Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Video / Manşet > Yerevanda Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb - VİDEO
Yerevanda Avropa çempionatının açılışında Azərbaycan bayrağı yandırılıb - VİDEO15-04-2023, 15:00. |
Aprelin 14-də Ermənistanın paytaxtı Yerevanda Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını onu zala gətirən qızın əlindən alaraq yandırıb. Civilazerbaijan.com bildirir ki, bir qədər sonra onun dizayner Aram Nikolyan olduğu aydınlaşıb. AzadlıqRadiosu erməni xidmətinin verdiyi məlumata görə, polis həmin şəxsi saxlayıb və bir neçə saatdan sonra sərbəst buraxılıb. Azərbaycan Xarici İşlər Nazirliyi Yerevanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında baş verən insidenti pisləyib və günahkarların cəzalandırılmasını tələb edib. "Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!"- Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün “Twitter” səhifəsində yazıb. Ağır atletika üzrə Avropa çempionatının açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra Bakı azərbaycanlı idmançıların təhlükəsizliyinə təhdidlərə görə onları yarışdan çıxarmaq qərarına gəlib. Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir. "14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılışı mərasimində Azərbaycan bayrağı rəsmi akkreditə edilmiş şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb", - sənəddə qeyd olunur. Bəyanatda diqqət ona yönəldilir ki, bayraq Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə və tamaşaçıların alqışları altında yandırılıb. Bu aktı törətmiş şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrət, rasizm, ksenofobiya, azərbaycanofobiya hallarının bariz nümunəsidir ki, bu da xalqlar arasında sülhü və qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsədinin prinsiplərinə tamamilə ziddir. "İdmanın siyasiləşdirilməsi qəti şəkildə yolverilməzdir", - bəyanatda deyilir. “Ermənistanda belə nifrət atmosferinin hökm sürdüyü, təhlükəsizliyin təmin olunmadığı bir şəraitdə azərbaycanlı idmançıların yarışlarda normal iştirakı psixoloji təzyiq səbəbindən mümkün deyil. Bütün bunları nəzərə alaraq Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz qayıdışını təmin etməlidir", - Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bəyanatında bildirilir. Onlar beynəlxalq birliyi, beynəlxalq idman təşkilatlarını "bu barbar hərəkəti kəskin şəkildə pisləməyə" çağırırlar. "Biz həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, baş verən hadisə Ermənistanın beynəlxalq idman yarışları keçirməyə, idmançıların təhlükəsizliyini təmin etməyə qadir olmadığını göstərir", - bəyanatın sonunda deyilir. Azərbaycan teleqram- kanallarının məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvlərinə Yerevan-Antalya reysinə biletlər alınıb, lakin erməni güc qurumları təhlükəsizliyə təhdid bəhanəsilə idmançıları faktiki olaraq girov götürərək buraxmır. Azərbaycanın Baş Prokurorluğu ölkə bayrağının Ermənistanda yandırılması faktı ilə bağlı cinayət işi başlayıb. Bu barədə aprelin 15-də qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda Cinayət Məcəlləsinin "zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması", "qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması" və "Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər" maddələri ilə iş açıldığı bildirilir. Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra üçüncü dəfədir ki, Ermənistanda keçirilən beynəlxalq idman yarışlarında iştirak edir. 2009-cu ildə Azərbaycan cüdoçusu Yerevanda gənclər arasında keçirilən cüdo çempionatının qalibi olub. 2014-cü ildə Azərbaycanın kamandan oxatma komandası Ermənistanda keçirilən yarışlarda iştirak edib. Ermənistan idmançıları da üç dəfə Azərbaycanda keçirilən idman yarışlarında iştirak ediblər. Geri qayıt |