Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycan media nümayəndələri Konstitusiya Məhkəməsinə müraciət ediblər

Azərbaycan media nümayəndələri Konstitusiya Məhkəməsinə müraciət ediblər


4-05-2023, 12:30.
title}


Mayın 3-də Azərbaycanda fəaliyyət göstərən müstəqil media nümayəndələri Beynəlxalq Mətbuat Azadlığı Günü Konstitusiya Məhkəməsinə müraciət ediblər.

Civilazerbaijan.com
bildirir ki, “Arqument.az”, “Abzas Media” və “24saat.org” saytının rəhbərləri "Media haqqında" qanunun Avropa İnsan Hüquqları Konvensiyasına, Azərbaycan Konstitusiyasına zidd olduğunu bəyan ediblər.

“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Amerikanın Səsinə bildirib ki, qanun gündəmə gətiriləndə etiraz ediblər, lakin qanun yenə də qəbul olunub: “Biz bilirdik ki, qanun olduqca mürtəce bir qanundur. Azərbaycanda söz azadlığı ilə bağlı daha ciddi problemlər yaradacaq”.

Jurnalist bildirib ki, məhkəmədən qanunun tətbiqinin dayandırılmasını və Milli Məclisə qanunun Konstitusiyaya uyğunlaşdırılmasını tövsiyə etməsini də xahiş edib.

“Hesab edirəm ki, bu kütləvi xarakter daşılmalıdır. İfadə və mətbuat azadlığına hörmət edən hər bir jurnalist bu qanunla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Media Agentliyi bu qanunu rəhbər tutaraq mediaya ciddi məhdudiyyətlər qoyacaq”, deyə baş redaktor bildirib.

“24saat.org” saytının baş redaktoru Vüqar Ələkbərov Azərbaycanda söz və media azadlığının mövcud vəziyyətinə adekvat olaraq bu addımı atdığını bildirib: “70 səhifədən ibarət şikayət ərizəsində şikayətdən əlavə Venesiya Komissiyasının “Media haqqında” Qanuna verdiyi rəy, o cümlədən, Avropa Şurası Nazirlər Komitəsinin "Xədicə İsmayılova qrupunun Azərbaycana qarşı" işində çıxardığı Qətnaməsi yer də alır”.

NƏ BAŞ VERİB?

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun" parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qanunu təsdiqləməsilə qüvvəyə minib. Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur. Reyestrin aparılması qaydaları prezidentin 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib.

Azərbaycanda müstəqil jurnalistlər və media sahəsinin mütəxəssisləri düşünür ki, "Media haqqında" Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir. Qanunun qəbulu, təsdiqi ərəfəsində də müstəqil jurnalistlər buna etirazlarını bildirib, hətta iki dəfə Milli Məclisin önündə etiraz aksiyası keçiriblər.

Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı 21-ci Dünya Mətbuat Azadlığı İndeksi ilə bağlı hesabatda mətbuatla bağlı 180 ölkədəki vəziyyəti qiymətləndirib. Azərbaycan sıralamada 180 ölkə arasında 151-ci yerdədir.

Azərbaycan rəsmiləri isə beynəlxalq təşkilatların hesabatları ilə razı deyil. Bu kimi hesabatların həqiqətəuyğun olmadığını və qərəzli olduğunu bildirirlər.
Geri qayıt