Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha 3 QƏRAR
Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycanla bağlı daha 3 QƏRAR16-05-2024, 13:55. |
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 3 yeni qərar və qərardadını elan edib. CivilAzerbaijan.com bildirir ki, həmin qərarlara əsasən, Azərbaycan hökuməti ərizəçilərə 27 min manatdan çox təzminat ödəməlidir. “Azadlıq qəzeti və Qənimət Zayidov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçilərə, müstəqil tənqidçi qəzetə və onun redaktoruna qarşı “Müdafiə Nazirliyində ucuz ətin sirri” sərlövhəli məqalə ilə əlaqədar qaldırılmış mülki məhkəmə çəkişməsi ilə bağlıdır. Həmin mübahisəli məqalədə digər məsələlərlə yanaşı, adıçəkilən nazirliyin Ukraynadan əsgərlər üçün bazar qiymətindən xeyli ucuz qiymətə ət idxal etdiyi iddia edilirdi. Ətin Çernobıldan gətirildiyi, keyfiyyətsiz olduğu vurğulanırdı. Müdafiə Nazirliyi məqalədə yer alan məlumatların yalan olduğunu, nazirliyin və əməkdaşlarının peşə nüfuzuna xələl gətirdiyini əsas gətirərək, qəzeti və onun redaktorunu məhkəməyə vermişdi. Yerli məhkəmələr cavabdehlərin faktiki ifadələrinin doğruluğunu sübut edə bilmədiklərini müəyyən edərək, iddiaçının xeyrinə qərar çıxarmış və qəzeti mənəvi ziyana görə nazirliyə 10.000 manat təzminat ödəməyə, üzr istəməyə və təkzib verməyə məhkum etmişdi. Yuxarı məhkəmələr həmin qərarı dəyişməmişdi. AİHM qərarında qeyd edir ki, yerli məhkəmələr ərizəçilər barəsində qərar verərkən, öz qərarlarını əsaslandırmayıblar – qəzetə qarşı tətbiq edilmiş sanksiyanın mütənasibliyini izah etməyiblər. “Məhkəmə, ərizəçi qəzetə qarşı tətbiq edilən və hədəflənən qanuni məqsədlə ağlabatan həddə mütənasib görünməyən sanksiyanın ağırlığını haqlı göstərəcək hər hansı əsasın mövcud olmadığı qənaətindədir. Daxili məhkəmələr ərizəçi qəzetin ifadə azadlığı hüququna müdaxiləyə haqq qazandırmaq üçün “yetərli” əsaslar təqdim edə bilməyiblər. Buradan isə müdaxilənin “demokratik cəmiyyətdə zərurilik” testinə cavab vermədiyi qənaəti ortaya çıxır. Beləliklə, ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusu baş verib”, – məhkəmənin qərarında vurğulanıb. Ərizəçilərin maddi ziyana görə 7,616 avro təzminat tələbinə gəlincə, AİHM bu tələbi təmin etməyib. “Məhkəmə maddi ziyanla bağlı iddianı rədd edir, çünki ərizəçi, təyin edilmiş məbləği faktiki olaraq ödədiyini və müvafiq olaraq hər hansı maddi itkiyə məruz qaldığını sübut edən heç bir sübut təqdim etməyib”,– qərarda vurğulanıb. Qərara əsasən, hökumət 1000 avro məbləğində hüquqi xərclər əvəzi ödəyəcək. “Əli Hüseynov Azərbaycana qarşı” – iş ərizəçiyə qarşı pis rəftara yol verilməsi, pis rəftarla bağlı şikayətlərin effektiv araşdırılmaması iddiaları ilə bağlı olub. Ərizəçi 2015-ci ildə baş vermiş “Nardaran hadisələri” ilə bağlı həbs edilib, ardınca, ağır cinayətlərə görə mühakimə olunub. İddia edib ki, həbs edilərkən, transfer zamanı pis rəftara məruz qalıb. Yerli orqanlar isə ərizəçinin müvafiq şikayətləri üzrə səmərəli araşdırma aparmayıblar. Ərizəçi xüsusilə iddia edirdi ki, pis rəftarın məqsədi özünə qarşı ittihamlar və ya Nardaran hadisələri ilə bağlı həbs edilmiş digər şəxslər haqda etirafedici ifadələr almaq olub. Ərizəçi bildirmişdi ki, pis rəftar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş verib – qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılıb, öz seçdiyi vəkillə əlaqə saxlamaq imkanı verilməyib, ailəsi ilə əlaqə qura bilməyib. Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 6500, hüquqi xərclər əvəzi 1500 avro ödəməlidir. “Orxan Əyyubzadə Azərbaycana qarşı” – iş ərizəçiyə qarşı cinayət təqibinin ədalətsizliyi iddiaları ilə bağlıdır. Hadisələrin baş verdiyi vaxt ərizəçi “Nida” vətəndaş hərəkatının üzvü olub. 2013-2014-cü illərdə ərizəçiyə qarşı digərləri ilə yanaşı narkotika, vəzifəli şəxslərə qarşı müqavimət ittihamları üzrə cinayət işi başlanıb, o, şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı cinayət təqibinin onu cəzalandırmaq və vətəndaş fəallığının qarşısının alınması məqsədi daşıdığını iddia edən ərizəçi, məhkəmə qarşısında Konvensiyanın 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunu mübahisələndirib. Bu işdə də tərəflər dostca anlaşıblar. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4700, hüquqi xərclər əvəzi 1000 avro ödəməlidir. Geri qayıt |