Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Nodar Dumbadze. Qəbiristan - HEKAYƏ

Nodar Dumbadze. Qəbiristan - HEKAYƏ


30-11-2024, 17:45.
title}


Məşhur gürcü yazıçısı Nodar Vladimiroviç Dumbadze 1928-ci il iyulun 14-də Tiflis şəhərində anadan olub. Qərbi Gürcüstanın Xidistavi kəndində qohumlarının yanında böyüyüb. Orta məktəbi bitirdikdən sonra Tbilisi Universitetinin iqtisadiyyat fakültəsinə daxil olaraq, 1950-ci ildə həmin ali təhsil ocağını bitirib. Bir neçə il universitetdə laborant işləyib. 1957-ci ildən həyatını tamamilə ədəbiyyat işinə bağlayıb, “Siskar” ( “Şəfəq”) və «Niangi» («Kirpi») jurnallarında çalışıb. 1962-65-ci illərdə «Gürcüstanfilm» kinostudiyasında ssenari şöbəsinin əməkdaşı olub. 1965-ci ildə yenidən «Niangi» («Kirpi») jurnalına qayıdaraq, 1973-cü ilə kimi jurnalın baş redaktoru vəzifəsini daşıyıb.Yazıçının əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub. 1966-cı ildə «Mən, nənəm, İliko və İllarion» romanına görə N.Dumbadze Lenin komsomolu mükafatı, 1975-ci ildə Şota Rustaveli mükafatı laureatı, 1980-ci ildə «Əbədiyyat qanunu» romanına görə Lenin mükafatı laureatı olub. 1973-cü ildə «Qorxma, ana!» romanına görə A.A.Fadeyev adına Gümüş medalla təltif olunub. N.Dumbadze bir müddət Gürcüstan Yazıçılar İttifaqına rəhbərlik edib. Görkəmli yazıçı 1984-cü il sentyabr ayının 14-də 57 yaşında vəfat edib.

Civilazerbaijan.com
Nodar Dumbadze "Qəbiristan" hekayəsini təqdim edir:

Nodar Dumbadze
QƏBİRSTAN
hekayə


- Salam!
- Kimsən? – deyə cavab əvəzinə sakitcə məzara yaxınlaşan ucaboylu kişidən soruşdum.
- Mən?.. Hə, mən Vanoyam da, buralıyam, – deyə kişi cavab verərək başdaşına tərəf əyildi. – Buralıyam, Baqebidənəm, - təkrar edib döş cibindən siqaret qutusunu çıxardı.
- Dostumsan, siqaretindən mənə də ver, - deyə xahiş etdim.
- Bu “Pryama"dır.
- Əşi, fərq eləməz.

O, siqareti mənə uzadaraq kibriti alışdırdıı. Alov onun sifətini işıqlandırdı. Çox qəmli gözləri və gözəl burnu vardı. Uzağı əlli, ya da əlli beş, bəlkə ondan da az yaşı olardı. Sadəcə üzünün tüklü olması, onu bir qədər qoca göstərirdi.

Alov sönməsin deyə kibrit çöpünü iki əlli örtərək siqaretimə yaxınlaşdırdı. Od elə bil işıldaquş kimi onun nəhəng ovcunun içində titrəyirdi.

- Buralarda nə edirsən? – deyə soruşdum.
- Mən?.. Sənə dedim axı, buralıyam, - deyib siqaretini çəkməkdə davam etdi.
- Hə, hə...
- Mən ki, bayaq sənə salam verib, hal-əhval tutdum.
- Təşəkkür edirəm... axşamın xeyir! – deyə tez-tələsik sözlərimə düzəliş verməyə çalışaraq, üzr istəməyin işarəsi olaraq əlimlə onun dizinə toxundum.
- Burada yatan nəyindir? – deyə o, işarə ilə qəbri göstərdi.
- Oğlum.

Vano qəfildən öskürdü.

- Ağır dərddir... – deyə öskürək ara verəndən sonra təsdiq etdi. - Nə çərənləyirəm axı! – Dediyi sözdən az qala peşman oldu, güclə gülümsəməyə çalışıdı. – Dərddən ağır nə ola bilər! Bir müddət əvvəl Kizikiyə əmiuşağımgilə qonaq gəlmişdim. O qədər mənə söz dedilər, heç dil ilə ifadə ediləsi deyil... Sonda da bu qəbri mənə nişan verdilər...

Mən cavab yerinə yalnız başımı yırğaladım.

- Dərddən adam üzülər, lap dəli də ola bilər... Əvvəllər bu yerlərdə kəndimiz yerləşirdi, indi isə qəbirstanlıq olub. Bax, elə buradaca mənim həyətim, bağım vardı... Hamımız daha çayın o tərəfində köç salmışıq, - deyə o, yavaşca başını çevirərək kəndin əks istiqamətindəki yamaclarda məskunlaşmış əraziyə göz yetirdi. – Biz qaçırıq, hey qaçırıq, o lənətəgəlmiş isə bizi izləməkdə davam edir... – O, qəbirstanlığa göz gəzdirdi. – Hara qaçacaqsan ki?

- Heç yerə, - deyə onun söylədikləri ilə razılaşıb daha bir siqaret verməsini xahiş etdim.
- Sən başdaşının üzərində rəhmətliyin soyadını, doğum və ölüm tarixini niyə yazdırmamısan? – toxdayandan sonra Vano məndən soruşdu.
- Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur.
- Bəs, başqaları?
- Elə başqaları üçün də!

Vano başını qaşıyıb fikrə getdi.

- Əslində, düz deyirsən... Bəs, onun neçə yaşı vardı?
- Beş.
- Ay Allah, belə də insafsızlıq olar? – Vano dizlərini yumruqladı.
- Bilmirəm. – Qəbrin üstündən qalxıb paltarımın torpağını çırpdım.
- Bəs gecələr bura gəlməyə qorxmursan? – deyə o, məndən soruşdu.
- Nədən qorxmalıyam ki?

- Bilmirəm... nə qədər desən də qəbirstanlıqdır. Ölü ruhları, kabuslar, qarabasmalar, daha bilmirəm nələr... Bir də ki, gecələr burada cürbəcür qaraxislətli adamlar gəzib dolaşır.
- Pis nə varsa, artıq olub. Bundan sonra heç nə başıma gəlməz.
- Bu da doğrudur, - deyə o, mənimlə razılaşaraq, fikrə daldı.
- Yaxşı, görüşənədək, - deyə onunla xudahafizləşərək məzarın hasarlığından çıxıb kiçik qapını arxamca örtdüm.
- Allah amanında! Tanrı sənə səbr versin! – deyərək ayağa qalxdı.
- Təşəkkür edirəm.

Müəyyən məsafəni adlayandan sonra ayaq saxlayıb geriyə baxdım. Vano hələ də oğlumun məzarı üstündə dayanmışdı. Qaranlıqda o, qara mərmər heykələ bənzəyirdi. Həm də bu bənzərlik elə yaxın idi ki, adam istər-istəməz başdaşı ilə insanı səhv sala bilərdi. Qəfildən qəbirstanlıqda ilk dəfə məni vahimə hissi bürüdü.

Dörd tərəfini sıx, qalın ağaclar basmış Köhnə Veri qəbirstanlığı demək olar ki, unudulub yaddan çıxmışdı. Buradakı qəbirlərdən cəmi bir neçəsinin başdaşı mərmərdən idi. Əgər onlar olmasaydı, adam elə bilərdi ki, bura cənnət bağıdır. Nina xala mənim və əmim uşaqları Zurabla Vaxtanqın qolundan tutaraq hər bazar günü bizi buraya öz anasının qəbrinin üstünə gətirərdi. Nina xala doğma əmimin arvadı idi.

Qadın məzarın yanında başını aşağı dikib dua etməklə məşğul olduğu müddətdə biz - mən və Zurabla Vaxtanq gizlənpaç oynayar, unudulub yaddan çıxmış köhnə qəbirlərdə quşların çil-çil yumurtalarla dolu yuvalarını axtarıb tapar, ağ çörəklə arasındakı soyuq kotletləri yeyib qurtarandan sonra mənim yaşıl gözlü, mələk kimi gözəl xalamı başsındıran sonsuz suallar yağışına tutardıq.

- Nina xala, quş yumurtaları nə üçün həmişə çil-çil olur?
- Ona görə ki, qoy balalar yumurtadan çıxarkən qanadları iti, tükləri rəngbərəng olsun.
- Anacan, bəs, nənəm nə səbəbə öldü? – Bunu isə Vaxtanq soruşur.
- Ona görə ki, oğlum... başa düşürsən, nənə, əslində, heç ölüb-eləməyib, sadəcə qocaldığı üçün bizi tərk edib...
- Sən də qocalandan sonra bizi tərk edib gedərsən? – Bu sual isə Zuraba məxsusdur.
- Yəqin ki, gedərəm... əlbəttə gedərəm.
- Onda biz də səninlə gələcəyik! – Vaxtanq bəyan edir.
- Yox, mənim əziz balam, sizə heç cür getmək olmaz. Siz gərək məndən sonra qəbrimə qulluq edəsiniz! – deyə Nina xala həyəcanla etirazını bildirir.
- Yox, biz də səninlə gələcəyik! – deyə Vaxtanq tərsliyindən əl çəkmir.

Nina xala əli ilə onun ağzını qapayaraq bizə oyunumuzu davam etdirməyi tapşırır. Biz isə yenidən təbiətin bu sakit guşəsində oynamaqda davam edərək, gün batandan sonra evə qayıdırıq.

Beləcə qəbirstanlıq hələ uşaqlıqdan mənim həyatıma gözəllik mücəssəməsi, dərin əmin-amanlığın hökm sürdüyü məkan kimi daxil olmuşdu.

Bir neçə ildən sonra xalam çox cavan yaşında bizi tərk edərək, o dünyaya köçdü. Daha bir neçə il ötəndən sonra onun iki oğlu – Zurabla Vaxtanq da dəhşətli tərsliklə sanki verdikləri vədə əməl edərək analarının yanına köç etdilər.

Daha bundan sonra mən kəskin surətdə qəbirstanlığa nifrət etməyə başladım. Nifrətimin həddi o qədər böyük idi ki, bir dəfə də olsun əzizlərimin qəbrini ziyarətə getməmişdim.

Sonradan mənim öz şəxsi qəbrimin məsələsi də ortaya çıxdı və nə qədər təəccüblü olsa da, deməliyəm ki, qəbirstanlığa olan münasibətim yavaş-yavaş özünün məzmununu dəyişməyə başladı. İndi buranın təbiəti yenə də uşaqlıq dövründəki kimi əvvəlki təkrarsız gözəlliyi, əmin-amanlığı ilə məni cəzb etmişdi.

- Biz, əgər belə demək mümkünsə, sənayeləşmə relslərinə keçmişik, ser... - deyə qəbirstanlığın direktoru söhbətinə davam edir. – Təsərrüfat böyükdür, həm də məsuliyyətlidir. Bu günün qəbirstanlığı dünənkindən qat-qat fərqlidir... Bu il biz burada elektrikləşdirmə və melorasiya işlərini tam başa çatdırmışıq. İndi təbii qaz xəttinin çəkilişi barədə düşünürük. Ölüləri üçün əbədi məşəl çəkdirmək arzusunda olanların sayı bilirsiniz nə qədərdir?! Bəri başdan bildirim ki, biz artıq bu işə girişərək, qaz kəmərinin çəkilişinə başlamışıq... Tamam az qalıb, cəmi iki hektar torpaq sahəsini də əgər bura qata bilsək, işlərimiz lap yağ kimi gedəcək. Tələbat, özünüz bilirsiniz, istəniləndən də böyükdür. Sadəcə bizə bir qədər kömək lazımdır...

- Bax, bu yeri mənə ayırın, mümkünsə... - deyə direktorun heyvərə söhbətini kəsirəm.

- Buranı?! Amma bu yer üçün əvvəlcədən vəsait ödənilib!.. Əşi, eybi yox, madam buranı istəyirsiniz, demək qismət sizin imiş... – deyə direktor qısa tərəddüddən sonra istəyimlə razılaşır. – Amma gözəl yerdir ha! Təmiz havasına söz ola bilməz! Buradan açılan əsrarəngiz mənzərəyə hələ bir göz yetirin! Ora Mtsetadır. Bax, o da Tiflisdir... Ətrafdakı qonşular da olduqca nüfuzlu insanlardır. Bu, professor Xetaquridir, bu isə akademik Cancqavadır, bax, bu həkim Tataraşvilidir, o da respublikanən əməkdar müəllimi Qularidzedir... Bəli, bəli... görürsünüz də necə mötəbər qonşularınız var! Bu tərəfdəkilər qoy sizi əsla narahat eləməsin! Oder ey, orada oğru dünyasının İtigöz ləqəbli tanınmış nümayəndəsi dəfn olunub. Amma bu müvəqqətidir. Onun oğru dostları yaxın günlərdə cəsədini burdan götürüb hansısa başqa qəbirstanlığa köçürəcəklər. Labrador ləqəbli bu məşhur kiyevli oğrunu da elə onlar gətirib dəfn ediblər. Yeri düşmüşkən, soruşmaq istərdim: başdaşı üçün hansı daşı münasib sayırsınız?

- Bazalt daşını.
-Demək belə. Amma bəri başdan sizi xəbərdar etməyi özümə borc bilirəm. Daşyonanlarla iş birliyi qurarkən çalışın ki, aldanmayasınız. Çünki onlar ölü sahiblərinin dərisini soyurlar. Çünki bilirlər ki, dərdli insan onlarla alış-veriş zamanı istədikləri qiymətə razılaşacaq. Siz isə belə işlərdə ehtiyatınızı əsla əldən verməyin.
- Demək bu yer mənim oldu, - qətiyyətlə bildirdim.
- Aydındır.
- Xudahafiz.
- Xudahafiz! Allah amanında! Lütfən mənim üzürxahlığımı qəbul edin. Hə, heç demədiniz axı, rəhmətlik kiminizdir?
- Oğlum.

Direktor donuxub qaldı.
.
- Siz Allah bağışlayın! Mən bayaqdan o qədər çərənlədim ki!.. Daha nələr deyib, nələr danışmadım... gərək üzürlü sayasınız vallah! – deyə direktor pərt oldu.
- Eyb etməz, narahat olmayın! Hər şey qaydasındadır!
- Hələlik!
- Hələlik!

...Mən demək olar ki, hər gün ölürdüm. Beləcə düz iki il davam etdi.

Üçüncü ildə günlərin bir günü səhər tezdən yolumu yenidən qəbirstanlıqdan saldım. Saat altı olardı. Ətrafda dərin bir sakitlik hökm sürürdü. Hava da sərin idi. Ağacların yarpaqları xışıldayır, quşlar səs-səsə verib oxuyurdular. Mərmər büstlər elə bil qorxaq qaçaqlar kimi budaqların arxasından boylanıb baxırdılar.

Xeyli müddət qəbrin üstündə əyləşdim. Tədricən qulaqlarıma hayandansa çəkic səsləri gəlməyə başladı. Bir azdan sonra çəkic səsinə daş yonan ustanın mişar səsi qarışdı. Mən yerimdən qalxıb astaca səs gələn tərəfə addımladım. Qəfildən gözlərimin qarşısında sözlə ifadə ediləsi mümkün olmayan gözlənilməz bir mənzərə canlandı.

- Salam, Vano! – deyərək ilk təəssüratımı yadıma salmağa çalışdım.
- Sən kimsən?
- Tanımadın?

O, əl saxlayıb baxdı və məni tanıdı.

- Axı, sənin barəndə danışıb deyirdilər ki, guya vəfat etmisən.
- Gördüyün kimi sağ-salamatam...

O, çəkici və kəsici aləti postamentin üzərinə qoyub üst-başını çırparaq oturacağa əyləşdi.

Postamentdən mənə daşın üzərinə sinəsinə kimi həkk olunmuş bir cavan oğlanın portreti boylanıb baxırdı. Amma bu, heç də portret deyildi. Həm də nə heykəl, nə barelyef, nə də qorelyef idi. Mən başa düşə bilmirdim bu nə idi. Bu, hər şey, eyni zamanda heç nə idi.

Bazalt plitənin üzərinə həkk edilmiş insan surəti hər hansı perspektivdən, proposiya və həcmlərdən uzaq idi. Bu, incəsənətin sərhədlərini aşan, minilliklərin dərinliyindən keçib gələn, adı məlum olmayan ibtidai insanın ibtidai yaradıcılıq işi idi. Çox güman ki, bu, nəyə və kimə xidmət etdiyi bilinməyən bir büt, təbiətin, ilahinin məlum olmayan heyranedici sirri idi.

- Sən burada nə edirsən, Vano? – deyə mən ondan soruşaraq yanında əyləşdim.

O, sualıma cavab verməyib, döş cibindən “Prima” siqaret qutusunu çıxararaq mənə uzatdı. Siqaretdən birini isə özü yandıraraq tüstüsünü dərindən ciyərlərinə çəkdi və susmaqda davam etdi.

- Bəyəm, görmürsən nə edirəm? - nəhayət ki, dilləndi.
- Bu nədir ki, Vano?

O, yenə də susaraq siqaretini çəkməkdə davam etdi.

- Bu mənim oğlumdur, - deyə o, uzun fasilədən sonra dilə gəldi. Mənim bədənimə üşütmə düşdü.
- Sən nə danışırsan?!
- Ötən il... elə bu vaxtlar olardı... O, Qisan qalasının ən yüksək zirvəsinə qalxır... özü də içkili vəziyyətdə olur... və oradan yerə yuvarlanır... Onun yanındakı uşaqlar deyirdilər ki, o, qartal kimi qollarını açaraq elə bil uçurdu. Eheeeyyy! Demə ki, qışqırırmış... Atana dərd verdin, oğul! – Vano aşağıdan yüxarı bütə yanakı nəzər yetirdi.

- Bəs, bu nədir, Vano? – deyə bir müddət sonra ondan soruşdum və bu zaman bədənimə yenidən üşütmə düşdü.
- Dedim axı, oğlumdur.
- Bunu özün düzəltmisən?
- Bəli, özüm. Tamam az qalıb. Bax, o tərəfdən...

O, ayağa qalxıb əli ilə bütün sinəsini göstərdi.

- Axı, sən heykəltəraş deyilsən, Vano? – dərin sarsıntı içərisində dedim.
- Mənim uşağımı məndən yaxşı kim tanıya bilər ki?
- Orası elədir. Amma heykəl hazırlamaq üçün müəyyən bilik və bacarıq tələb olunur. Axı, bu sənin oğluna oxşamır, elə deyilmi?
- Sənə kim dedi ki, oxşamır? Bax, bu onun gözəl qara gözləri, bu onun yay kimi əyri qaşları, bu da onun qartal burnu, təbəssümü, güclü boynu və əlləri, yenilməz kürəyi... atan ölsün, oğul! – Vano danışaraq titrək əllərini daşın üzərində gəzdirirdi.

Elə bil ki, Allahın əli cansız daşa toxunmuşdu – o, cana gəldi, istiləşdi və danışmağa başladı...

Onsəkkiz yaşlı qara saçlı pəhləvan cüssəli oğlan postamentdən mənə baxıb gülümsəyirdi. Ürəyim əsdi. Vano susub qalmışdı. Onun həyat əlaməti olmayan qolları kəsilmiş budaq kimi yanına düşmüşdü.

Daş yenidən bütə çevrildi.

- Sən isə deyirsən oxşamır... elə başqaları da bu fikirdədir. Axı, mən bunu başqaları üçün düzəltmirəm! Mənim oğlumu başqaları haradan tanıya bilərlər?
- Əgər sən bu abidəni özün üçün düzəldibsənsə, onda evində saxla, - deyə mən kəskin etirazımı bildirdim.
- Onun evi daha buradır.

Mən cavabında heç nə deyə bilmədim. Qalxıb getmək istədim.

- Getmə, məni tək saxlama! Təklikdən cana doymuşam, - deyə Vano yalvarmağa başladı, bu zaman onun gözlərindən iki iri yaş gilələnib yerə düşdü.

Mən qəbirstanlığı tərk edərkən artıq qaranlıq çökmüşdü.

Vake parkı ilə üzbəüz ərazidə qış üzgüçülük hovuzunun tikintisi başa çatmaq üzrə idi. İri bazalt plitələr tikintinin ərazisində o tərəf-bu tərəfə səpələnmişdi. Qaldırıcı kran bu plitələrdən birini astaca yuxarıya qaldırırdı. Özümdən asılı olmayaraq ayaq saxlayıb kranın işini müşahidə etməyə başladım.

- Eheeeyyy! – hansısa oğlan binanın tac hissəsindən qışqırırdı. Qartal kimi əllərini açaraq o, kranın kabinəsindən boylanan oğlana daşın qoyulması lazım olan yeri nişan verirdi.

- Eheeyy! Qardaş, oğlum, ay bala! – deyərək var-gücümlə qışqırmağa başladım.
- Sənə nə lazımdır, əmi?
- Düş aşağı, xahiş edirəm, düş, yoxsa yıxılarsan!
- Qorxma, əmi, heç nə olmaz! – deyə oğlan şadyanlıqla cavab verdi.
- Düş, səni and verirəm bütün müqəddəslərin ruhuna, düş aşağı!

Oğlan isə əlini yelləyəyərək işinə davam etməyə başladı. Bazalt plitəsi astaca yırğalanaraq hündürlüyə qalxdıqca havada üzürdü.

Mən özümə gəlib geriyə dönərək evə tərəf istiqamət götürdüm. Bir qədər gedəndən sonra özümü saxlaya bilməyib geriyə boylandım. Oğlan lap nağıldakı pəhləvan kimi bazalt plitəsindən ikiəlli yapışaraq yerinə qoyurdu.

Günəş onun kürəyini işıqlandırırdı, şəfəqləri isə başının üstündə bərq vururdu.

Mən qəbirstanlığa tərəf göz yetirdim. Batmaqda olan günəşin qızılı şüaları hasarın o tərəfindəki ağacların başına qonmuşdu. Bura qəbirstanlıqdan daha çox cənnətməkan guşəyə bənzəyirdi. Haradasa ürəyimin ən gizlin yerində sözlə deyilməsi mümkün olmayan bir rahatlıq, əmin-amanlıq hiss etdim. Sevindim ki, bu cənnətməkan guşədə nə yaxşı mənim də öz qəbrim var.

Tərcümə edəni:
Ağaddin BABAYEV



Geri qayıt