Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Şahin Rzayev etiraf edib ki, həbsinin səbibi sosial şəbəkədə paylaşdığı "ikibaşlı" post olub

Şahin Rzayev etiraf edib ki, həbsinin səbibi sosial şəbəkədə paylaşdığı "ikibaşlı" post olub


17-01-2024, 14:59.
title}


Yanvarın 15-də "xuliqanlıq" ittihamı ilə 15 gün müddətinə həbs edilən və üç gün sonra gözlənilmədən azad edilən jurnalist Şahin Rzayev başına gələnlərin səbəbini açıqlayıb.

Civilazerbaijan.com
Turana istinadla bildirir ki, o öz Facebook səhifəsində belə yazıb: "əsl səbəb mənim bir ehtiyatsız "ikibaşlı" yazdığım post idi. (artıq silinib). Səhv anlaşılmışdı, mən tam əksini nəzərdə tutmuşdum. Öz günahımdır, gərək daha dəqiq ifadə edərdim fikrimi".

Jurnalist bu postun nə haqqında olduğuna dəqiqlik gətirmir, lakin bu yazını oxuyanlar orada birinci şəxsin tənqid olunduğunu iddia edirlər.

Jurnalist bildirir ki, onun bu nəşri "kiçik xuliqanlıq" kimi qiymətləndirilib.

"Etdiyim "kiçik" xuliqanlıq məhz həmin qarşılıqlı razılığın nəticəsi idi və mən protokolu könüllü imzalamışam. Sadəcə, İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 50-100 manat cərimə nəzərdə tutulduğu halda mənə gözlənilmədən 15 sutka hökm oxundu. Ona görə də apellyasiya verdim (vəkilsiz) və cəza 50 manata endirildi. Sağ olsunlar, görünür, iki gündə mənim düşmən olmadığımı yoxlayıb düzgün nəticə çıxarıblar".

"Tutulma prosesi çox bərbad hazırlanmışdı. "Qorotdel"dən üç pəhlivanın küçəmizdə pusqu qurub məni güdməyə, qollarımı burub maşına soxmağa nə ehtiyac var idi?

Binəqədi Təcridxanasından ümumiyyətlə, razı ayrıldım. Kameralar səliqəli, təmirli, isti, yeməklər babat idi. Nəzarətçilər də gözlədiyimdən daha nəzakətli davranırdı (ola bilər mənimlə digər dustaqlarda fərq qoyurdular, istisna etmirəm). Yeganə "işgəncə" bekarçılıq idi. Nə qədər "Xəzər TV"yə baxmaq olar? (nədənsə, yalnız bu kanala icazə var). Oxumağa kitab tapmadım.

Daha çox detal yazmağa ehtiyac duymuram, hər halda xoşbəxt son ilə bitən bir macəra kimi yadda qalacaq", deyə Şahin Rzayev yazır.
Geri qayıt