Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > İlham Əliyev: Azərbaycan Avropa İttifaqının üzvü olmağı hədəfləmir

İlham Əliyev: Azərbaycan Avropa İttifaqının üzvü olmağı hədəfləmir


6-12-2023, 14:53.
title}


"Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir. Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir".

Civilazerbaijan.com
bildirir ki, bu fikirləri prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda səsləndirib. Amma prezident səbəbi göstərməyib.

"Biz real dünyada yaşayırıq, virtual dünyada deyil. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq", - o əlavə edib.

Azərbaycan Aİ ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) bu qurum ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

Azərbaycanın aparıcı müxalifət partiyaları isə hesab edir ki, ölkə Avropa İttifaqına üzvlüyü prioritet olaraq qarşısına qoymalıdır. Müxalifət liderlərinin fikrincə, Azərbaycanın indiyə kimi Aİ ilə saziş imzalamaması onun gerçək islahatlardan qaçması, demokratiya və insan hüquqları ilə bağlı problemləri çözmək istəməməsindən irəli gəlir.

"Mümkün yeni görüşü müzakirə edirik"

Prezident əlavə edib ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan (Aİ Şurasının prezidenti) Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik".

Azərbaycanla Ermənistan arasında Aİ və Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlar son aylar dayanıb. Rəsmi Bakı Aİ vasitəçiliyi ilə gerçəkləşən son iki görüşdən imtina edib. Bunu prosesə Fransa və Almaniyanın qoşulduğu halda, Türkiyənin qoşulmasına imkan verilməməsi ilə izah edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt