Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet > Bakıda "8 Marş-duruş sərgiləyirik" adlı piket keçirilib
Bakıda "8 Marş-duruş sərgiləyirik" adlı piket keçirilib8-03-2024, 17:24. |
Martın 8-də bəzi fəallar Bakının mərkəzində "8 Marş - duruş sərgiləyirik" adlı piket keçiriblər. Civilazerbaijan.com bildirir ki, aksiya iştirakçılarının məlumatına görə, polis sədd quraraq bir neçə fəalı piket yerinə buraxmayıb. Aksiyanın əvvəlində polis əməkdaşları plakatları cırıblar. Fəallar zorakılığa məruz qalan qadınlara mühafizə orderlərini qısa müddətdə, maneəsiz verməyə, qadınların sosial, iqtisadi azadlığını təmin etməyə çağırıblar, əlilliyi olan qadınlara diskriminasiyanı, erkən nikahları pisləyiblər. Onlar habelə həbsdə olan jurnalistlərə azadlıq tələb ediblər. Aksiya zamanı fəallar "Gender əsaslı zorakılığa son!", "Erkən nikahlara son!", "Meydanda da yan-yana, zindanda da yan-yana!", "Barışdırma, araşdır" və "Qızları qoru, gələcəyi qoru" şüarları səsləndiriblər. Aksiya zamanı saxlanılan olmayıb. Aksiyada yaşanan olaylara, orada səslənən fikirlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. AzadlıqRadiosunun məlumatına görə, martın 8-i, bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qadınlar Günü kimi rəsmi qaydada qeyd edilir. Geri qayıt |