Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet > Monteneqroda zorakılıqlardan sonra onlarla türkiyəli, azərbaycanlı saxlanılıb
Monteneqroda zorakılıqlardan sonra onlarla türkiyəli, azərbaycanlı saxlanılıbDünən, 16:52. |
|
Monteneqro polisi oktyabrın 27-də bildirib ki, paytaxt Podqoritsada bir qrup türkiyəli monteneqrolu bir kişini bıçaqlayandan sonra həftəsonu zorakılıqlar baş verib, ardınca onlarla Türkiyə və Azərbaycan vətəndaşı saxlanılıb. Civilazerbaijan.com bildirir ki, prezident Yakov Milatoviç sakitliyə çağırıb. Baş nazir Miloyko Spayiç deyib ki, Türkiyə vətəndaşları üçün vizasız gediş-gəliş rejimi müvəqqəti dayandıralacaq, gələcək viza qaydaları ilə bağlı Ankara ilə "intensiv" danışıqlar aparılacaq. "Reuters" yazır ki, monteneqrolu kişi oktyabrın 25-də gecə bir qrup türkiyəli ilə qarşılıqlı təhqiramiz mübahisədən sonra bıçaqlanıb. Onun yaralarının həyatına təhlükə yaratmadığı açıqlanıb. Bundan sonra oktyabrın 26-da onlarla yerli sakin Türkiyə dövlət nömrə nişanlı avtomobilləri dağıdıb. Bəzi türkiyəlilər kazinoya sığınmalı olublar. Həmin gün gecə Podqoritsanın mərkəzində türkiyəlilərə məxsus restorana girərək onu yandırıblar. Polis bıçaqlanma hadisəsində iştirakı ehtimal edilən bir Türkiyə, bir Azərbaycan vətəndaşının saxlanıldığını bildirilir. Qanunsuz yaşayış sənədi şübhəsi ilə daha 45 türkiyəli və azərbaycanlı həbs edilib. Polis saxlanılanlardan yeddisinə cərimə kəsildiyini, səkkiz nəfərin isə deportasiyasına qərar verildiyini açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 27-də baş nazir Spayiç və həmkarı Ervin İbrahimoviçlə telefonla danışıb. Türkiyə XİN-dəki mənbənin məlumatına görə, Fidan bildirib ki, Ankara Monteneqro hakimiyyətindən Türkiyə vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını təmin etmək üçün gərəkən tədbirlər görməsini gözləyir. Daxili işlər naziri Danilo Şaranoviç bildirib ki, Monteneqroda daimi və ya müvəqqəti qeydiyyatda olan 100 min əcnəbidən təxminən 13 mini Türkiyə vətəndaşıdır. Cəmi 620 min əhalisi olan Monteneqro turizmdən asılıdır, Avropa İttifaqına namizəd ölkədir. Rəsmilər ölkədə iş qurmaq və ya işləmək istəyən türkiyəlilərin sayında artım müşahidə olunduğunu deyirlər. Prezident Milatoviç türkiyəlilərə və onların əmlakına qarşı zorakı hücumları pisləyib. Geri qayıt |