Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > ABŞ Ukraynaya Rusiyanın dərinliklərini vurmağı qadağan etmir - KİT KELLOQ
ABŞ Ukraynaya Rusiyanın dərinliklərini vurmağı qadağan etmir - KİT KELLOQ29-09-2025, 12:03. |
"ABŞ Ukraynaya Rusiyanın dərinliklərini vurmağı qadağan etməyib". Civilazerbaijan.com bildirir ki, bunu ABŞ prezidenti Donald Trampın xüsusi təmsilçisi Kit Kelloq "Fox News"a müsahibəsində deyib. Jurnalist soruşub ki, Trampın mövqeyi "Ukrayna Rusiyaya uzaq məsafədən zərbələr endirə bilər, prezident buna icazə verir" anlamına gəlirmi. K.Kelloq deyib ki, Trampın, vitse-prezident Ceyms Di Vensin və dövlət katibi Marko Rubionun sözlərinə əsasən, cavab "bəli"dir". Kelloq onu da deyib ki, Ukrayna prezidenti Volodimir Zelenski Trampla görüşdə "Tomahawk" uzaqmənzilli qanadlı raketləri istəyib, amma bu haqda hələ qərar verilməyib. İyulun ortalarında "The Washington Post" qəzeti yazırdı ki, Tramp Zelenskidən Kiyevin niyə Moskvanı vurmadığını soruşub. Zelenski cavabında ABŞ silahları versə, bunu edə biləcəklərini bildirib. Qəzetin yazdığına görə, Tramp Ukrayna yalnız Moskvaya deyil, həm də Sankt-Peterburqa zərbə endirərək Vladimir Putinə təzyiq göstərməli olduğunu deyib. 2024-cü ilin noyabrında Aİ-nin ozamankı xarici siyasət rəhbəri Jozep Borrel bildirib ki, ABŞ Kiyevə Rusiyanın dərinliklərini vurmaq üçün 300 kilometrədək məsafə qət edə bilən Amerika raketlərindən istifadəyə icazə verib. Media onda Ukraynada olan ATACMS raketlərinin nəzərdə tutulduğunu yazırdı. Ovaxtkı prezident Co Bayden bu raketlərdən Rusiyanın Kursk bölgəsinə girmiş Ukrayna qoşunlarını qorumaq üçün istifadəyə icazə vermişdi. ABŞ vitse-prezidenti Ceyms Di Vens isə "Fox News"a müsahibəsində deyib ki, son həftələr Rusiya Ukrayna ilə ikitərəfli danışıqlardan, ABŞ-nin iştirakı ilə üçtərəfli görüşlərdən imtina edib. "Biz əvvəlki kimi sülhə sadiqik, amma tanqo üçün iki nəfər lazımdır", – deyən Vens Moskvanın ayılaraq reallığı qəbul edəcəyinə ümidini bildirib. ABŞ prezidenti D.Tramp daha əvvəl üçtərəfli görüşə ümid etdiyini bildirmişdi. Vens onu da deyib, Tramp administrasiyası NATO ölkələri vasitəsilə Ukraynaya "Tomahawk"ların tədarükü məsələsini müzakirə edir. Dediyinə görə, son qərarı ABŞ-nin maraqları əsasında prezident verəcək. "The Wall Street Journal" daha öncə yazmışdı ki, Tramp Kiyevə uzaqmənzilli silahların, o cümlədən "Tomahawk" raketlərinin tədarükünə qarşı deyil. "Axios" isə mənbələrə istinadla Trampın bu silahların NATO vasitəsilə tədarükünə qarşı olduğunu yazıb. NATO-nun baş katibi Mark Rutte isə bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə, ehtimal ki, danışıqlar yolu ilə sona çatacaq. O, atəşkəs əldə edildikdən sonra Ukraynaya təhlükəsizlik zəmanətləri veriləcəyini vəd edib. Rusiya sentyabrın 28-nə keçən gecə Ukraynaya yüzlərlə dron və onlarla raketlə kütləvi hava zərbəsi endirib. Biri 12 yaşlı qız olmaqla azı dörd nəfər həlak olub. Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın hərbi infrastrukturunu hədəf aldığını iddia edib, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |