Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > AZTV əməkdaşlarının Fransada hücuma məruz qaldığını bildirir

AZTV əməkdaşlarının Fransada hücuma məruz qaldığını bildirir


29-06-2023, 17:21.
title}


Azərbaycan Televiziya və Radio Verilişləri (AZTV) Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Televiziyasının müxbiri Kamil Balakişiyevin və operatoru Oqtay Qasımovun iyunun 28-də Fransanın Nanter qəsəbəsində hücuma məruz qaldığını bildirib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AZTV-nin yaydığı bəyanatda deyilir.

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, Azərbaycan Televiziya və Radio Verilişləri QSC iyunun 29-da yaydığı bəyanatda deyilir.

AZTV-nin İnfromasiya Proqramları Studiyasından Amerikanın Səsinə bildiriblər ki, əməkdaşlar Nanter qəsəbəsindəki aksiya nəticəsində yaranan durumu çəkərkən onlara hücum olub.

“Hücum edənlər 6-7 nəfər olub. Onlar kameramana hücum edib və onu yerə yıxaraq kameranı zorla əlindən alıblar. Bu zaman əməkdaşlar kameranı qaytarmaq üçün onları təqib edib. Hücumçular tapança ilə əməkdaşları hədələyərək Nanter qəsəbəsini tərk etmələrini tələb edib. Əməkdaşlarımız hücumun soyğunçuluq məqsədi daşımadığı fikrindədir”, İnformasiya Proqramları Studiyasının direktoru Vəli Əkbər Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfriliyi jurnalistlərin hücuma məruz qalmasının araşdırılması məqsədi ilə Nanter qəsəbəsinin polisinə müraciət edib.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon (Anne Boillon) tvitter hesabında bildirib ki, Fransada AZTV televiziya komandasına edilən hücuma görə çox təəssüflənir.

“Ümid edirəm ki, bu əməlləri törədənlər tutulacaq”, səfir qeyd edib.

Xatırladaq ki, Fransanın Paris ətrafındakı Nanter qəsəbəsində yol polisinin əmrinə tabe olmayan 17 yaşlı qaradərili yeniyetmənin öldürülməsindən sonra ölkədə etirazlar başlayıb.
Geri qayıt