Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Samvel Babayandan Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəkləməsi haqqında AÇIQLAMA

Samvel Babayandan Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəkləməsi haqqında AÇIQLAMA


3-07-2023, 14:39.
title}


Qarabağda separatçı rejimin nüfuzlu xadimlərindən biri olan Samvel Babayan "qarşılıqlı etimad yaratmağa çalışmaq üçün" Xankəndi və Bakı arasında birbaşa danışıqları dəstəkləyib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə "Radio Azatutyun" məlumat verib.

"Stepanakert (Xankəndi) və Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı etimad yaratmağa çalışmaq, müxtəlif sadə məsələlərdə razılıq əldə etmək lazımdır, insanlar sakit və normal yaşamalıdır. Bundan sonra ikinci mərhələyə - status və digər qalan məsələlərə keçərik", deyə Babayan "Radio Azatutyun"un efirində bildirib.

"Qarşılıqlı etimad yoxdursa, sizi inandırıram ki, biz 30 il danışıqlar apardıq və heç nəyə nail olmadıq. Daha 30 il danışıqlar aparsaq da, heç nəyə nail olmayacağıq. Azərbaycan nə qədər Rusiyanı burdan mümkün qədər tez çıxarmağa çalışsa da, - ki, onun məqsədi budur, - qarşılıqlı etimad olmasa, buna nail olmayacaq", deyə o, sözünə davam edib.

Onun fikrincə, Bakının məqsədi "bizim bir-birimizlə dərhal ikitərəfli münasibət qurmağımızdan ibarətdir". "Mən "Arsaxın" ikinci siyasi qüvvəsi olaraq buna etiraz etmirəm. Amma ilk növbədə hansı maddələr üzrə danışıqlar aparacağımıza dair sənəd hazırlamalıyıq, sonra digər məsələlərə keçməliyik. Düşünürəm ki, onların bütün addımları birbaşa danışıqlar prosesinə nail olmağa yönəlib", deyə Babayan bildirib.

Beləliklə, Babayan separatçı rejimin Bakı ilə danışıqlar üçün siyasi şərt irəli sürən, daha dəqiq isə Qarabağın ermənilər məskunlaşan hissəsinin Azərbaycanın tərkibinə daxil olmasını qəti istisna edən rəhbərlərindən bir qədər fərqli mövqe nümayiş etdirib.

Rəsmi Bakı Qarabağ erməniləri ilə "status" haqqında bütün danışıqları qəti şəkildə rədd edir və yalnız regionun Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiyası məsələlərini müzakirə etməyə hazırdır.

Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və Azərbaycan şəhərlərinin və rayonlarının işğalında iştirak edib. Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbs edilib, azad edildikdən sonra isə Ermənistana gedib, Turanın məlumatında qeyd olunur.

2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəal siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. Hazırda "Vahid Vətən" partiyasına rəhbərlik edir.
Geri qayıt