Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Prezident Bayden oğlu Hanteri əfv edib
Prezident Bayden oğlu Hanteri əfv edib2-12-2024, 17:10. |
Prezident Co Bayden bazar günü axşam saatlarında oğlu Hanter Baydeni əfv edərək onu federal silah və vergi qanunları pozuntusu ilə əlaqədar mümkün həbs cəzasından qurtarıb. Bundan öncə Bayden prezidenliyin bəxş etdiyi ali səlahiyyətlərdən öz ailə üzvlərinin mənafeyi naminə istifadə etməyəcəyinə söz vermişdi. Civilazerbaijan.com bildirir ki, Demokrat prezident bu addımı Hanter Baydenə Delavar və Kaliforniya ştatlarında məhkum edildikdən sonra hökm oxunması, eyni zamanda yenicə prezident seçilmiş Donald Trampın hakimiyyətə gəlişi ərəfəsində atıb. Əfv qərarı 2020-ci ilin dekabrından – Co Baydenin seçkilərdə qələbəsindən cəmi bir ay sonra oğul Baydenə qarşı başlanmış federal istintaq prosesinə son qoymuş olur. İyun ayında Bayden Delavar ştatında məhkəmə ilə üzləşən oğlunu əfv etməyəcəyini bildirmişdi. “Mən özümü münsiflər heyətinin qərarına tabe tuturam. Mən bunu edəcəyəm və mən onu əfv etməyəcəyəm,” Bayden müxbirlərə söyləmişdi. Bazar günü verdiyi açıqlamada Bayden deyib: “Bu gün mən oğlum Hanter üçün əfv fərmanı imzaladım” və əlavə edib ki, onun oğluna qarşı təqib siyasi motivli olub və ədalət öz yerini tapmayıb. İyun ayında Hanter Delavar ştatında federal məhkəmədə 2018-ci ildə silah alışına görə üç maddə üzrə məhkum edilmişdi. Məhkumluğa səbəb onun federal anketdə qeyri-qanuni olaraq narkotikdən istifadə etmədiyini qeyd etməsi olmuşdu. Sentyabr ayında Kaliforniyada Hanter $1.4 milyon dollar məbləğində vergi ödənişindən yayınmaq üzrə mühakimə edilməli idi. Lakin münsiflər heyətinin seçilməsindən bir neçə saat sonra o, daha yüngül maddələr üzrə təqsirini etiraf edərək rəsmilərlə sövdələşmə əldə etmişdi. Hanter Bayden email vasitəsilə yazdığı mesajda ona göstərilmiş mərhəmətə görə şükran olduğunu və həyatını "xəstə və əziyyət çəkən" insanlara yardımçı olmağa ithaf edəcəyini bildirib, Amerikanın Səsinin məlumatında qeyd olunur. Geri qayıt |