Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə yeni ittiham verilib
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevə yeni ittiham verilib7-03-2024, 18:22. |
Keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin 6 illik həbs müddətinin başa çatmasına 47 gün qalmış ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. Civilazerbaijan.com bildirir ki, onun vəkili Rəsul Cəfərovun məlumatına görə, martın 4-də Binəqədi Rayon Məhkəməsi keçmiş deputat barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Vəkilin sözlərinə görə, Abdullayev əvvəlki ittihamlar kimi yeni ittihamları da təkzib edib. Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Yeni ittiham ilə Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. O, hazırkı iqtidarın tərəfdarlarından olub və onun yerli mediada müxalifətin etirazlarına qarşı sərt mövqe tuduğu barədə məlumatlar yayılıb. 2005-ci ildə Abdullayev parlamentin deputatı kimi fəaliyyətə başlayıb və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlamentin plenar iclasında deputat Fəzail Ağamalı ilə Abdullayev arasında yumruqlaşma olub. Bundan sonra Abdullayev cəzalandırılıb. O, əvvəlcə həbs edilib, sonra xuliqanlığa görə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 2013-cü ildə Abdullayev Azərbaycandan mühacirət edib. O, mühacirət dövründə hazırkı hakimiyyəti tənqid edib və bu yönümlü mahnılar bəstələyib. Bundan sonra ona qarşı vergi ittihamı ilə cinayət işi açılıb. Keçmiş deputat 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Abdullayayev Bakıda Cinayət Məcəlləsinin 192.2.2 (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 178.2.1, 178.2.2, 178.2.4 (fırıldaqçılıq), 182.2.1 (əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən hədələmə yolu ilə pul tələb etmə), 182.2.2 (eyni əməllər təkrar törədildikdə) və 182.2.4-cü (eyni əməllər, zərərçəkmişə böyük ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Amerikanın Səsinin məlumatına görə, 2020-ci ilin avqustunda Birləşmiş Millətlər Təşkilatının Özbaşına Həbslər üzrə İşçi Qrupu Hüseyn Abdullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb. Geri qayıt |