Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Təşkilatndan həmişəlik XARİC EDİLİB
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Təşkilatndan həmişəlik XARİC EDİLİB19-08-2023, 15:21. |
Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) Azərbaycanı öhdəliklərini yerinə yetirmədiyi üçün qurumdan həmişəlik xaric edib. Civilazerbaijan.com bildirir ki, OGP-in avqustun 17-si yaydığı məlumata görə, Azərbaycan hökuməti qurumun 2018-ci ildə ünvanlandığı tövsiyələrə əməl etməyib, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etmək üçün zəruri olan islahatları həyata keçirməyib. “Biz Azərbaycanın Tərəfdaşlıqda qalma şərtlərini yerinə yetirə bilmədiyini, vətəndaş cəmiyyəti üçün şərtlərin hələ də ağır olduğunu görməkdən çox məyusuq. Azərbaycan artıq Tərəfdaşlığın üzvü olmasa belə, biz açıq hökumət prinsiplərinə sadiq olan hökumət və vətəndaş cəmiyyətindəki islahatçıları dəstəkləməyə hazırıq”, Açıq Hökumət Tərəfdaşlığının baş icraçı direktoru Sanjay Pradhan bildirib. Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov deyir ki, OGP hansı sahələrdə problemlərin olduğunu, hansı məsələlərə dair islahatların aparılmasına dair Azərbaycan hökumətinə dəfələrlə çağırışlar etsə də, hökumət bu islahatları həyata keçirməyib. “Açıq Hökumət Tərəfdaşlığı dəfələrlə Azərbaycan hökumətinə mövcud problemlərin aradan qaldırılmayacağı təqdirdə ölkənin üzvlüyünün dayandırılacağı ilə bağlı çağırışlar edib. Hökumət də hər dəfə hansısa bir texniki irəliləyişi göstərməklə, əsas mahiyyətdən yayınırdı. Hər dəfə bunun çoxsaylı müzakirələri gedirdi. Onlar isə müstəqil QHT-lərlə, ekspertlərlə islahatların nə qədər gerçək olub-olmasını dəqiqləşdirirdilər. Bəlli olanda ki, hökumətin addımlarında heç bir fundamental dəyişiklik, struktural islahat və sistem dəyişikliyi yoxdur, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericilik dəyişməyib, fəaliyyət mühitini yaxşılaşdıran heç bir nəzərəçarpacaq addım atılmayıb, Azərbaycanın üzvlüyünü dayandırmağa qərar verdilər”, Akif Qurbanov vurğulayıb. Azərbaycan 2011-ci ildə OGP-yə üzv olaraq ictimai xidmətlər, açıq məlumatlar və fiskal şəffaflıq kimi sahələrdə təkmilləşdirmə aparmaq üçün fəaliyyət planları təqdim edib. Ancaq 2014-cü ildə QHT-lərlə bağlı qanunvericiliyin və fəaliyyət mühitinin məhdudlaşdırılması, vətəndaş cəmiyyəti üzvlərinə qarşı təzyiqlər və həbslərə görə OGP 2016-cı ildən bəri Azərbaycanın üzvlüyü müvəqqəti dayandırıb və QHT-lərin sərbəst fəaliyyətinin bərpası üçün hökumətə tövsiyələr və fəaliyyət planları ünvanlayıb. Azərbaycanın irəli sürülən tövsiyələri yerinə yetirməsi üzrə davamlı monitorinqlər aparan OGP 2018-ci ildə vəziyyətlə bağlı yenidən qətnamə qəbul edərək “vətəndaş cəmiyyətinin fəaliyyət mühitində azsaylı təkmilləşmələr olsa da, Azərbaycan hökuməti tövsiyələri hərtərəfli həll edəcək sistematik dəyişikliklər və ya islahatları həyata keçirmədiyini” qeyd edib və Azərbaycana yenidən vaxt verib. Son olaraq OGP bu ilin may ayında dərc etdiyi hesabatda Azərbaycanın götürdüyü öhdəlikləri bir daha yerinə yetirmədiyini vurğulayıb. “Tələb olunan addımlar 2013-2014-cü illərdə qanunvericiliyə edilən məhdudlaşdırıcı dəyişiklərin ləğv olunması idi. Hökumət isə bunu özünün siyasi maraqlarına ciddi təhlükə kimi görür. Vətəndaş cəmiyyətinin güclənməsini, geniş miqyasda fəaliyyət göstərməsini istəmir və vətəndaş cəmiyyətini mümkün qədər yandaş cəmiyyətə çevirmək istəyir. Buna razı olmayanları isə marjinallaşdırmağa, fəaliyyətini məhdudlaşdırmağa çalışır”, Akif Qurbanov əlavə edib. 75 ölkə və 104 yerli hökuməti, o cümlədən minlərlə qeyri-hökumət təşkilatını bir araya gətirən OGP hökumətlərin daha açıq, inklüziv və hesabatlı fəaliyyətini qurmaq istiqamətində çalışır. Akif Qurbanov deyir ki, Azərbaycanın bu prosesdən kənarda qalması mənfi imic yaratmaqla bərabər, ölkənin inkişafına xidmət edə biləcək fürsətlərin itirilməsinə gətirib çıxarır. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin rəhbəri Anar Məmmədli isə qeyd edib ki, “bu qərarın verilməsində son bir ildə artan siyasi repressiyalar, o cümlədən Qubad İbadoğlunun qondarma ittihamlarla həbsi rol oynayıb”. Məsələ bağlı Turan agentliyinə danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa bildirib ki, Azərbaycanın bu tipli təşkilatlardan uzaqlaşdırılması əslində yaxşı hal deyil: “Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatlarla əlaqəmiz qırılmasın”. O hesab edir ki, Azərbaycanın OGP-də iştirakının dayanmasının ölkəyə xüsusi təsiri olmayacaq. “Çünki biz dövlət olaraq bu cür təzyiqlərlə tez-tez üzləşirik. Amma QHT-lərin olması bizim öz daxili siyasətimiz üçün lazımdır”, o bildirib. Amerikanın Səsinin məlumatında qeyd olunur ki, rəsmi Bakı hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların qorunduğunu, vətəndaş cəmiyyətinin, o cümlədən medianın sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını bildirir. Geri qayıt |