Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Sağ xəbərlər > Donald Trampın silahdaşı sağçı siyasətçi Çarli Kirk qətlə yetirilib
Donald Trampın silahdaşı sağçı siyasətçi Çarli Kirk qətlə yetirilibBu gün, 12:09. |
ABŞ-də prezident Donald Trampın ən yaxın dəstəkçilərindən olan nüfuzlu sağçı fəal Çarli Kirk qətlə yetirilib. Civilazerbaijan.com bildirir ki, ölkəboyu universitet kampuslarında ictimai debatlar etməsi ilə tanınan 32 yaşlı Kirk sentyabrın 10-da Yuta Universitetində analoji tədbirdə öldürülüb. Sosial mediada yayılan videoda fəalın boynundan güllə ilə vurulduğu görünür. Yerli polis əvvəlcə bir nəfəri şübhəli qismində saxlasa da, sonradan o, azadlığa buraxılıb. An etibarilə qatilin axtarışları davam edir. Federal Təhqiqatlar Bürosu da (FBI) axtarışlara qoşulub. Kirkin ölüm xəbərini prezident Donald Tramp "Truth Social" səhifəsindən anons edib. O, daha sonra Oval Ofisdən etdiyi 4 dəqiqəlik videomüraciəti paylaşıb. Tramp çıxışında Kirkin ölümünü “Amerika üçün qaranlıq gün” adlandırıb və “radikal solun ritorikasını" siyasi zorakılığa səbəb olmaqda günahlandırıb. Hadisəyə sərt reaksiya göstərən Prezident Tramp Kirki "azadlıq və demokratiya uğrunda şəhid” adlandırıb və siyasi şiddətin artmasına diqqət çəkib. "Bu, yalnız Çarlini deyil, bütün ölkəmizi hədəf alan bir hücumdur” deyən Tramp cinayətin arxasında duran şəxslərin və təşkilatların məsuliyyətə cəlb olunacağını bildirib. Trampın oğlu Donald Tramp Jr və birinci xanım Melaniya Tramp da dərin başsağlığı mesajları yayımlayıblar. Utah qubernatoru Spenser Koks hadisəni siyasi sui-qəsd kimi qiymətləndirərək, günahkarın ən ağır cəza ilə, o cümlədən edamla üzləşə biləcəyini bildirib. İsrailin baş naziri Binyamin Netanyahu da başsağlığı verərək Kirkin "həqiqəti dediyi üçün öldürüldüyünü” vurğulayıb. 2012-ci ildə, 18 yaşında mühafizəkar "Dəyişim Nöqtəsi - Amerika" təşkilatını yaradan Çarli Kirk gənclər arasında sağçı ideyaları yaymaqla məşğul olub. Kirk Trampın 2016-cı və 2024-cü illərdə prezident seçilməsində, gənc seçicilərin səsini qazanmasında böyük pay sahibi hesab olunur. Geri qayıt |