Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Albert Kamü - Sizif haqqında mif

Albert Kamü - Sizif haqqında mif


2-11-2024, 18:11.
title}


Albert Kamü (Albert Camus) 7 noyabr 1913-cü ildə Dreön, Fransa Əlcəzairi, Fransada doğulub.

Kamünün ilk əsəri 1936-cı ilin mayında 3 dostu ilə birgə yazdığı "Asturiyada üsyan" ( Révolte dans les Asturies) adlı pyesdir. Əsər 1934-cü ildə ispan mədənçilər tərəfindən başladılan və İspaniya hökumətinin qanlı müdaxiləsi nəticəsində 1500–2000 nəfərin öldüyü işçi üsyanından bəhs edir. O, ilk kitabı olan "Yanlış tərəf və doğru tərəf"i (L'envers et l'endroit) 1937-ci ilin mayında qələmə alıb. "Yad", "Taun", "Sizif haqqında mif", "Çöküş", "Üsyan" onun ən məşhur əsərləridir. O, 44 yaşında - 1957-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq tarixdəki ən gənc ikinci laureat olub.

Albert Kamü 4 yanvar 1960-cı ildə Villeblevin, Yonna, Fransada vəfat edib.


Civilazerbaijan.com
dünyaca məşhur fransız filosof, yazıçı və jurnalist Albert Kamünün "Sizif haaqında mif" fəlsəfi essesini təqdim edir:

Albert Kamü
SİZİF HAQINDA MİF
esse


Heç nə yox, təpəyə, ucaya qalxmaq uğrunda mübarizə insan qəlbini doldurmaq üçün kifayətdir. Odur ki, Sizifi gərək bəxtiyar sanasan. Allahlar Sizifə cəza kəsdilər ki, o, azman bir daşı dağın kəlləsinə qaldırsın, daşsa ora çatar-çatmaz təzədən üzüaşağı yuvarlanmış olsun. Allahlar ona da əmin idilər ki, yer üzündə xeyirsiz və hədər zəhmət qədər ağır cəza yoxdur.

Homerə inanmış olsaq, Sizif bəndələrin ən ağıllısı, ən tədbirlisiymiş. Ancaq başqa bir mənbəyə görə, onun əlindən qarət də gəlirmiş. Burada bir ziddiyyət görmürəm. Sizifin cəhənnəmin əbədi zəhmətkeşi olması barədə çatan bir söz deyir. Hər şeydən əvvəl onu allahları saya almadığına görə qınayıblar. Sizif onların sirlərini aləmə bəyan eləyirmiş. Asopun qızı Eginanı Yupiter qaçırıbmış. Atası qızın birdən-birə yoxa çıxdığına mat qalıb öz dərdini Sizifə danışır. Sizif də qızın başına gələni bilirmiş, şərt qoyur ki, əgər Asop Korinf qalaçasına su versə, onun işinə yarımağa hazırdır. Sizif göylərin qəzəbli ildırımından yer üzündəki suyun bərəkətini üstün saydı. Bunun cəzası cəhənnəm əzabı oldu.

Homer orasını da deyir ki, Sizif, sən demə, Ölümün özünü qandallayıbmış. Pluton öz səltənətinə çökən kimsəsizliyə və sükuta göz qaldırıb baxmağa dözmürmüş. Onda müharibə allahını göndərir ki, Ölümü onun qəniminin çəngindən xilas eləsin.

Onu da deyirlər ki, son nəfəsində Sizif arvadını sınağa çəkibmiş və hökmü də bu olubmuş ki, öləndə onu torpağa tapşırmasınlar, cəsədini meydanın ortasına tullasınlar. Sizifin cəhənnəmə düşməyi də elə buradandı. İnsan şəfqətinə yad olan belə bir itaətdən qeyzə gəlmiş Sizif arvadının dərsini vermək üçün Plutondan möhlət istəyir.

Elə ki qayıdıb yer üzünü görür, sulardan içir, günəşin, dənizin-daşın nəfəsini özləyir, bir daha kölgələr dünyasına qayıtmağa həvəsi qalmır. Allahların xəbərdarlığı, hədə-qorxusu kara gəlmir. Ləpələri şirin ləhcəli, torpağı göz oxşayan bir körfəzin sahilində uzun müddət beləcə ömür sürür. Axır ki, allahların səbri tükənir. Merkuri peyda olub Sizifin peysərindən yapışır, zorla aparıb cəhənnəmə salır, Sizifin qismət daşısa artıq burada onu gözləyirdi.

Elə buradan bəllidir ki, Sizif absurd qəhrəmandır. Öz ehtirasları, çəkdiyi iztirablar da belədir. Allahlara etinasızlığı, ölümə meydan oxuması və yaşamaq eşqi ona çox baha oturdu - əbəs yerə gücənməyə məhkum oldu. Fani ehtirasların qisməti bu imiş.

Düzdü, Sizifin cəhənnəmdə başına gələn qovğalardan yerli-yataqlı xəbərimiz yoxdur. Miflərsə zehnimizi oyatmaqdan ötrü yaranıbdır. Sizif deyəndə azman bir daşı yerindən qoparıb yamaca qaldırmaq istəyən gərilmiş bir bədən ağlımıza gəlir; qıc olmuş, bir üzü nahamvar daşa söykək çöhrə, çamurlu yükə dirənmiş çiyin, büdrək ayaq və hər dəfə yenidən daşı yerindən tərpətməyə cəhd göstərən, ovucları torpağa bulaşmış əllər gözümüz önündə canlanır.

Və nəhayət, uzun-uzadı, həm də ahəngdar cəhd-çabalar nəticəsiz qalmır, əvvəli-axırı bilinməz zaman, səmasız bir məkan içərisində məqsədə çatılır. Və bir neçə an içində həmin daş dağın ətəyinəcə yumbalanıb dayanır, gərək təzədən üzüyuxarı qaldırasan.

Sizif aşağı enməkdədir. Sizif mənim üçün məhz həmin o sükut anında maraqlıdır. Onun az qala daşdan seçilməyən əzabkeş sifətini, özünün bitib-tükənməyən iztirablarına qənşər gedibən ağır, həm də qəti addımlarla aşağı enən həmin adamın özünü görməkdəyəm. Belə vaxtda onun qaçılmaz qismətinə bənzəyən düşüncəsi də yenidən qüvvət kimi üstünə qayıdır. Və yüksəklikdən allahların yuvasına enən çağında o öz taleyindən daha yüksəkdədir. Sizif öz daşından kənəkdir.

Qəhrəmanımız şüur yiyəsi olduğundan bu mif faciəvidir. Sizifin hər addımına ümid dəstəkdirsə, belədə söhbət hansı cəzadan gedə bilər ki?! Bugünkü fəhlə də ömrü boyu beləcə yaşamaqdadır və onun müsibəti bundan heç də şükürlü deyil. Gəl ki, ara-sıra, şüuru özünə qayıdan çox nadir anlarda o, faciəvi olur.

Allahların proletarı, gücsüz və üsyankar Sizif özünün sonu görünməyən bədbəxt taleyindən halidir. Bütün bunlar yalnız dağın ətəyinə enəndə ağlından gəlib keçir. Əslində, onun sitəminə çevriləsi xəyalın aydınlığı Sizifin qələbəsinə dönür.

Elə tale tapa bilməzsən ki, onu nifrət üstələməsin. Həmin eniş bəzən iztirablıdır, ancaq bu nikbinlik içində də ötüşə bilər. Bu ifadə yerindədir. Dağın ətəyindəki öz daşına sarı enməkdə olan Sizifi yenidən təsəvvürə gətirirəm. İztirab əzəlidir. Yaddaş fani dünyanın görüntüləri ilə dolub-daşırsa və bəxtəvərlik duyğusu beləcə dözülməzdirsə, onda bir də gördün insanın qəlbinə kədər çökdü: bu, daşın qələbəsidi, həmin daşın özüdür. Nəhayətsiz kədər yükünü daşımaq çox ağırdır. Həfsiman bağındakı gecələrimiz də belə keçir. Ancaq bizləri ələm-yesir etmiş həqiqətlər biz onları dərk edib anlayan kimi geri çəkiləcək.

Öz taleyindən bixəbər Edip də qismətinə beləcə boyun əymişdi. Faciə idrakla birgə başlayır. Kor-peşman olan Edip elə o andaca dərk eləyir ki, onun dünya ilə yeganə bağlantısı zərif qız əlidir. Məhz onda Edip təkəbbürlə bu sözləri deyir: “Bütün bu müsibətlərə baxmayaraq, ahıllığım və qəlbimin böyüklüyü məni “hər şey yaxşıdır” söyləməyə məcbur edir”.

Tərcümə edəni:
Hikmət Hacızadə

Geri qayıt