Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Azərbaycanda jurnalistlərin təqibi - Avropa Şurası Platformasının MƏRUZƏSİ

Azərbaycanda jurnalistlərin təqibi - Avropa Şurası Platformasının MƏRUZƏSİ


5-03-2024, 15:53.
title}


Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Media Nümayəndələrinin Təhlükəsizliyi Platforması "Avropada mətbuat azadlığı: vəziyyəti dəyişdirməyin vaxtıdır" başlıqlı illik hesabatı dərc edib.

Civilazerbaijan.com
bildirir ki, Beynəlxalq jurnalistika təşkilatları - Avropa Şurasının tərəfdaşları tərəfindən hazırlanmış 100 səhifəlik məruzə martın 5-də Yunanıstanın Selanik şəhərində keçirilən mətbuat konfransında təqdim edilib.

Məruzədə "2023-cü ildə KİV azadlığı sahəsində on beş QHT tərəfindən dərc edilmiş xəbərdarlıqlar əsasında Avropa Şurasına üzv dövlətlərdə, Rusiya və Belarusda KİV azadlığına əsas təhdidlər" qiymətləndirilib, deyə Avropa Şurasının press-relizində bildirilir.

Məruzədə Azərbaycanda jurnalistlərin təqibi faktları da əksini tapıb.

Azərbaycan jurnalistlərin izlənilməsi üçün casus proqramlarından (Pegasus) istifadə olunan ölkələr (Fransa, Yunanıstan, Türkiyə, Macarıstan, İspaniya ilə birlikdə) arasında göstərilib.

Eyni zamanda, "nümayişlərin işıqlandırılması" zamanı polisin jurnalistlərə hücum etdiyi 8 hadisə yada salınır.

Azərbaycan "jurnalistlərin qətlinə görə cəzasızlıq" haqqında bölməyə də daxil edilib. Nümunə kimi jurnalist Elmar Hüseynovun və publisist Rafiq Tağının qətlinin üstünün açılmaması göstərilir.

Azərbaycanda jurnalistlər öz fəaliyyətlərini həyata keçirərkən qısamüddətli həbslərə məruz qalırlar. Xüsusən, 2023-cü ilin yayında Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin etirazlarından sonra polis yaşayış məntəqəsinə girişi məhdudlaşdırıb və jurnalistlərin işinə mane olub.

Hesabatda həmçinin Azərbaycanda jurnalistlərin "fəaliyyətlərinə görə qisas olaraq" inzibati həbslərə məruz qaldığı hallar qeyd olunur. Vüqar Məmmədovun ("Hürriyyət TV"), Nurlan Qəhrəmanlının (frilanser), Vəli Şükürzadənin (fotoreportyor) həbsləri bu silsilədəndir.

Məruzədə Abzas Media-nın "xarici valyuta qaçaqmalçlılığı" ittihamı ilə həbs edilmiş jurnalistlərinin işi də yada salınır.

Daha sonra Avropa Şurasında həbsdə olan jurnalistlərin və blogerlərin adları sadalanır. Bu siyahıda ümumilikdə 55 nəfərin adı var, onların 16-sı Azərbayandadır.

Siyahıda aşağıdakı şəxslərin adları var: Ərşad İbrahimov (dunyaninsesi.az saytı), Aslan Qurbanov (bloger), Əvəz Zeynallı (Xural.tv), Əziz Orucov (Kanal-13), Elnarə Qasımova (Abzas Media), Elnur Şükürov (Səda TV), Hafiz Babalı (Turan Agentliyi), İbrahim Şükürov (azerinof.az saytı), Məhəmməd Kekalov (Abzas Media), Nərgiz Absalamova (Abzas Media), Osman Nərimanoğlu (Demokratik.az saytı), Polad Aslanov (xeberman.com saytı), Rəşad Ramazanov (bloger), Sevinc Vaqifqızı (Abzas Media), Ülvi Həsənli (Abzas Media), Şamo Emin (Kanal 11).

Məruzədə Avropa Şurasına Azərbaycan və Türkiyəni "Avropa Şurasının Jurnalistlərin Təhlükəsizliyi Platforması ilə dialoqa qayıtmağa" çağırmaq tövsiyə olunur.

Müəlliflər Avropa Şurasına jurnalistlərin müdafiəsini və KİV azadlığını gücləndirən mexanizmlər işləyib hazırlamağı tövsiyə ediblər. Eyni zamanda, AŞ-a üzv dövlətlərin AİHM-nin qərarlarına riayət etməsini təmin etmək və ədalətsiz olaraq həbs edilənlərin dərhal azad edilməsinə nail olmaq üçün qətiyyətli davranmaq, jurnalistlərə qarşı təhdidlər haqqında məlumatları araşdırmaq və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə milli fəaliyyət planları qəbul etmək təklif olunur, Turanın məlumatında qeyd olunur.
Geri qayıt