriya gəlir Avropa Şurası Baş Katibi Mariya Peyçinoçiv Buriç üzv ölkələri AİHM qərarlarının icrası üçün daha ciddi siyasi iradə nümayiş etdirməyə çağırıb. “Avropada insan haqları konvensiyası tədricən insanların həyatını yaxşılığa doğru dəyişdi. Bu müsbət təsirin davam etməsi üçün üzv dövlətlərimiz hökmləri tam və ardıcıl şəkildə həyata keçirmək üçün siyasi iradə nümayiş etdirməlidir”, o vurğulayıb. Geri qayıt |