Əsas Səhifə > Azərbaycan / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ələsgər Məmmədliyə qarşı anti-humanist münasibət qəbuledilməzdir - NƏSİMİ MƏMMƏDLİ

Ələsgər Məmmədliyə qarşı anti-humanist münasibət qəbuledilməzdir - NƏSİMİ MƏMMƏDLİ


9-04-2024, 18:23.
title}


“Üç gün öncə Bakı İstintaq Təcridxanasında Ələsgər Məmmədli ilə görüşəndə olduqca halsız idi. Kəskin baş ağrısından əziyyət çəkirdi”.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Amerikanın Səsinə Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmağa imkan vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Bu isə onun əsəb-sinir sistemini ciddi zədələyib. Qan təzyiqi 90-170 arasında yüksəlib”, o bildirib.

Nəsimi Məmmədli qeyd edib ki, Ələsgər Məmmədlidən bir həftə öncə Bakı İstintaq Təcridxanasında qan analizləri götürülüb.

“Qan analizinin nəticəsində də bəzi problemlər üzə çıxıb. Amilaza analizi çox yüksək 333 olub. (norma 220-dən az olmalıdır). Xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Yalnız qalxanabənzər vəzində deyil, həm də mədəaltı vəzində problem olduğu aşkara çıxıb. Həkiminin məsləhəti ilə yenidən əlavə müalicə müəyyən edilib və sabah yeni dərmanları ona çatdırmalıyıq”, o qeyd edib.

Qardaşı hesab edir ki, Məmmədliyə qarşı olan anti-humanist münasibət qəbuledilməzdir.

“Onun səhhətindəki problemin ortadan qaldırılmasına təcili müdaxilə olunmasa həyatı bahasına başa gələ bilər. Bir insanın əməlində hüquq pozuntusunu araşdırmaq onun həyatına qəsd etmək bahasına olmamalıdır”, Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin vəkili onun Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, cavab gəlməyib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində Ədliyyə NazirliyInin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Geri qayıt