Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet > Həbsxanada Tofiq Yaqublunun vəziyyəti pisləşib
Həbsxanada Tofiq Yaqublunun vəziyyəti pisləşib18-07-2024, 13:45. |
Havanın istiləşməsi ilə əlaqədar həbsdə olan Müsavat partiyasının sədr müavini və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhəti pisləşib. Civilazerbaijan.com bildirir ki, bu barədə Turan-a onun qızı Nigar Həzi məlumat verib. "Atam astmadan əziyyət çəkir və havaların isti keçməsi öz təsirini göstərir. Düzdür, verdiyimiz dərman və sovqatı atama çatdırırlar, amma həbsxana şəraiti öz sözünü deyir", deyə o bildirib. Onun sözlərinə görə, istintaq hələ yekunlaşmayıb. "Müstəntiq bildirib ki, ekspertiza rəyini gözləyir. Bundan sonra istintaq bitəcək və iş, çox güman ki, məhkəməyə göndəriləcək", deyə Həzi qeyd edib. Tofiq Yaqublu martın 22-də xuliqanlıq və bədən xəsarəti yetirmə ittihamı ilə həbs edilib. Bu, prezident İlham Əliyevin müxalifətin ünvanına təhdid yer alan çıxışından bir neçə gün sonra baş verib. Yaqublu 7 ilədək azadlıqdan məhrum edilə bilər. Onun "cinayəti" park edilmiş avtomobilinə başqa maşının vurmasında və maşındakı şəxslərin Yaqubluya hücum etməsində özünü büruzə verib. Bu şəxslər sonradan Yaqublunun özünü ittiham ediblər. Bir çox beynəlxalq təşkilatlar Yaqublunun həbsini pisləyiblər, hakimiyyəti onu dərhal azad etməyə çağırıblar. Müxalifətçinin tərəfdaşları həbsin əsl səbəbinin Yaqublunun hakimiyyətin siyasətini kəskin tənqid etməsi və Facebook-dakı nəşrləri olduğundan əmindirlər. Geri qayıt |