Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > ABŞ və Britaniya səfirləri Bakıda Hüseyn Cavidin abidəsi önündə Navalnını anıblar

ABŞ və Britaniya səfirləri Bakıda Hüseyn Cavidin abidəsi önündə Navalnını anıblar


20-02-2024, 14:46.
title}


ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirləri bu gün Bakıda Hüseyn Cavidin abidəsi önündə bir neçə gün əvvəl Rusiyada həbsxanada vəfat etmiş Aleksey Navalnının xatirəsini anıblar.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Britaniya səfiri Fergus Auld özünün sosial media hesabında məlumat yayıb.

"Bu gün ABŞ səfiri Mark Libbi ilə birgə, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum", - Auld açıqlamasında qeyd edib.

ABŞ səfiri Facebook-dakı səhifəsində həlak olan müxalifətçinin ailəsinə başsağlığı verib: "Aleksey Navalnının həyat yoldaşına və ailəsinə dərin hüznlə başsağlığı verirəm. Bütün dünyada azadlıqsevərlər onun cəsarətini unutmayacaqlar".

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının Yamalo-Nenets rayonunun Xarp kəndindəki koloniyada öldüyü barədə açıqlama yayıb.

47 yaşlı siyasətçinin ölümündən sonra Rusiya miqyasında insanlar onu anmaq üçün küçələrə çıxıb. 400-dən çox insanın polis tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb.

Prezident Vladimir Putinin ən qatı müxalifi hesab olunan Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.

Xatırladaq ki, Hüseyn Cavidin abidəsi önündə Navalnının fotoşəkli və çiçəklər ilk dəfə fevralın 19-da qoyulub.
Geri qayıt