Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Sağ xəbərlər > NATO-nun Baş katibi Azərbaycanda tərəfdaşlıq və regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ EDİB

NATO-nun Baş katibi Azərbaycanda tərəfdaşlıq və regional təhlükəsizlik məsələlərini MÜZAKİRƏ EDİB


18-03-2024, 16:11.
title}


Martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri başlayıb. NATO-nun Baş katibi Yens Stoltenberq səfəri çərçivəsində Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənovla, xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Civilazerbaijan.com
Amerikanın Səsinə istinadla bildirir ki, danışıqların əsas istiqamətləri Azərbaycan-NATO tərəfdaşlığının prespektivləri, hərbi əlaqələr, Azərbaycan-Ermənistan sülh danışıqları, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, COP 29 olub.

Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq təkbətək görüş keçirdikdən sonra mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Bu arada prezident Azərbaycan Ordusnun Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yada salıb.

Əliyev Ermənistanla aparılan sülh danışıqlarından danışarkən deyib ki, hazırda Ermənistanla sülh danışıqları fəal mərhələdədir.

“Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Təəssüflər olsun ki, işğal dövründə danışıqlar heç bir nəticə vermədi, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyətinin nəticəsi olmadı. Bu gün isə hesab edirəm və ümidvaram ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”, o qeyd edib.

Dövlət başçısı Baş katiblə enerji təhlükəsizliyi məsələsini də müzakirə etdiyini diqqətə çatdırıb.

“Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq”.

NATO Baş katibİ Yens Stoltenberq Azərbaycanın bir neçə NATO müttəfiqi ilə sıx əlaqələrini inkişaf etdirməsini alqışlayıb və ölkənin qazın çatdırılmasında, eləcə də gələcəkdə enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynayacağını bildirib. Bu arada o da Azərbaycan Ordusunun sülhyaratma əməliyyatlarında iştirakını qeyd edib.

Baş katib hesab edir ki, NATO-Azərbaycan tərəfdaşlığı təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir.

“Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir”.

Onun fikrincə, uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı var.

“Siz söylədiyiniz kimi, sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.

NATO-nun Baş katibi bəyanatında Rusiya-Ukrayna müharibəsinə də toxunub.

“Həmçinin qeyd etmək vacibdir ki, əgər daha geniş regiona nəzər salsanız, Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdır və NATO müttəfiqləri Ukraynaya dəstək göstərirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox zəruri olan humanitar yardımdan gedir, lakin daha çox dəstəyə ehtiyac var, çünki Ukraynadakı vəziyyət olduqca ağırdır”, o qeyd edfib.

Yens Stoltenberq Azərbaycanda keçiriləcək növbəti COP görüşünü təhlükəsiuzlik üçün vacib sayır.

“İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən burada - Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız”, o qeyd edib.

NATO-nun Baş katibi həmçinin X Platformasında Azərbaycanı əməkdaşlığı daha da gücləndirməyə çağırıb.

“Bakıda Azərbaycan prezidenti ilə görüşməyimdən məmnunam. Azərbaycan NATO-nun çoxdankı tərəfdaşıdır və mən tərəfdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözləyirəm. Cənubi Qafqazda sülh və sabitlik daha geniş mənada təhlükəsizlik üçün vacibdir. Mən Azərbaycan və Ermənistanı davamlı sülhün bərqərar olması fürsətindən istifadə etməyə çağırıram”, Yens Stoltenberq qeyd edib.

Turan agentliyinin Siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə deyib ki, NATO Cənubi Qafqazı özünün maraq dairəsi sayır və buradakı ölkələri tərəfdaş hesab edir.

“Bu bir protokol səfəridir. Yəni münasibətlərin əhəmiyyətini qeyd edir. Əlaqələri gücləndirmək və gələcək planları müzakirə edir”, o bildirib.

NATO-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin Azərbaycan üçün perspektivlərinə toxunan Hacıyev hesab edir ki, bu Azərbaycan Ordusunun gücləndirilməsi üçün lazımdır.

“Burada Azərbaycanın marağı ondan ibarətdir ki, qabaqcıl hərbi-siyasi qurum olan NATO-nun əldə etdiyi nailiyyətlər, imkanlardan öz xeyrinə istifadə etsin. Yeni müasir silahların, qabaqcıl texnologiyaların hərbi sahədə istifadəsinə yiyələnsin”, o bildirib.

Təhlilçinin sözlərinə görə, Azərbaycan NATO-nun tərəfdaş ölkələrindən biridir. Bununla yanaşı o hesab edir ki, NATO ilə əməkdaşlığın genişləndirilməsi Azərbaycana təhdidlər də yaradır.

“Birinci yerdə duran məsələlər dövlət təhlükəsizliyi, dövlətin mümkün olan təzyiqlərdən, təhlükələrdən qorunmasıdır. Bu istiqamətdə hansı siyasət aparılmalıdırsa, dövlətlər bunu atır. Bu aiddir həm Azərbaycana, həm Gürcüstana, həm Ermənistana və digər dövlətlərə”, Hacıyev qeyd edib.

Təhliçinin fikrincə, Azərbaycanın NATO-nun üzvü olması yaxın gələcəkdə gözlənilmir.

“Çünki NATO yalnız hərbi yardım nəzərdə tutmur. İlk növbədə o siyasi blokdur. Siyasi blok o deməkdir ki, eyni dəyərlərdən, eyni dövlət sistemi olan dövlətlərin birləşməsidir. NATO-ya üzv olmaq istəyən dövlətlərin siyasi-hərbi vəziyyətdən əlavə müəyyən sahələrdə reytinqi olmalıdır. Həm seçkilər, həm demokratiya, həm iqtisadi vəziyyət nəzərdə tutulur. Bu amilləri nəzərə alsaq Azərbaycan buna uyğun deyil”, o qeyd edib.

Azərbaycan-NATO əlaqələri

NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.

Bu barədə NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir.

NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.

NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.

DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.

1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.

Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.

Rəsmi məlumatda deyilir ki, Azərbaycan mühüm enerji infrastrukturunun, o cümlədən terror hücumlarından qorunmasında maraqlıdır və Milli Təhlükəsizlik Nazirliyi Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması üçün NATO elementləri ilə əməkdaşlıq edib.

NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi (EADRCC) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan milli mülki fövqəladə hallar və fəlakətlərin idarə edilməsi imkanlarını inkişaf etdirir. Ölkə təlimlərdə iştirak edir, EADRCC-yə öz heyətini verib. EADRCC-nin təcili yardım sorğularından sonra Azərbaycan müttəfiq və tərəfdaş ölkələrə fəlakətlərə cavab vermək imkanlarını (yanğınsöndürən təyyarə və helikopterlər kimi) təklif edib.

1995-ci ildən Azərbaycan NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (SPS) Proqramı çərçivəsində fəaliyyət göstərir. Praktiki əməkdaşlığın aparıcı sahələrinə kibermüdafiə və terrorla mübarizə daxildir.

Əməkdaşlığın digər əsas istiqaməti informasiyaya çıxışın yaxşılaşdırılması və ictimaiyyətin NATO və NATO-Azərbaycan əməkdaşlığının faydaları haqqında məlumatlılığının artırılmasıdır.

Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik partlamamış hərbi sursatların demilitarizasiyasına yardım edən NATO Etimad Fondunun bir sıra layihələri üzrə müttəfiqlərlə əməkdaşlıq edib. Belə layihələrdən biri keçmiş Sovet hərbi sursat anbarında baş vermiş partlayışdan sonra 5,68 milyon kvadrat metr sahədən 640 000 ədəd partlamamış hərbi sursatın təhlükəsiz şəkildə utilizasiyası ilə nəticələnib.
Geri qayıt