Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs müəyyən edilib
Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs müəyyən edilib16-09-2024, 12:22. |
Son doqquz həftədə ikinci dəfə sui-qəsd cəhdinə məruz qaldıqdan sonra sabiq prezident Donald Tramp salamatdır. Bazar gününün insidenti Florida ştatında West Palm Beach-dəki Trampa məxsus qolf klubunda baş verib. Civilazerbaijan.com bildirir ki, rəsmilər Trampın xəsarət almadığını, hücumçunun aşkar edildiyini və ona ilk olaraq cangüdənlər tərəfindən atəş açıldığını bildirir. Bir sıra media mənbələri, o cümlədən The Associated Press, The New York Times və Fox News Kanalı şübhəlinin 58 yaşlı Ryan Uesli Raut olduğunu xəbər verir. Həmin rəsmilər anonimlik şərti ilə danışıblar, çünki onlar hazırda gedən təhqiqatı müzakirə etmək səlahiyyətinə malik deyillər. Əvvəlki sui-qəsd cəhdindən fərqli olaraq bu insident canlı televiziya yayımı zamanı olmayıb. 13 iyulda televiziyada canlı çıxış zamanı atəşə məruz qalan Tramp qulağından yaralanmışdı. Ona hücum edən şəxs isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülmüşdü. Federal Təhqiqatlar Bürosu (FBI) insidenti “sui-qəsd cəhdi” kimi qiymətləndirir. Beləliklə agentlik Trampın həyatına iki sui-qəsd cəhdi araşdırmaqdadır. Palm Beach dairəsinin şerifi Rik Bradşou mətbuat konfransında silahlı şəxsin Trampın qolf oynadığı yerdən təxminən 360-450 metr aralıda göründüyünü və Gizli Xidmət agentlərinin silahlı şəxsə yerli vaxtla saat 13:30 radələrində azı dörd güllə atdığını bildirib. Silahlı şəxs daha sonra tüfəngini, iki bel çantasını və digər əşyalarını ataraq, qara rəngli “Nissan” markalı avtomobilə minərək qaçıb. Hadisənin şahidi olan şerif silahlı şəxsi gördüyünü və onun avtomobilinin və nömrəsinin fotolarını çəkə bildiyini bildirib. “Gizli Xidmət nə lazımdırsa tam olaraq onu yerinə yetirib”, Palm Beach dairəsinin şerifi Rik Bradşou əlavə edib. Silahlı şəxs hadisə yerindən qaçdıqdan sonra hüquq-mühafizə orqanlarının rəsmiləri ştat boyu agentliklərə avtomobil haqda məlumatlarla bağlı xəbərdarlıq göndərdiklərini bildirib. Bunun nəticəsində qonşu Martin dairəsində şerifin müavinləri şosse yolunda şübhəli şəxsi saxlaya bilib. “Hazırda həbsdə olan bir nəfər var” – deyə, Bradşou şübhəlinin kimliyi və ya mümkün motiv haqqında ətraflı məlumat vermədən bildirib. Trampın kampaniyası daha əvvəl yaxınlıqda atəş açıldıqdan sonra onun təhlükədə olmadığını bildirib. Tramp izləyicilərinə email göndərərək, “yaxınlıqda atəş açıldı, lakin şayiələr nəzarətdən çıxmazdan əvvəl bunu eşitmənizi istəyirəm: MƏN GÜVƏNDƏYƏM VƏ SALAMATAM!”, Reuters agentliyinin tanış olduğu mesajda bildirib. Trampın iyulun 13-də Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı yaralanması Demokratlar Partiyasından vitse-prezident Kamala Harrislə qarşılaşacağı 5 noyabr seçkilərindən bir neçə ay əvvəl namizədlərin mühafizəsi ilə bağlı suallar doğurub. Ağ Evin verdiyi açıqlamada ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin keçmiş prezident Trampın Beynəlxalq Qolf klubunda baş vermiş hadisə barədə məlumatlandırıldıqları bildirilib. “Amerikada zorakılığa yer yoxdur”, Kamala Harris X sosial şəbəkəsində yazıb. Trampın prezident seçkilərində seçki tərəfdaşı, ABŞ senatoru J.D.Vans atışmadan sonra Trampla danışdığını və keçmiş prezidentin əhvalının yaxşı olduğunu deyib. ABŞ prezidentinin və ya əsas partiyadan prezidentliyə namizədə qarşı qırx ildən artıq müddətdə ilk sui-qəsd cəhdi təhlükəsizliyin təmin edilməsi qaydalarının ciddi şəkildə pozulması kimi dəyərləndirilərək, Konqresdə hər iki partiyadan qanunvericilərin təzyiqi altında Gizli Xidmət idarəsinin rəhbəri Kimberli Çitlin istefasına səbəb olmuşdu. (Mənbə: Amerikanın Səsi) Geri qayıt |