Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > ABŞ və Avropa Gürcüstanda seçki pozuntularını araşdırmağa çağırır

ABŞ və Avropa Gürcüstanda seçki pozuntularını araşdırmağa çağırır


28-10-2024, 12:32.
title}


ABŞ və avropalı müttəfiqlər müşahidəçilərin Gürcüstanda seçki pozuntuları ilə bağlı xəbərləri tam araşdırmaq çağırışlarına qoşulublar.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

Bazar günü axşam Gürcüstan prezidenti Salome Zurabişvili nəticələri tanımaqdan imtina edərək onun ölkəsinin "Rusiya xüsusi əməliyyatının" qurbanı olduğunu bəyan etməsindən bir neçə saat sonra ABŞ dövlət katibi Entoni Blinken bəyanatla çıxış edib.

"Beynəlxalq və yerli müşahidəçilər seçki günü, ümumiyyətlə, hər şeyin yaxşı təşkil olunduğunu qəbul etsələr də, biz pozuntular və dövri zorakılıq barədə xəbərləri qeyd edirik", - Blinken öz bəyanatında bildirib və səslərin satın alınmasını, seçicilərin qorxudulmasını, inzibati resurslardan istifadəni qeyd edib.

"Beynəlxalq müşahidəçilər nəticələri azad və ədalətli hesab etməyiblər. Biz beynəlxalq normaların pozulmasını pisləyirik və beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı pozuntular haqda məlumatların tam araşdırılması çağırışlarına qoşuluruq",- o əlavə edib.

"Biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, əsas azadlıqları pozan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa çağırırıq."

"Gürcüstanın ölkə Konstitusiyasında təsbit edilmiş Avropa və avroatlantik inteqrasiya məqsədləri hökumətin öz vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməsini tələb edir", - dövlət katibi bildirib.

Hökumətin nəzarətində olan Gürcüstan Mərkəzi Seçki Komissiyası bazar günü bildirib ki, hakim Gürcü Arzusu Partiyası səslərin 54,8 faizini qazanıb.

Rusiyapərəst hakim partiya son bir ildə Rusiyanın söz azadlığını boğmaq üçün istifadə etdiyi qanunlara bənzər qanunlar qəbul edərək getdikcə daha çox avtoritar olub.

Bazar günü Avropa İttifaqı ayrı bəyanat ilə seçki "pozuntularının" araşdırılmasına çağırıb. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Gürcüstan hakimiyyətini "seçki pozuntuları və onlarla bağlı ittihamlarla əlaqədar “tez, şəffaf və müstəqil araşdırma aparmağa və qərar qəbul etməyə" çağırıb.

Avropa parlamenti də demokratiyadan uzaqlaşmadan narahatlığını ifadə edərək, "bülletenlərin atılması" və müşahidəçilərə "fiziki hücum" hallarının olduğunu bildirib.
Geri qayıt