Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Rusiya Qızıl Xaç Komitəsinin Qarabağ ermənilərinə göndərdiyi yardım TIR-ı Xankəndindədir

Rusiya Qızıl Xaç Komitəsinin Qarabağ ermənilərinə göndərdiyi yardım TIR-ı Xankəndindədir


12-09-2023, 12:36.
title}


Rusiya Qızıl Xaç Komitəsinin (RQXC) Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinə göndərdiyi yardım TIR-ı çərşənbə axşamı Xankəndiyə çatıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Armenpress məlumat yayıb.

Yardım şənbə günü Azərbaycana daxil olsa da, bu günə qədər Bərdədə gözləməli olmuşdu.

Separatçı Dağlıq Qarabağ rəhbərliyi yaydığı bəyanatda vurğulayıb ki, Rusiya mənşəli yardımın əraziyə girişinə icazə veriblər və yardım "Rusiya istehsallı zəruri ərzaqdır", Armenpress yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyi BQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini "bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş" kimi qiymətləndirib". Bu haqda qurumun çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Azərbaycan XİN qeyd edir ki, Azərbaycan BQXK vasitəsilə Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə razılıq verib.

“Lakin bu razılığın həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir”, Azərbaycan XİN bildirir.

Rəsmi Bakı bir daha bəyan edir ki, “Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə, BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”.

Daha əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X (Twitter) hesabında yazıb ki, Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Əsgəran yolu ilə Xankəndiyə aparacağı yardımla bağlı razılaşma BQXK-nin yardımı üçün "Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda “açılması təklifi ilə qarışdırılmamalıdır".

“Rus sülhməramlılarının müvafiq icazəsi ilə Rusiya Qızıl Xaç Komitəsinin yük avtomabili bu gün səhər saat 07:00 radələrində Xankəndiyə yola düşüb”, - Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev çərşənbə axşamı BBC Azərbaycancaya bildirmişdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağ erməniləri üçün apardığı 40 tonluq yardım TIR-larının isə 15-ci gündür ki, Ağdam- Xankəndi yolunda gözlədiyini deyən Ceyhun Mirzəyev BBC-yə onu da deyib ki, hazırda onlar vəziyyəti öyrənmək üçün Rusiya Qızıl Xaç Komitəsi nümayəndələrinin geri qayıtmasını gözləyirlər:

“Yəqin ki, günorta saat 2-yə qayıdarlar. Biz də Qarabağda vəziyyətin necə olduğunu öyrənmək üçün onların qayıtmasını gözləyirik”.

Rusiya Qızıl Xaç Komitəsinin şənbə günündən Xankəndiyə göndərdiyi yardım TIR-ı çərşənbə axşamına qədər Bərdədə Ağdam-Xankəndi yolu ilə hərəkət etmək üçün müvafiq icazə gözləyib.

Azərbaycanın rəsmi informasiya agentliyi Azərtac bazar ertəsi iddia edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXC) Rusiya Qızıl Xaç Cəmiyyətinə "təzyiqi nəticəsində humanitar yük Bərdə şəhərində ləngiyib".

BQXC yaydığı açıqlamasında bu iddianı təkzib edərək Rusiya Qızıl Xaç Cəmiyyətinin əraziyə humanitar yardım daşımasına əngəl olmadıqlarını və ya siyasi məsələlərə müdaxilə etmədiklərini bildirib.

"Humanitar yardımın həyata keçirilməsi barədə qərarın verilməsi tərəflərin iradəsindən asılıdır", - BQXC-ln yaydığı açıqlamada deyilir.

Bundan əvvəl, separatçı Dağlıq Qarabağ Respublikası rəhbərliyinin yaydığı bəyanatda bildirilmişdi ki, Rusiyanın yardımı “Ağdam yolu ilə çatdırılacaq və eyni zamanda Laçın dəhlizi ilə humanitar tranzitin bərpasına dair razılıq əldə olunub”, Armenpress yazıb.

Bəyanatda vurğulanıb ki, “DQR” Rusiya mallarının Əsgəran şəhəri vasitəsilə bölgəyə daxil olmasına “icazə vermək qərarına” gəlib.

ABŞ rəsmiləri Azərbaycanı Laçın dəhlizi ilə Ağdam-Xankəndi yolunu eyni vaxtda açmağa çağırmış, rəsmi Bakı buna müsbət cavab vermişdi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev şənbə günü X (Twitter) hesabında həm də bildirmişdi ki, bazar günü Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Komitəsinin ərzaq yükü Ağdam-Əskəran yolu ilə Xankəndiyə gedəcək:

“Amma bu, ayrı razılaşmadır. Beynəlxalq Qızıl Xaç Komitəsinin [ərzaq yardımının] çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasının təmin edilməsinə “xoş niyyətlə” razılaşmışdı, amma qanunsuz rejim bundan imtina etmişdi”.

Hikmət Hacıyev əlavə edib ki, bununla belə, Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır, BBC-nin məlumatında qeyd olunur.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər. Rəsmi Bakı Laçın yolunun bağlı olmadığını bəyan edib və humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.
Geri qayıt