Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet > Qərb mediası BMT müzakirələri öncəsi Qarabağda vəziyyət barədə nə yazır? - İCMAL
Qərb mediası BMT müzakirələri öncəsi Qarabağda vəziyyət barədə nə yazır? - İCMAL16-08-2023, 12:32. |
BMT Təhlükəsizlik Şurası Ermənistanın xahişi ilə Laçın yolundakı vəziyyəti müzakirə etmək üçün fövqəladə sessiya keçirəcək. Yerevan Bakını Laçın yolunu “tamamilə bağlamaqda” və ərazidə humanitar vəziyyətin yaranmasında ittiham edir. Bakı təkid edir ki, onun separatçı bölgəsi ilə əlaqə Azərbaycanın Ağdam şəhəri üzərindən qurula bilər. Civilazerbaijan.com bildirir ki, BBC-nin məlumatına görə, tərəflərin mübahisələri fonunda dünya mediası Qarabağda yaranan vəziyyət haqqında yazır. BMT-dəki müzakirələr ərəfəsində Britaniyanın The Telegraph qəzeti Stepanakert/Xankəndidə vəziyyəti təsvir edir. Məqalədə deyilir ki, şəhərdə çəkilən şəkillərdə boş mağaza rəfləri, bağlı yanacaqdoldurma məntəqələri və çörək almaq üçün gözləyən insanların növbələrini görmək olar. “Yerli tərəvəz hələ də bazarlarda olsa da, onların qiyməti qalxıb”, qəzet yazır. Qarabağ sakinləri aclıqdan qorxduqlarını deyirlər, nüfuzlu The Financial Times qəzetinin son məqaləsində qeyd olunur. Yazıda deyilir ki, yerli hakimiyyət körpələr və hamilə qadınlar arasında qida çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. Ermənistan ötən ay Qarabağa humanitar yardım aparan maşın karvanı göndərib. Lakin həmin maşınlar Azərbaycanın nəzarət-buraxılış məntəqəsində dayandırılıb, deyə Britaniya nəşri davam edir. Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov bildirir ki, Bakı Azərbaycanın Ağdam şəhəri vasitəsilə yardım və təchizat göndərməyi təklif edib, lakin Dağlıq Qarabağ sakinləri bundan imtina ediblər. “Onlar Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etmək istəmirlər, problem budur. Bu, humanitar problem deyil, çünki onu 10 dəqiqəyə həll etmək olar . . . Bu, süni böhrandır”, - The Financial Times-da Azərbaycan diplomatının sözləri iqtibas olunur. Almaniyanın Deutsche Welle (DW) saytı yazır ki, “Stepanakertdə (Xankəndi) mağazalar hələ də açıqdır, amma piştaxtalar boşdur”. Məqaləyə görə, şəhərdə ərzaq, dərman, təmizlik ləvazimatlarından tutmuş yanacağa kimi hər şey çatışmır. Aljazeera saytı Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Marqaryanın məktubuna istinad edir. BMT Təhlükəsizik Şurasının başçısına müraciət edən diplomat ermənilərin məskunlaşdığı ərazidə ərzaq, dərman və yanacağın “ciddi qıtlığını”, həmçinin elektrik və qaz təchizatının kəsilməsini qeyd edir. “Ərzaq, dərman və yanacaq daxil olmaqla, zəruri malların kəskin çatışmazlığı 2023-cü il iyunun 15-də Azərbaycanın Dağlıq Qarabağı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizini tamamilə bağlayandan sonra kəskinləşib”. ABŞ-ın Associated Press informasiya agentliyi yazır ki, Mher Margaryan Azərbaycanı atəşkəs razılaşması və beynəlxalq humanitar hüququ, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozmaqda ittiham edirsə, Azərbaycan öz növbəsində Ermənistanı ərazi bütövlüyü və suverenliyini pozmaqda, habelə Qarabağa qaçaqmalçılıq yolu ilə silah keçirməkdə təqsirləndirir. Bu arada Türkiyənin ingilisdilli Daily Sabah nəşri ölkənin Xarici İşlər Nazirliyinə istinadən Azərbaycanın mövqeyini dəstəkləyir. "Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır". Vasitəçilər arasında ziddiyyətlər Gürcüstanın Netqazeti nəşri Azərbaycan-Ermənistan arasında davam edən mübahisəyə daha geniş baxış bucağından yanaşır. Nəşr burada əsas vurğulardan birini Qarabağda hərbi qüvvə kimi təmsil olunan Rusiyanın roluna edir. “Rusiya qoşunları bölgədəki vəzifələrini yerinə yetirə bilmir”, - qəzet yazır. "Rusiyadan belə asılılıq Ermənistan üçün təhlükəsizlik problemi yaradır. Çünki ruslar ərazidə qalarsa, Azərbaycan əraziyə nəzarətini gücləndirəcək, sülhməramlılar oradan çıxsa isə, Azərbaycan dərhal vəziyyətdən istifadə edib hərbi addımlar atacaq”, yazan Netqazeti Ermənistan “hər iki halda uduzacağı”nı qeyd edir. Netqazeti yazır ki, Azərbaycanın mövqeyi barədə “illüziyalara” qapılmamaq daha yaxşı olardı: o həm Rusiya, həm də Avropa üçün mühüm tərəfdaşdır. Qəzetə görə, belə bir şəraitdə Ermənistanın xarici siyasətində “Qərblə yaxınlaşmaq və yeni tərəfdaşlar tapmaq istəyini görə bilərik”. “[Rusiyanın rəhbərlik etdiyi] KTMT-nin [Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı] təlimlərini ləğv etmək və onun müşahidəçi missiyasından imtina etmək Ermənistanın siyasətindəki dəyişikliklərin yalnız bir hissəsidir”. Bu arada media sülh sazişi üzrə danışıqların da müxtəlif platformada keçdiyini qeyd edirlər. Bakı və Yerevan nümayəndələri atəşkəs sazişini davamlı sülhə çevirmək üçün Brüssel, Washington və Moskvada görüşürlər, DW yazır. İndiyədək təkcə Avropa İttifaqının vasitəçiliyi ilə 6 dəfə danışıqlar aparılıb. Rusiya bu prosesdə bir qədər mürəkkəb mövqeyə malikdir, çünki o, Ermənistanla yaxın hərbi əlaqələrə malik olsa da, “hər iki keçmiş sovet respublikası ilə, əlaqələr saxlayır”. Bundan əlavə, Rusiya Ermənistanın ikinci böyük şəhəri - Gümrüdə hərbi bazaya malikdir. BMT TŞ iclası haqqında yazan Rusiyanın İzvestiya qəzeti xatırladır ki, Moskva iyulun 15-də “təcili olaraq” Bakı ilə Yerevan arasında sülh müqaviləsi imzalamağa çağırıb. Beynəlxalq diplomatlar payıza qədər etibarlı razılaşmanın əldə oluna biləcəyini desələr də, hələ də aradan qaldırılmalı olan mühüm maneələr var, DW saytındakı təhlildə deyilir. Geri qayıt |