Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Sənət / Manşet / Üst manşet > Frans Kafka. Cəza koloniyası - HEKAYƏ
Frans Kafka. Cəza koloniyası - HEKAYƏ29-11-2025, 16:03. |
|
Frans Kafka 3 iyul 1883-cü ildə Bohemiya krallığının (daha sonra Avstriya-Macarıstan imperiyasının tərkib hissəsi, indiki Çexiya Respublikası) paytaxtı Praqa şəhərində orta sinif almandilli yəhudi ailəsində anadan olmuşdur. Vəkil təhsili almış, təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlmişdir. Bu dövrdən etibarən boş zamanlarında yazmağa başlamışdır. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazmışdır. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməmişdir. O, XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən məşhur əsərləri "Çevrilmə" (almanca. "Die Verwandlung"), "Məhkəmə" ("Der Process"), "Qəsr" ("Das Schloss") və "Milenaya məktublar"("Briefe an Milenas") hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" kəlməsi daxil olmuşdur. Kafkanın sağlığında çox az əsəri çap olunmuşdur. "Düşünmək" ilə "Kənd həkimi" və fərdi hekayələri ədəbi jurnallarda nəşr olunmuş, bir elə də ictimai diqqəti cəlb etməmişdir. Kafka dostu Maks Broddan tamamlamadığı "Məhkəmə", "Qəsr" və "Amerika" romanlarını məhv etməyi xahiş etmiş, lakin Maks bunu rədd etmiş və Kafkanın ölümündən sonra əsərlərini çap etdirmişdir. Onun əsərləri XX əsr ədəbiyyatına – yazıçılarına, filosoflarına, sənətkarlarına və tənqidçilərinə böyük təsir göstərmişdir. O, 1924-cü ildə 40 yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Civilazerbaijan.com Frans Kafkanın "Cəza koloniyası" hekayəsini təqdim edir: Frans Kafka CƏZA KOLONİYASI hekayə – Xüsusi aparatdır, – zabit səyyaha dedi və yaxşı tanıdığı aparatı müəyyən mənada məftun nəzərlərlə hərtərəfli gözdən keçirdi. Səyyah, deyəsən, komendatın dəvətini nəzakət xatirinə qəbul etmişdi; komendant onu çağırmışdı ki, komandirinin sözündən çıxmış və vəzifəcə özündən böyüyü təhqir etmiş əsgərin cəza mərasimində iştirak etsin. Bu mərasimə maraq, görünür, cəza koloniyasında o qədər də böyük deyildi. Ən azı burada, çılpaq yamacların arasındakı bu dərin, qumlu, kiçik dərədə zabit və səyyahdan başqa, kütbeyin, cırımağız, saçlarından və üz-gözündən səliqəsizlik yağan müttəhim, bir də onun ayaqlarına və əllərinə, eləcə də boynuna vurulmuş və öz aralarında digər zəncirlərlə bir-birinə bərkidilmiş ağır kotan zəncirini əlində saxlayan digər əsgər iştirak edirdi. Əslində, müttəhimin elə itsayağı məzlum görkəmi vardı ki, düşünürdün, bu dəqiqə onu yamaclarla üzüaşağı qaçırtmaq və mərasim başlayan kimi fışqırıqlayıb geri qaytarmaq olardı. Səyyah aparata o qədər də maraq göstərmirdi və müttəhimin arxasında, az qala, aşkar laqeydliklə var-gəl edirdi, bu arada isə zabit son hazırlıqları görürdü, gah sürünüb torpağa basdırılmış aparatın altına girir, gah da yuxarı hissələri yoxlamaq üçün nərdivana qalxırdı. Bu, elə iş idi ki, onu mexanikə də tapşırmaq olardı, amma zabit xüsusi can-fəşanlıqla özü icra edirdi, görünür, ya bu aparatın vurğunlarından biri idi, ya da hansı səbəbdənsə, bu işi başqalarına etibar etmirdilər. – Artıq hər şey hazırdır! – Zabit, axır ki, ucadan səslənib nərdivandan endi. Yazıq tamam əldən düşmüşdü, demək olar, ləhləyirdi, dili çöldə qalmışdı, bir cüt qadın dəsmalını yaxalığının altına qoymuşdu. – Mündirləriniz tropik zona üçün çox ağırdır, – zabitin gözlədiyinin əksinə olaraq, aparat barədə heç nə soruşmadan səyyah dilləndi. – Elədir, – deyib zabit yağlı əllərini su çəlləyində yudu, – amma o mündirlər vətən deməkdir, biz də vətəni itirmək istəmirik. İndi isə bu aparata fikir verin, – tələsik əlavə etdi, dəsmalla əllərini qurulayıb aparatı göstərdi. – İndiyə qədər əl əməyindən istifadə edirdik, indi isə aparat öz-özünə işləyir. Səyyah başı ilə təsdiqləyib zabitə qulaq asmağa başladı. Zabit də baş verə biləcək nasazlıqlardan sığortalanmaq üçün dedi: – Təbii ki, müəyyən nasazlıqlar olur, amma ümid edirəm, bu gün olmaz, hər halda, yenə də diqqət etmək lazımdır. Aparat fasiləsiz on iki saat işləməlidir. Nasazlıqlar olanda da xırdası olur, onlar da tez aradan qaldırılır. Oturmaq istəmirsiniz? – deyə zabit dəmir kürsülərdən birini qabağa çəkdi və onu səyyaha təklif etdi. Səyyah boyun qaçıra bilmədi. O, ötəri nəzər saldığı çalanın qırağında əyləşmişdi. Çala çox da dərin deyildi. Bir tərəfində qazılıb çıxarılmış torpaq qalaqlanmışdı, o biri tərəfində isə aparat dayanmışdı. – Bilmirəm, – zabit dedi, – komendant aparat barədə sizə danışıb, ya yox. – Səyyah qeyri-müəyyən bir əl hərəkəti etdi, zabit əslində, yaxşı heç nə gözləmirdi, çünki aparatın işini özü də izah edə bilərdi. – Bu aparat, – deyib dəmir dirəkdən yapışdı və ona söykəndi, – keçmiş komendantımızın ixtirasıdır. Mən özüm lap ilk məqamlardan onunla birgə çalışmışam və tamamlama işlərinin hamısında iştirak etmişəm. Fəqət ixtira yalnız onun adı ilə bağlıdır. Keçmiş komendantımız barədə məlumatınız var? Yox? Həə, desəm ki, cəza koloniyasının yaradılması onun xidmətidir, az şey demiş olaram. Onun məsləkdaşları olan bizlər komendatın ölümündən sonra artıq başa düşmüşük ki, koloniyanın düzəni özünə elə qapanıb ki, xələfinin min cür yeni planı olsa belə, ən azı uzun illər qocanın işlərində heç nəyi dəyişdirə bilməyəcək. Ehtimallarımız düz çıxdı; təzə komendant bunu özü də dərk edəsi oldu. Heyif ki, keçmiş komendantı tanımamısınız! Amma, – zabit sözünə ara verdi, – dil-dil ötürəm, onun da aparatı durub gözümüzün qabağında. Bildiyiniz kimi, aparat üç hissədən ibarətdir. Zaman keçdikcə bu hissələrdən hər biri müəyyən mənada xəlqi adlar qazanıb. Alt hissənin adı çarpayıdır, üst hissə cizgiçi adlanır və buradakı titrəyən orta hissəyə vəl deyirik. – Vəl? – deyə səyyah soruşdu. Tam diqqətlə qulaq asmamışdı, kölgəsiz dərədə günəş yandırırdı, adam diqqətini toplamaqda çətinlik çəkirdi. Paqonlarla ağırlaşan, lentlər asılmış dar parad paltarında öz işini şərh edən, üstəlik, danışa-danışa əlindəki çilingər açarı ilə orada-burada qaykaları bərkidən zabit ona xeyli heyrətamiz göründü. Deyəsən, əsgərin də vəziyyəti səyyahınkı kimiydi. Müttəhimin zəncirini hər iki biləyinə dolamış, bir əli ilə silahına dirənmiş, başını aşağı salmışdı və dünya vecinə deyildi. Səyyah buna təəccüblənmədi, çünki zabit fransızca danışırdı, fransız dilini də nə əsgər, nə də müttəhim başa düşürdü. Buna baxmayaraq, aşkar nəzərə çarpırdı ki, müttəhim zabitin şərhlərinə diqqət yetirməyə çalışır. Bir növ, mürgülü bir israrla baxışlarını həmişə zabitin göstərdiyi yerlərə tuşlayırdı və səyyah verdiyi sualla zabitin sözünü kəsəndə o da zabit kimi səyyah tərəfə baxırdı. – Elədir, vəl, – zabit dedi, – ad uyğun gəlir. İynələr vəlin dəmirləri kimi düzülüb və bərabər, özü də yüksək məharətlə işləsə də, bütövlükdə vəl kimi işləyir. Əslində, indicə sizə aydın olar. Müttəhim buraya, çarpayının üstünə uzadılır. Əvvəlcə aparatı təsvir etmək, sonra da cəzanı icra etdirmək istəyirəm. Belə olanda yaxşı baxa biləcəksiniz. Cizgiçinin içindəki dişli çarx möhkəm cilalanıb; işə düşəndə səs-küyündən qulaq tutulur, bu zaman yanındakını eşitmək də olmur. Əfsuslar ki, ehtiyat hissələr burada çətin tapılır. Hə, dediyim kimi, bu da çarpayı. Ora başdan-ayağa pambıq döşənib, bunun nə məqsədlə edildiyini də biləcəksiniz. Bu pambığın üstünə müttəhim ağzı üstə uzadılır, təbii ki, çılpaq. Bu qayış əllər üçündür, bu qayış ayaqlar üçün, bu da boyun üçün ki, müttəhim çapalamasın. Burada, çarpayının baş tərəfində, dediyim kimi, adamın üzü üstə uzandığı yerdə asanlıqla tənzimlənən keçə qırığı qoyulur ki, müttəhimin ağzına tıxasınlar. Onun vəzifəsi qışqırmağın və dilini dişləməyin qarşısını almaqdır. Təbii ki, adam keçədən imtina edə bilməz, yoxsa boyun qayışı onun boynunu sındırar. – Pambıq budur? – səyyah soruşub irəli əyildi. – Hə, elədir, – zabit təbəssümlə cavab verdi, – özünüz yoxlayın. Səyyahın əlindən tutub çarpayının üstünə sürtdü. – Xüsusi hazırlanmış pambıqdır, ona görə də seçilmir; onun nə məqsədlə qoyulduğundan da danışacam. Səyyahda aparata azca maraq oyanmışdı. Aparatın yanında dayanıb əllərini gözünün üstünə söykəyərək baxdı. Böyük qurğuydu. Çarpayı ilə cizgiçinin tutumu eyni idi və iki qara sandığa bənzəyirdi. Cizgiçi, təxminən, iki metr çarpayıdan yuxarıda quraşdırılmışdı, hər ikisi künclərdən gün altında şəfəq saçan dörd tunc dirəklə bərkidilmişdi. Sarıdıqların arasında polad bağdan asılmış vəl yellənirdi. Zabit səyyahın bayaqkı biganəliyini, demək olar, heç sezməmişdi, fikri özünə maraqlı olan aparatın yanındaydı, ona görə də səyyahın əngəlsiz müşahidəsinə vaxt qazandırmaq üçün öz izahatlarına ara verdi. Müttəhim səyyahı yamsılayırdı, əlini gözünün üstünə qoya bilmədiyinə görə gözləri qamaşa-qamaşa göyə baxırdı. – Deməli, adam burada uzanır, – deyib səyyah kürsüdə yayxandı və ayağının üstünə aşırdı. – Bəli, – deyib zabit papağını geri itələdi və əlini od tutub yanan sifətinə çəkdi, – indi isə qulaq asın! Nə çarpayının, nə də cizgiçinin ayrıca batareyası var; batareya çarpayının özünə lazım olur, cizgiçi də vəli işıqla təmin edir. Elə ki adam möhkəm-möhkəm qayışlandı, çarpayı işə salınır. Çox sürətlə, eyni zamanda həm yandan-yana, həm də aşağı-yuxarı titrəyir. Oxşar aparatları xəstəxanalarda görmüş olarsınız; amma bizim çarpayıda bütün hərəkətlər dəqiq hesablanıb; onlar, əslində, vəlin hərəkətləri ilə həmahəng düzəldilib. Həmin vəl də hökmü icra edir. – Hökm nədən ibarətdir? – səyyah soruşdu. – Bunu da bilmirsiniz? – Zabit təəccüblə cavab verib dodağını dişlədi. – İzahatım yetərli olmayıbsa, məni bağışlayın; çox-çox üzr istəyirəm. İzahatları əvvəllər, bir qayda olaraq, komendant verərdi; yeni komendant isə bu şərəfli vəzifədən yaxasını qırağa çəkir; belə yüksək bir qonağı…-səyyah bu bəlağətli sözləri təvazökarcasına rədd etməyə çalışdı, amma zabit öz ifadəsində israr etdi, – belə yüksək bir qonağı hətta hökmlə tanış etməmək növbəti yenilikdir, – söyüş dilinin ucundaydı, lakin özünü ələ alıb yalnız bunları dedi: – Bu barədə məni xəbərdar etməyiblər, günah məndə deyil. Hər halda, hökmlərimizin çeşidlərini izah etməyı qadirəm, çünki mən, – döş cibinə döyəclədi, – keçmiş komendantın öz əli ilə çəkdiyi cizgiləri burada gəzdirirəm. – Öz əli ilə çəkdiyi cizgiləri? – səyyah soruşdu. – Yəni, o hər şeyi özündə birləşdirirdi? Həm əsgər, həm hakim, həm komendant, həm kimyaçı, həm də cizgi çəkən idi? – Əlbəttə, – zabit başını tərpədib dedi. Onun donuq, fikirli baxışları vardı. Sonra sınayıcı nəzərlərlə əlinə baxdı; cizgiləri cibindən çıxarmaq üçün əllərini bir də yudu. Axırda balaca dəri qovluğu cibindən çıxarıb sözünə davam etdi: – Hökmümüz o qədər də sərt deyil. Nizamnamənin hansı bəndini pozubsa, həmin bənd vəllə onun bədəninə yazılacaq. Bu müttəhimin, mələsən, – zabit oğlanı göstərdi, – bədəninə yazılacaq: “Rütbəcə özündən böyüyün yolunu gözlə!” Səyyah gözucu müttəhimə baxdı; zabit əli ilə onu göstərəndə müttəhim nəsə öyrənmək üçün başını aşağı salıb, sanki, bütün eşitmə qabiliyyətini işə saldı. Lakin bir-birinə sıxılmış kömbə dodaqları açıq-aşkar deyirdi ki, heç nə başa düşməyib. Səyyah çox şey soruşmaq istəyirdi, ancaq müttəhimin gözü qarşısında təkcə bunu soruşdu: – Hökmdən xəbəri var? – Yox, – deyib zabit tələsik izahatını davam etdirmək istədi. – Hökmdən xəbəri yoxdur? – Xeyr, – zabit yenidən cavab verdi; sonra biranlığa donub qaldı, elə bil, səyyahdan sualının dəqiqləşdirilməsini tələb edirdi və sonra əlavə etdi: – Bu xəbəri ona deməyin xeyri yoxdur. Onsuz da, bunu canında hiss edəcək. Səyyah susmaq istədi, amma bu vaxt gördü ki, müttəhimin gözünü ondan çəkmir, sanki, soruşmaq istəyir ki, deyilən əməliyyatı bəyənirmi? Ona görə də arxaya söykənən səyyah qabağa əyilib bir də soruşdu: – Heç olmasa, ittiham olunduğunu bilirmi? – Onu da yox, – deyib zabit səyyahın üzünə irişdi, sanki, ondan yenə qəribə-qəribə sözlər gözləyirdi. – Yoox, – səyyah dillənib əlini alnına çəkdi, – onda ən azı müdafiəsinin necə təşkil olunduğundan xəbəri olar? – Özünü müdafiə etməyə imkan tapmayıb, – deyib zabit kənara baxdı, elə bil, öz-özü ilə danışırdı və özünə gün kimi aydın olan şeyləri səyyaha danışmaqla onu utandırmaq istəmirdi. – Axı özünü müdafiə üçün ona imkan verilməliydi, – deyib səyyah oturduğu yerdən qalxdı. Zabit anladı ki, aparatın şərhində çox dayanmağı ilə təhlükə yaradıb, odur ki, səyyahın yanına gedib onun qoluna girdi. Diqqət açıq-aşkar ona yönəldiyi üçün farağat dayanan – bir tərəfdən də əsgər zənciri bərk-bərk çəkmişdi – müttəhimi əli ilə göstərib dedi: – Məsələ belədir: cavanlığıma baxmayaraq, məni cəza koloniyasında hakim təyin ediblər. Çünki bütün cəza məsələlərində həmişə keçmiş komendatın tərəfini saxlamışam, aparata da ən yaxşı bələd olan mənəm. Çıxardığım qərarların əsası bu olur: suça şübhə ilə yanaşmazlar. Digər məhkəmələr bu baş prinsipə əməl etmir, çünki onlar bir neçə nəfərdən ibarət olur və başlarının üstündə daha yüksək məhkəmələr dayanır. Burada isə belə deyil, ən azı keçmiş komendantın vaxtında belə deyildi. Təzəsi, hər halda, mənim məhkəməmə qarışmağa səy göstərdi, lakin bu günə qədər onu yaxın buraxmamaq mənə müyəssər olub və gələcəkdə də olacaq. İstəyərdiniz, bu iş sizə izah edilsin; başqaları kimi o da çox adidir. Kapitanlardan biri bu gün səhər tezdən şifahi raportla bildirib ki, ona xidmətçi kimi verilmiş və qapısının ağzında durmalı olan bu adam postda yatıb. Əslində, onun borcudur ki, hər saatdan bir ayağa qalxıb kapitanın qapısına hərbi salam versin. Təbii ki, çətin tapşırıq deyil, həm də vacibdir, çünki xidmətçi həm keşik üçün, həm də xidmət üçün gümrah qalmalıdır. Kapitan dünən gecə yoxlamaq istəyib ki, xidmətçisi vəzifəsini necə yerinə yetirir. Düz saat ikidə qapını açıb və onun büzüşüb yatdığını görüb. Matrası götürüb onun üzünə vurub. Əsgər ayağa durub üzr istəmək əvəzinə, ağasının qıçlarından yapışıb, onu bərk-bərk silkələyib və deyib: “Matrası at, yoxsa səni diri-diri yeyəcəm”. Məsələnin canı budur. Kapitan bir saat qabaq yanıma gəldi, dediyi məlumatları yazıb götürdüm, ardınca da hökmü yazdım. Sonra adamı zəncirlətdirdim. Hər şey çox sadə alindı. Onu əvvəlcə çağırıb sorğu-suala tutsaydım, yanlış təsəvvür yaranardı. Yalan danışardı, yalanları açmaq mənə müyəssər olsaydı belə, təkzib edərdi, onu yeniləri ilə əvəzləyərdi və sairə. İndi isə əlimdədir və buraxan deyiləm. Hər şey aydın oldu? Vaxt keçir, edam çoxdan başlamalıydı, mənsə hələ aparatın şərhini başa çatdırmamışam. – Səyyahı kürsüdə oturmağa məcbur edib aparata yaxınlaşdı və başladı: – Gördüyünüz kimi, vəl insanın boyuna uyğun gəlir. Vəlin bu hissəsi bədənin yuxarısı üçündür, qalan hissəsi isə qıçlar üçün. Baş üçün yalnız bu balaca sancaq nəzərdə tutulub. Burası sizə aydın oldu? O, ətraflı izahata hazır vəziyyətdə dostcasına səyyaha doğru əyildi. Səyyah qaşlarını düyünləyib diqqətlə vələ baxdı. Məhkəmə prosesi barədə məlumatlar onu qane etməmişdi. Dalbadal öz-özünə deyirdi ki, burada söhbət cəza koloniyasından gedir, burada xüsusi tədbirlər qüvvədədir və hər şeyə hərbi baxımdan yanaşılır. Bununla yanaşı, o, açıq-aşkar, bir az da asta-asta təzə məhkəmə proseslərini tətbiq etmək istəyən yeni komendanta müəyyən ümidlər bəsləyirdi ki, həmin proseslər də bu zabitin dardüşüncəli başına heç cür girmək istəmirdi. Bu düşüncələrin təsiri altında səyyah soruşdu: – Komendant edam mərasimində iştirak edəcək? – Dəqiq deyil, – gözlənilməz sualdan möhkəm pərt olmuş zabit dilləndi və o saat xoş sifəti əyildi. – Elə buna görə də tələsməliyik. Mənə nə qədər ağır olsa da, şərhimi qısaltmalı olacam. Amma təfərrüatlı izahı sabah, aparat yenidən təmizlənəndən sonra da verə bilərdim; həddən artıq çirklənməsi də onun yeganə nöqsanıdır. İndi isə ən vacib məqamlara keçək. Adam çarpayıda uzananda və çarpayı titrəyişə gətiriləndə vəl bədənin üstünə enir. Özü özlüyündə işə elə düşür ki, bədənə yalnız iynənin ucları ilə toxunur; işədüşmə gerçəkləşəndə bu polad vəl, sanki, dönüb paya olur. Oyun da bundan sonra başlayır. Bixəbər kəs cəzalardakı zahiri fərqləri görmür. Vəl eyni ahənglə işləməyə başlayır. Titrəyərək iynələrinin uclarını çarpayının əsdirdiyi bədənə sancır. Hökmün icrasına hər kəs üçün nəzarət imkanı yaratmaqdan ötrü vəl şüşədən hazırlanıb. İynələri ora bərkitmək üçün xeyli texniki çətinliklərlə üzləşdik. Lakin saysız təcrübələrdən sonra buna nail ola bildik. Zəhmətimizi qəti əsirgəmədik. İndi isə hər kəs yazının bədənə necə döyüldüyünü şüşədən görə bilər. Yaxına gəlib iynələrə baxmaq istəmirsinizmi? Səyyah yerindən durub ora getdi və vəlin üstünə əyildi. – Siz burada,- zabit dilləndi, – fərqli düzülüşlərdə iki cür iynə görürsünüz. Hər uzun iynənin yanında bir gödəyi də var. Uzun iynə yazır, gödək isə qanı yumaq üçün su fısqırdır və yazının həmişə görünməsinə imkan yaradır. Sulu qan da buradan xırda cığırlara axıdılır, onlar da sonda axma borusu ilə çalaya uzanan böyük arxa tökülür. Qanlı suyun axacağı yolu zabit barmağı ilə dəqiq göstərdi. Bunu imkan daxilində əyaniləşdirmək üçün hər iki əlini axıdıcı borunun ağzına tutanda səyyah başını qaldırıb əli ilə arxanı yoxlaya-yoxlaya öz kürsüsünə dönmək istədi. Bu vaxt səyyahı heyrətə gətirən o oldu ki, müttəhim də zabitin dəvətini qəbul edib qurğuya yaxından baxmaq üçün ora yan almışdı. Mürgü döyən və əlində zəncir tutan əsgəri də özü ilə bir balaca qabağa dartıb şüşənin üstünə əyilmişdi. Bu iki cənabın indicə müşahidə etdiyi şeyi şübhəli baxışlara necə axtardığı, lakin verilən izahatı başa düşmədiyinə görə buna müyəssər olmadığını asanca görmək olardı. Gah bura, gah da ora əyilirdi. Həmişə də gözü şüşədə ilişib qalırdı. Səyyah onu geri sıxışdırmaq istədi, çünki etdikləri, çox güman ki, cəzaya layiq idi. Lakin zabit bir əli ilə səyyahı tutub o birisi ilə yerdən bir kəsək götürdü və əsgərə atdı. O da diksinib gözünü açdı və müttəhimin nəyə cəsarət etdiyini görüb silahını yerə atdı, ayaqlarını dirəyib müttəhimi arxaya elə bərk dartdı ki, o, yerə sərildi, sonra əsgərə doğru baxıb onun necə qıvrıldığını və zənciri cingildətdiyini gördü. – Qaldır onu! – zabit bağırdı, çünki görürdü ki, müttəhim səyyahın diqqətini yayındırır. Səyyah vələ maraq göstərmədən müttəhimin üstünə əyildi və onun başına nə gəldiyini müəyyənləşdirmək istədi. – Qayğısına yaxşı-yaxşı qal! – Zabit bir də bağırdı. Aparatın başına dolanıb tez-tez sürüşən müttəhimin qolundan yapışdı və əsgərin köməyi ilə onu ayaq üstə qaldırdı. – Hər şeyi bildim, – zabit yenidən onun yanına qayıdanda səyyah dilləndi. – Əsas yerindən başqa, – deyib zabit səyyahın qoluna girdi və başını qaldırıb yuxarı baxdı. – Orada cizgiçinin içində vəlin hərəkətini tənzimləyən çarx var və həmin çarx hökmə uyğun olaraq cizgi ilə quraşdırılır. Mən hələ də keçmiş komendantın cizgilərindən istifadə edirəm. Budur onlar – dəri qovluqdan xeyli kağız çıxartdı. – Əfsuslar ki, onları sizin əlinizə verə bilmərəm, onlar mənim ən qiymətli sərvətimdir. Əyləşin, mən onları bu məsafədən göstərəcəm, hər şeyi yaxşı görəcəksiniz. – Birinci vərəqi göstərdi. Səyyah nəsə xoş bir söz demək istədi, ancaq dəfələrlə bir-birinə dolaşıb-keçən dolanbac xətlərdən başqa, heç nə görmədi, xətlər kağızı elə örtmüşdü ki, aralarındakı ağ ləkələri güclə sezmək olurdu. – Oxuyun, – zabit dedi. – Oxuya bilmirəm, – səyyah cavab verdi. – Aydındır ki, – zabit dedi. – Əsl sənət əsəridir, – səyyah yayğın cavab verdi, – amma ayırd edə bilmirəm. – Hə, – deyib zabit güldü və qovluğu təzədən cibinə qoydu, – şagird hüsnxətti deyil. Gərək dərindən oxuyub öyrənəsən. Haçansa siz də oxuya biləcəksiniz. Təbii ki, bu, adi yazı ola bilməzdi; axı elə həmin an öldürmür, yalnız on iki saat ərzində. Dönüş nöqtəsi altıncı saata hesablanıb. Deməli, əsl yazını saysız nəqşlər dövrələməlidir; əsl yazı bədəni yalnız nazik qayış şəklində təsvir edir; ancaq bədənin ayrı nöqtələri nəqşlər kimi qeyd olunur. İndi vəlin və bütünlüklə aparatın işini dəyərləndirə bilərsinizmi? Hələ baxın! – sıçrayıb nərdivana qalxdı, təkərin birini fırladıb aşağıya qışqırdı: – Diqqət, qırağa çəkilin! – Hər şey hərəkətə gəldi. Təkər xırçıldamasaydı, mərasim çox gözəl olardı. Sanki, zabit bu səs-küylü təkərdən çaşbaş qalmışdı, yumruğunu düyünləyib onu hədələdi, sonra üzrxahlıq edərək qollarını səyyaha doğru açıb aparatın işini aşağıdan müşahidə etmək üçün nərdivandan endi. Aparat nəsə qaydasında olana oxşamırdı, bunu yalnız o özü hiss etmişdi. Yenidən yuxarı dırmaşdı, hər iki əli ilə cizgi qurğusunun içindən yapışdı, sonra tez olsun deyə, nərdivandan istifadə etmək əvəzinə, dəmir paya ilə sürüşüb aşağı düşdü və səs-küydə anlaşılsın deyə, var gücü ilə səyyahın qulağına qışqırdı: – Proses sizə aydındır? Vəl yazmağa başlayır; adamın kürəyində ilk yazını başa çatdırdımı, pambıq qat hərəkətə gəlib bədəni asta-asta qırağa sıxışdırır ki, vələ yeni məkan yaratsın. Bu arada yazılmış yaralı yerlər xüsusi qurğular vasitəsilə qanı o saat dayandıran və yazıların yeni dərinləşməsini hazırlayan pambığın üstünə uzanır. Sonra burada vəlin qırağındakı dişciklər bədənin növbəti fırlanması zamanı pambığı yaralardan dartıb qoparır, onu çalaya tullayır və vəl işini təzədən davam etdirir. Beləcə o, altı saat ərzində daha dərindən yazmağında olur. İlk altı saatda müttəhim, demək olar, əvvəlki kimi yaşayır, yalnız ağrıları hiss edir. İki saatdan sonra keçəni götürürük, çünki adamın qışqırmağa gücü qalmır. Burada, baş tərəfdə elektriklə qızdırılan alaçiy isti düyü sıyığı qoyulur, əgər adamın həvəsi qalıbsa, dilinin çatdığı yerdən onu yalayıb yeyə bilər. Bu imkanı heç bir müttəhim qaçırmır. Mən beləsini görməmişəm və təcrübəm də kifayət qədərdir. Yalnız altıncı saata çatanda o, yemək həvəsini itirir. Onda mən, adətən, burada diz çöküb mənzərəni müşahidə edirəm. Adam axırıncı qisməti nadir hallarda udur, yeməyi ağzında hərləyib çalaya tüpürür. Onda mən də əyilməli oluram, yoxsa birbaşa sifətimə sıçrayar. Altıncı saatın içində adam necə də kirimişləşir! Ağıl öz yerini dəliliyə verir. Bu, gözlərin qırağından başlayır. Gözün qıraqları genişlənir. Səni yoldan çıxarıb onunla bərabər vəlin altına uzanmağa təhrik edən bir mənzərə. Daha heç nə baş vermir, sadəcə olaraq, adam öz yazısını oxumağa başlayır, dodağını büzüb irəli uzadır, sanki, nəyisə dinşəyir. Özünüz görmürsünüz, yazını adi gözlə oxumaq asan deyil; bizimki isə onu yaraları ilə oxuyur. Hər halda, bu da xeyli işdir; onu başa çatdırmağa müttəhimə altı saat vaxt lazım olur. Sonra isə vəl onu büsbütün deşik-deşik edib çalaya tullayır ki, adam da şappıltı ilə qanlı suyun və pambığın içinə düşür. Sonra edam başa çatır və biz, əsgərlə mən, onun üstünü torpaqlayırıq. Səyyah qulağını zabitə doğru əyib əlləri pencəyinin cibində maşının işləməsinə baxırdı. Müttəhim də gözünü ondan çəkmirdi, amma heç nə anlamadan. Azca aşağı əyilib titrəyən iynələrə baxırdı, birdən zabitin işarəsi ilə əsgər bıçaqla onun köynəyinin və şalvarının arxasını elə kəsdi ki, hamısı yerə töküldü; açıq yerlərini örtmək üçün müttəhim paltardan yapışmaq istədi, lakin əsgər onu yerdən qaldırıb qalan cır-cındırı da əynindən çıxartdı. Zabit maşını söndürdü və indi buraya hakim kəsilən sakitlikdə müttəhimi vəlin altına uzatdılar. Zəncirlərini açdılar, əvəzində qayışları bərkitdilər; ilk anda bu, müttəhimə, bir növ, yüngülləşmə kimi gəldi. Vəl bir az da aşağıya endi, çünki müttəhim arıq idi. İynələrin ucu ona toxunanda canından bir üşənti keçdi; əsgər sağ əli ilə məşğul olanda müttəhim sol əlini uzatdı, özü də bilmirdi haraya. Amma bu, səyyahın dayandığı səmt idi. Zabit kənardan daim səyyaha baxırdı, sanki, onun üzündəki ifadəni oxumağa çalışırdı, ona ən azı səthi də olsa, izah etdiyi edamın yaratdığı ifadəni. Bilək qayışı qırıldı, yəqin əsgər onu bərk dartmışdı. Zabit köməyə gələsi oldu, əsgər qayışın qırığını ona göstərdi. Zabit səyyahın yanına qayıtdı, üzünü ona tutub dedi: – Maşının qaykaları bərk sıxılıb, ona görə də gah orada, gah da burada nəyisə qırmalı, ya da sındırmalı olur. Amma belə şeylə bütövlükdə edama şübhə etmək olmaz. Qayışa indicə əvəz taparıq; onun yerinə zəncirdən istifadə edərəm; belə olanda da sağ qolda titrəmə zərifliyini itirəcək. – Zənciri bağlaya-bağlaya bunları da dedi: – Maşını saxlama xərcləri indi xeyli azalıb. Keçmiş komendantın zamanında yalnız bu məqsəd üçün mənə xüsusi büdcə ayrılmışdı. Burada bütün mümkün ehtiyat hissələrinin satıldığı xüsusi bir dükan vardı. Etiraf edim ki, həmin büdcə ilə bədxərclik edirdim, əvvəlləri nəzərdə tuturam, indini yox, yeni komendantın dediyi kimi, pulu xərcləməyə o da bir bəhanə olmuşdu. Maşının büdcəsini təzə komendant indi öz əlinə alıb və yeni qayış üçün yanına adam göndərsəm, sübut kimi qırılmışını tələb edəcək, təzəsi də yalnız on gündən sonra qırılmışını tələb edəcək, təzəsi də yalnız on gündən sonra gələcək, pis keyfiyyətdə olacaq və heç nəyə yaramayacaq. Amma o vaxta kimi heç kimin vecinə deyil ki, qayışsız maşını necə işlədəcəyəm. Səyyah fikrə getdi: yad münasibətlərə köklü müdaxilə etmək həmişə ürək tələb edir. O nə koloniyanın sakini idi, nə də onun yerləşdiyi dövlətin vətəndaşı. Əgər bu edam barədə mühakimə yürüdüb onu ləğv etdirmək istəsəydi, deyəcəkdilər: “Qəribsən, otur qərib yerində, dilini də qoy qarnına”. Buna da heç cür cavab qaytara bilməzdi, yalnız onu əlavə edərdi ki, bu məsələni heç özü də düz-əməlli qavraya bilmir, çünki ona baxmaq məqsədiylə buraya gəlib, heç də yad ölkənin cinayət məcəlləsini dəyişməyə yox. Hər halda, buradakı işlər xeyli tovlayıcı idi. Məhkəmənin ədalətsizliyi, edamın vəhşiliyi şübhə doğurmurdu. Səyyahın mərhəmətini heç kəs qəbul etməzdi, çünki müttəhim ona yad idi, yerlisi deyildi, onu mərhəmətə layiq adam da hesab etmək olmazdı. Səyyah özü isə yüksək dairələrin məsləhətiylə gəlmiş, burada böyük ehtiramla qarşılanmışdı və bu edama dəvət olunması hətta o demək idi ki, bu məhkəmə haqqında onun fikrini gözləyirlər. Bunu bir də ona görə güman etmək olardı ki, apaydın eşitdiyi kimi, komendant belə məhkəmənin tərəfdən deyildi və zabitdən fərqli olaraq buna düşmən münasibəti bəsləyirdi. Bu vaxt səyyah zabitin şappıltısını eşitdi. Çətinliklə də olsa, o, keçəni müttəhimin ağzına yaxınlaşdıra bilmişdi, müttəhim də tənbəllik etmədən gözlərini yumub qusmuşdu. Zabit də onu tələsik dartıb keçədən aralamış, başını çalaya doğru çevirmək istəmişdi; amma gecikmişdi, qusuntu maşından üzü aşağı axırdı. – Günahın hamısı komendantdadır! – zabit qışqırıb tunc dirəkləri dəli kimi silkələdi. – Maşın tövlə kimi zibilləndi. – Baş verənləri əlləri əsə-əsə səyyaha göstərdi. – Saatlarla komendanta başa salmağa çalışmadımmı ki, edamdan bir gün qabaq müttəhimə yemək verilməsin. Amma bu mülayim yeni rəhbərlik ayrı fikirdədir. Gədə bura gətirilənə qədər komendantın arvadları onu təpişdirib qarnını şirniyyatla doldurdular. Ömrü boyu iylənmiş balıqla dolanan adam indi birdən-birə şirniyyat yeyir! Amma bu da mümkündür, etirazım yoxdur, bəs niyə təzə keçə tapıb gətirmirlər, üç aydır ki, ləliyib istəyirəm. Yüzlərlə adamın ölüm ayağında dişlədiyi bu keçəni ürək bulanmadan ağıza necə almaq olar? Müttəhim başını yerə qoymuşdu, məsum görkəmi vardı. Əsgər onun köynəyini götürüb maşını silməyə girişmişdi. Zabit naməlum bir duyumla bir addım geriyə çəkilən səyyaha yaxınlaşdı, onun əlindən tutub kənara çəkdi. – Sizə ürək qızdırıb bir-iki söz demək istəyirəm, – dedi, – olarmı? – Əlbəttə, – səyyah cavab verdi, başını aşağı salıb dinlədi. – Məftun olmağa imkan tapdığınız bu məhkəmə prosesinin və edamın hal-hazırda koloniyamızda açıq tərəfdarları qalmayıb. Onların, həm də keçmiş komendantın qoyub-getdiyi irsin yeganə davamçısı mənəm. Bu cür məhkəmə prosesinin aradan qaldırılmasını heç ağlıma da gətirmirəm, indiyə qədər olanı saxlamaq üçün var gücümü əsirgəməyəcəm. Keçmiş komendant sağ olanda koloniya onun pərəstişkarları ilə doluydu; onun inandırma gücündən məndə qismən qalıb, lakin hökmüm yoxdur, heç yoxdur; bunun da nəticəsində pərəstişkarlar öz qınlarına çəkiliblər, hələ çoxları durur, amma heç biri boynuna almır. Siz bu gün, yəni edam günü çayxanaya gedib diqqətlə qulaq assanız, ikili fikir eşidəcəksiniz. Onların hamısı bu işin pərəstişkarıdır, lakin hazırki komendantın rəhbərliyi altında və onun indiki baxışında mənim üçün tam yararsızdırlar. İndi sizdən soruşuram: həmin komendanta və ona təsir göstərən arvadlarına görə belə bir həyat əsəri – maşını göstərdi – məhv olmalıdırmı? Buna yol vermək olarmı? Hətta bir qərib kimi bir neçə günlüyə bizim adada olsanız belə? Amma vaxt itirməyə dəyməz, mənim məhkəmə işlərimə qarşı nəsə hazırlayırlar; komendantlıqda artıq mənim iştirakım olunmadan məşvərətlər keçirirlər; hətta sizin gəlişiniz də, məncə, bunun əlamətidir; qorxaqlıq edib sizi, əcnəbini göndərirlər. Qabaqlar edam başqa bir mənzərəydi! Edama hələ bir gün qalmış dərə adamla dolardı; hamı tamaşaya axışardı; səhər tezdən komendant özü xanımları ilə gələrdi; şeypurlar düşərgə meydançasını büsbütün oyadardı; mən raport verərdim ki, hər şey hazırdır; məclis, yüksək məmurlardan heç kim qıraqda qalmazdı, maşının ətrafına yığışardı; bu dəmir kürsü yığını da həmin dövrün miskin qalığıdır. Təzəlikcə təmizlənmiş maşın par-par parıldayardı, demək olar, hər edama yeni ehtiyat hissələri alardım. Yüzlərlə adamın gözü önündə, bütün tamaşaçılar düz o yamaclara qədər ayaqlarının ucunda dayanardı, müttəhimi komendantın özü vəlin altına uzadardı. Bu gün adi əsgərin gördüyü işi o vaxt mən, baş həkim, yerinə yetirərdim, bu, mənim üçün bir şərəf işiydi. Edam başlayardı, nə başlayardı! Bir dənə də yersiz səs maşının işinə mane olmazdı. Bəziləri hətta tamaşa da etmirdi, sadəcə, gözlərini yumub qumda uzanırdılar; hamı bir şeyi dəqiq bilirdi: indi ədalət öz yerini tutacaq. Sakitlikdə yalnız müttəhimin keçə ilə boğulan zarıltısı eşidilirdi. Bu gün müttəhimi bərkdən zarıldatmağa maşının gücü çatmır, hətta onu boğan keçədən də zəifdir; amma o vaxt yazan iynələr istənilən qədər qan çıxarırdı, bu gün isə onu tətbiq etmək olmur. Hə, sonra altıncı saat gələrdi! Hamının yaxından baxmaq xahişini yerinə yetirmək mümkün olmurdu. Komendant özü bildiyi kimi sərəncam vermişdi ki, ilk növbədə, uşaqlar nəzərə alınsın; hər halda, mən vəzifəmə görə yaxında olurdum; çox vaxt sağ və sol qolumda iki uşaq tutub orada otururdum. Əzablı sifətin ifadəsinə necə baxırdıq, axır ki, başa çatan və keçib-gedən bu ədalətin işığında sifətimiz necə də nurlanırdı! Nə cür zamanlar vardı, dostum! Zabit qarşısındakının kim olduğunu açıq-aşkar unutmuşdu; səyyahı qucaqlayıb başını onun çiyninə qoymuşdu. Səyyah bərk pərt olmuşdu, zabitin başı üstündən səbirsiz-səbirsiz o üzə baxırdı. Əsgər təmizlik işini başa çatdırmışdı və düyü sıyığını tənəkə qutudan cama tökmüşdü. Tam dincəlmişə oxşayan müttəhim bunu görən kimi dili ilə sıyığı yalamağa başladı. Əsgər onu hey qırağa itələyirdi, çünki görünür, sıyıq bir az sonraya nəzərdə tutulmuşdu, amma o, elə tərslik edirdi ki, əsgər çirkli əllərini acgöz müttəhimin qarşısındakı sıyığa soxub yeməyə girişdi. Zabit özünü tez ələ aldı. – Sizi heç də həyəcanlandırmaq istəmirdim, – dedi, – bilirəm, o vaxtları izah edib başa salmaq çətindir. Əslinə qalsa, maşın elə bu gün də öz işini görür. Bu dərədə tək-tənha dayansa da, öz işini görür. Cəsəd həmişəki kimi anlaşılmaz dərəcədə yüngülcə uçub çalaya düşür, o vaxtlardakı kimi yüzlərlə insan milçəktək çalanın ətrafına yığışmasa da. O vaxt məcbur olub çalanın dörd yanına möhkəm məhəccər düzəltmişdik, çoxdan qırıb atıblar. Səyyah üzünü zabitdən çevirmək istədi, məqsədsiz-məramsız ətrafına baxdı. Zabit elə bildi, səyyah dərənin bitkisiz örtüyünü gözdən keçirir; buna görə də onun əlindən tutub baxışını tutmaq üçün ətrafına dolandı və soruşdu: – Biabırçılığı görürsünüz dəə? Lakin səyyah dinmədi. Zabit biranlığa ondan aralandı; ayaqlarını aralı, əllərini də belinə qoyub kirimişcə dayandı və yerə baxdı. Sonra səyyahın üzünə bic-bic gülümsəyib dedi: – Dünən komendant sizi dəvət edəndə uzaqda deyildim. Dəvəti eşitdim. Komendantı yaxşı tanıyıram. Bu dəvətlə nə məqsəd güddüyünü o saat başa düşdüm. Mənə qarşı addım atmaqda ixtiyarının hədd-hüdudu olmasa da, buna ürək eləmir, görünür, məni sizin, hörmətli bir əcnəbinin öhdəsinə baxır. Pis fikirləşməyib. Siz ikinci gündür ki, bu adadasınız, keçmiş komendantdan və onun düşüncələrindən xəbərsizsiniz, Avropa baxışlarının təsiri altındasınız, bəlkə də, ümumən ölüm hökmünün, xüsusilə də maşınla edamın əleyhinəsiniz, üstəlik, onun şahidisiniz ki, kütləvi iştirak olmadan edam çoxdan xarab olmuş maşında necə də kədərli icra olunur. Bütün bunlardan sonra hamısını bir yerə yığdıqda komendant belə düşünür, lap asanlıqla mümkündür ki, mənim məhkəmə prosesimi düzgün saymayasınız. Düzgün saymasanız, onda bu barədə mən hələ də komendantın düşündüklərini deyirəm, yəqin ki, susmayacaqsınız, çünki siz, çox güman ki, təkrar-təkrar sınanmış fikirlərinizə üstünlük verəcəksiniz. Hər halda, bir çox xalqların saysız özəlliklərini görüb onlara hörmətlə yanaşmağa öyrəşmisiniz, ona görə də, yəqin, bu məhkəmə prosesinin əleyhinə var gücünüzlə çıxmazsınız, hərçəndi ki öz vətəninizdə mütləq belə edərdiniz. Amma komendant heç onu da vecinə alan deyil. Ötəri, ehtiyatsız bir kəlmə bəsidir. Onun istəyi ilə ayaqlaşırsa, sizin qənaətinizə uyğun gəlməyə də bilər. Bütün hiylələrini işə salıb lazımi sözü sizdən qoparacağına tam əminəm. Xanımları da dörd yanında oturub qulaqlarını şəkləyəcək; təqribən, belə deyəcəklər: “Bizdə məhkəmə prosesi tam başqa cür olur”, ya da: “Bizdə müttəhim hökmlə tanış olur”, yaxud: “Bizdə ölüm hökmündən başqa ayrı cəzalar da var”, yaxud da: “Bizdə işgəncələr orta əsrlərdə olub”. Hamısı sizə təbii göründüyündən də doğru iraddır, mənim məhkəmə prosesimə aidiyyati olmayan məsum iradlar. Bəs komendant onları necə qarşılayacaq? Mən gözəl komendantımızın kətili kənara çəkib balkona tələsdiyini, xanımlarının onun dalınca getdiyini indidən görürəm, onun səsini, xanımları buna “göy gurultusu” deyir, eşidirəm: “Qərbin bu işə səlahiyyətli böyük tədqiqatçısı bildirir ki, bizim köhnə adətimizlə apardığımız məhkəmə işi qeyri-insanidir. Belə bir şəxsiyyətin həmin qənaətindən sonra bu məhkəmə işinə dözmək mənə mümkünsüz görünür. Bugünkü gündən sərəncam verirəm və sairə”. Yadınızda saxlayın, onun dediklərini siz dilinizə də gətirməmisiniz, mənim məhkəmə prosesimə qeyri-insani deməmisiniz, əksinə, sizin möhkəm əminliyinizə görə bunu ən humanist və ən insanalayiq sayırsınız, bu maşın məsələsinə də aludə olmusunuz, amma çox gecdir, siz qadınlarla dolu balkona da çıxmırsınız; istəyirsiniz, sizi də saysınlar; qışqırmaq istəyirsiniz; ancaq qadın əllərindən biri sizin ağzınızı yumur və mən də, keçmiş komendantın əməyi də məhv oluruq. Səyyah təbəssümünü birtəhər boğdu; həddən artıq çətin saydığı iş, deməli, belə asanmış. Boyun qaçıran adamlar kimi dilləndi: – Mənim təsir gücümü çox şişirdirsiniz; komendant mənə verilmiş zəmanət məktubunu oxuyub, bilir ki, məhkəmə işlərinin bilicisi deyiləm. Fikir söyləyəsi olsam, bu, fərdin fikri olar, istənilən adamın fikri kimi heç bir məna kəsb etməz, az-maz bildiyim kimi, bu cəza koloniyasında geniş səlahiyyətlərə malik komendantın fikrinin yanında isə çox əhəmiyyətsiz görünər. Sizin düşündüyünüz kimi, bu məhkəmə prosesi barədə onun fikri məlumdursa, qorxuram ki, mənim cüzi yardımım olmadan da bu işin sonu çatmış olsun. Zabit bunu anladımı? Xeyr, hələ ki anlamadı. Bərk-bərk başını silkələdi, onun baxışından diksinib sıyıqdan əl çəkən müttəhimə və əsgərə gözucu nəzər saldı, səyyaha daha da yaxın gəldi, bu dəfə onun üzünə yox, haradasa pencəyinə baxdı və bayaqkindan xeyli asta səslə dilləndi: – Komendantı yaxşı tanımırsınız; ona və bizim hamımıza baxanda siz, ifadəmə görə üzr istəyirəm, müəyyən mənada məsumsunuz; inanın mənə, təsiriniz o qədər də yüksək dəyərləndirilə bilməz. Eşidəndə ki yalnız edamda iştirak etmək fikriniz var, özümü çox xoşbəxt saydım. Komendantın bu sərəncamı mənə aid olmalıydı, indi isə ondan mən öz xeyrimə istifadə edəcəyəm. Fikriniz yalançı pıçapıçlardan və ikrahlı baxışlardan yayınmadan, edamdakı iştirakçıların sayı çox olanda bundan qaça bilməzdiniz, izahlarımı dinlədiniz, maşını gördünüz, indi də edama baxmaq fikrindəsiniz. Yəqin, müəyyən qənaətə gəlmisiniz; xırda əyər-əskik olsa, edam vaxtı aradan qaldırılacaq. İndi isə sizdən bir xahişim var: komendantın yanında mənə dəstək verin! Səyyah onun sözünü kəsdi. – Necə edə bilərəm axı, – az qala, qışqıra-qışqıra dedi, – heç cür mümkün deyil. Sizə ziyanım dəyəcək qədər də xeyrim dəyə bilər. – Edə bilərsiniz, – zabit cavab verdi. Səyyah qorxa-qorxa gördü ki, zabit yumruğunu düyünləyib. – Edə bilərsiniz, – zabit daha da israrla təkrarladı. – Başımda bir plan var, alınmalıdır. Fikirləşirsiniz ki, təsiriniz yetərli olmaz. Mənsə bilirəm ki, olar. Amma etiraf edim ki, haqlısınız. Fəqət bu məhkəmə prosesinin saxlanması üçün hətta mümkünsüz işə də cəhd etmək lazım gəlmirmi? Ona görə də planımı dinləyin. Onun baş tutması üçün gərək, hər şeydən əvvəl, məhkəmə barədə fikrinizi koloniyada bacardıqca dilə gətirməyəsiniz. Əgər sizdən birbaşa soruşmasalar, fikir söyləməyə ixtiyarınız yoxdur; cavabınız da qısa və qeyri-müəyyən olmalıdır; qoy elə bilsinlər ki, bu barədə danışmaq sizə ağırdır, kefiniz yoxdur, ağzınızı açıb danışmalı olsanız, ən ədəbsiz söyüşlər deməli olacaqsınız. Sizdən tələb etmirəm ki, yalan danışasınız; heç vəchlə; yalnız qısa cavab verəsiniz, təxminən: “Hə, edamı gördüm”, ya da, “Hə, bütün izahları dinlədim”. Yalnız bunu, daha bir kəlmə də. Lap komendantın düşündükləri olmasa da, kefinizin pozulduğunu görmələrinə istənilən qədər səbəb var. Təbii ki, o, hər şeyi tam tərsinə başa düşəcək və özü bildiyi kimi yozacaq. Mənim planım da elə buna hesablanıb. Sabah komendantın sədrliyi altında idarənin ən yüksək məmurlarının iştirakiylə böyük bir iclas keçiriləcək. Bu cür iclaslardan tamaşa düzəltməyə komendant çoxdan öyrəşib. Həmişə tamaşaçılarla dolu olan bir qalereya tikilib. Müşavirələrdə iştirak etməyə mən də məcburam, amma qəti ürəyimcə olmadığına görə, az qala, əsim-əsim əsirəm. Siz bu iclasa mütləq dəvət olunacaqsınız; bu gün özünüzü mənim planıma görə aparsanız, dəvət dönüb israrlı xahiş olacaq. Amma hansısa naməlum səbəbdən dəvət olunmasanız, onda gərək dəvətnaməni özünüz istəyəsiniz. Onu alacağınıza şübhə ola bilməz. Hə, deməli, sabah xanımlarla bərabər komendantın lojasında əyləşirsiniz. Nəzərlərini yuxarıya salanda komendant sizin orada oturduğunuza əmin olur. Bir neçə darıxdırıcı, məzəli, yalnız tamaşaçılara hesablanan müzakirə obyektindən – çox vaxt liman tikintisindən, yalnız liman tikintisindən danışırlar və nəhayət, məhkəmə prosesi də dilə gətirilir. Bunu komendant yetərincə tez etməsə, çalışacam ki, müzakirəyə çıxarılsın. Ayağa durub bugünkü edam haqqında məlumat verəcəm. Belə bir məlumat, əslində, orada verilmir, amma mən mütləq verəcəm. Komendant həmişə olduğu kimi, səmimi təbəssümlə mənə təşəkkür edəcək və özünü saxlaya bilməyəcək, ələ düşən gözəl fürsətdən istifadə edəcək. “İndicə”, – bunu və ya buna bənzər nəsə deyəcək, – edam barədə məlumat verildi. Bu məlumata yalnız onu əlavə etmək istərdim ki, orada bildiyiniz kimi, koloniyamızın ən hörmətli qonağı, böyük tədqiqatçı iştirak edib. Elə bugünkü iclasımız da onun iştirakı ilə böyük əhəmiyyət kəsb edir. Edamın və ondan əvvəlki mərhələnin köhnə qaydada aparılması barədə bu böyük tədqiqatçıya sual versək, necə olardı?” Təbii ki, hər tərəfdən sürəkli alqışlar, ümumi dəstək, ən fəalı da mən. Komendant sizə təzim edib deyəcək: “Onda hamının adından sual verirəm”. Bu vaxt məhəccərin üstünə əyilirsiniz. Əllərinizi də, hamı görsün deyə, onun üstünə qoyursunuz, yoxsa xanımlar əllərinizdən yapışıb barmaqlarınızla oynayar. Nəhayət, söz sizə çatır. O vaxta qədərki saatların gərginliyinə necə dözəcəyimi bilmirəm. Nitqinizə heç bir məhdudiyyət qoymamalısınız, həqiqəti deyib səs-küy qaldırın, məhəccərin üstünə əyilin, fikrinizi – təkzib olunmaz fikrinizi səsiniz gəldikcə bağırıb, bəli, bağırıb komendanta bildirin. Bəlkə, bunu istəməyəcəksiniz, bu, sizin xarakterinizə uyğun gəlmir, bəlkə də, sizin ata yurdunuzda belə vəziyyətlərdə ayrı cür hərəkət edirlər, əslində, o da düzdür, elə bu da yetərlidir, qəti ayağa qalxmayın, yalnız bir-iki kəlmə deyin, pıçıltı ilə deyin ki, sizdən aşağıda oturan məmurlar eşitsin, bu bəs edər, gərək iştirakçıların kimliyindən, xırçıldayan çarxdan, qırılmış qayışdan, murdar keçədən bir kəlmə də deməyəsiniz, qəti, yerdə qalanlar mənim işimdir, inanın mənə, nitqim komendantı zaldan qovub çıxarmasa da, onu diz çökdürəcək və etiraf etməli olacaq: “Ey keçmiş komendant, qarşında baş əyirəm”. Budur mənim planım; onun yerinə yetirilməsində mənə kömək etmək istəyirsinizmi? Əlbəttə, istəyirsiniz, hələ daha çox istəməlisiniz! Zabit səyyahın hər iki qolundan tutub tövşüyə-tövşüyə onun üzünə baxdı. Sonuncu cümləni qışqıra-qışqıra elə bərkdən dedi ki, hətta əsgərlə müttəhimin də diqqətini özünə çəkdi; onlar heç nə başa düşməsələr də, yeməklərinə ara verib gövşəyə-gövşəyə səyyaha baxdılar. Səyyahın verməli olduğu cavab onun özünə lap əvvəldən bəlliydi; həyatında o qədər şey görmüşdü ki, burada qəti tərəddüd edə bilməzdi; dərindən yanaşdıqda doğru-dürüst adam idi və heç nədən qorxusu yox idi. Bununla belə, əsgər və müttəhimin baxışı altında yalnız biranlığa tərəddüd etdi. Necə deməliydisə, axırda elə də dedi: – Yox. – Zabitin gözləri bir neçə dəfə böyükdü, amma baxışını ondan çəkmədi. – İzahat istəyirsiniz? – soruşdu. Zabit dinməyib başını tərpətdi. – Mən bu cür məhkəmə işinin əleyhinəyəm, siz məni inam və etibara çağıranda onlardan heç vaxt sui-istifadə etməyəcəyəm, öz-özümə fikirləşdim ki, bu məhkəmənin əleyhinə çıxmağa haqqım çatırmı və mənim etirazımın, azca da olsa, uğura imkanı varmı? Bu vaxt kimə müraciət etməli olduğum mənə əvvəlcədən aydın idi: təbii ki, komendanta. Bunu mənə daha da aydın etdiniz, sizin vicdanlı inamınız məni azdıra bilməsə də, ürəyimə yatır. Zabit yerində lal-dinməz qurudu, üzünü maşına çevirib azca dala əyildi, başını qaldırıb cizgiçiyə baxdı, sanki, hər şeyin yerli-yerində olmasını yoxlayırdı. Əsgərlə müttəhim də dostlaşana oxşayırdılar; qayışla bərk-bərk bağlanan adamın hansı çətinliklərlə üzləşməsinə baxmayaraq, müttəhim əsgərə işarə etdi; əsgər ona doğru əyildi; müttəhim ona nəsə pıçıldadı, əsgər başı ilə razılıq bildirdi. Səyyah zabitin yanına gedib dedi: – Mənim nə etmək istədiyimi hələ bilmirsiniz. Doğrudur, məhkəmə prosesi haqqında fikrimi komendanta deyəcəm, ancaq iclasda yox, təklikdə; özü də burada çox qalmayacam ki, məni iclasa çağırsınlar; sabah tezdən ya maşınla, ya da gəmi ilə yola düşürəm. Duruşundan bəlli olurdu ki, zabit ona qulaq asmayıb. – Deməli, proses sizi qane etməyib, – sanki, öz-özünə deyib gülümsədi, sinli kişi uşağın ağılsızlığına gülümsəyib təbəssümünün arxasında gerçək düşüncəsini gizlətdiyi kimi. – Deməli, onda vaxtı çatıb, – deyib birdən canlanan gözlərini səyyaha tuşladı, həmin gözlərdə müştərəkliyə hansısa bir tələb, hansısa bir çağırış vardı. – Nəyin vaxtı çatıb, – səyyah narahatlıqla soruşdu, lakin cavab almadı. – Sən azadsan, – zabit müttəhimə onun ana dilində dedi. Müttəhim əvvəlcə ona inanmadı. – Hə, hə, azadsan, – zabit təkrarladı. Müttəhimin sifətinə ilk dəfə əsl həyat qayıtdı. Gerçək idimi? Zabitin tezliklə keçib-gedəcək kef əyləncəsiydimi? Onun könlünə bu mərhəməyi əcnəbi səyyahmı salmışdı? Nə olan şeydi? Müttəhimin üz-gözündən bu suallar yağırdı. Amma bu, uzun çəkmədi. Hər nə olsa da, azad olmağa ixtiyarı vardısa, vəlin imkan verdiyi qədər qımıldanmağa başladı. – Qayışları qıracaqsan, – zabit bağırdı, – sakit dur! İndicə açarıq. – Sonra işarə verib yanına çağırdığı əsgərlə işə girişdi. Müttəhim bir kəlmə də demədən xısın-xısın güldü, üzünü gah sola, zabitə çevirirdi, gah da sağa, əsgərə. Səyyahı da unutmurdu. – Dart onu çıxart, – zabit əsgərə əmr etdi. Vəl sınmasın deyə, ehtiyatlı tərpənmək lazım idi. Səbirsizliyi ucbatından müttəhim kürəyini bir neçə yerdən cızıb yaralamışdı. Həmin andan etibarən, zabit ona qəti məhəl qoymadı. Səyyaha doğru gedib dəri qovluğu təzədən çıxartdı, vərəqlədi, axır ki, axtardığı vərəqi tapdı və onu səyyaha göstərdi. – Oxuyun, – dedi. – Bacarmıram, – səyyah cavab verdi, – demişəm axı, mən bu vərəqləri oxuya bilmirəm. – Heç olmasa, vərəqə diqqətlə baxın, – deyib zabit səyyahla bərabər oxumaq üçün daha da yaxına gəldi. Bu da kömək etməyəndə, yeni bir yolla oxumağı səyyaha asanlaşdırmaq üçün çeçələ barmağını vərəqin üstü ilə havada fırlatdı, sanki, kağıza heç cürə toxunmaq olmazmış. Səyyah ən azı bu işdə zabitə yaramaq xətrinə xeyli zəhmətə qatlaşdı, lakin oxumaq ona müyəssər olmadı. Bu zaman zabit yazını hərfləməyə başladı, sonra da hərfləri birləşdirə bilib bir dəfə oxuya bildi. – “Ədaləti unutma!” yazılıb, – dedi, – indi ki, oxuya bilərsiniz. – Səyyah kağızın üstünə o qədər əyildi ki, onun kağıza toxunacağı qorxusundan zabit onu bir az da qırağa məkdi; doğrudur, səyyah heç nə demədi, amma aydın idi ki, yenə heç nə oxuya bilməmişdi. – “Ədaləti unutma!” yazılıb, – zabit bir də təkrarladı. – Ola bilər, – səyyah dilləndi, – inanıram ki, orada elə yazılıb. – Onda çox yaxşı, – qismən razı qalan zabit dillənib əlindəki kağızla nərdivana qalxdı; böyük ehtiyatkarlıqla kağızı cizgiçinin üstünə sərib çarxın işini büsbütün dəyişdirdi, əzablı iş olmalıydı, söhbət həm də ən xırda çarxlardan gedirdi; cizgiçinin içində zabitin başı hərdən tamam yox olurdu, çünki çarxı tam dəqiqliyi ilə yoxlamalıydı. Səyyah ara vermədən bu işi altdan yuxarı izlədi, boynu qurudu, günəş işığına qərq olmuş səmadan gözləri ağrıdı. Əsgərlə müttəhim indi bir-biriylə məşğul idi. Müttəhimin çalaya atılmış köynəyi ilə şalvarını əsgər süngünün ucuna keçirib çıxartdı. Köynək yaman çirkə bulaşmışdı və müttəhim onu su çənində yudu. Sonra köynəklə şalvarı geyinəndə əsgəri də, onun özünü də gülmək tutdu, çünki paltarlar arxadan iki kəsilmişdi. Bəlkə də, müttəhim əsgəri əyləndirməyə borcluydu, kəsilib-cırılmış paltarda onun qabağında fırfıra kimi fırlanır, əsgər də yerə çöküb gülə-gülə dizinə döyürdü. Həmişə də ağaların burada olduğunu nəzərə alıb özlərini yığışdırırdılar. Zabit yuxarıda işini bitirəndən sonra hər şeyə xırdalıqlarına qədər bir daha nəzər salıb gülümsədi, bu dəfə də cizgiçinin azca aralı qalmış qapağını örtdü, aşağı enib əvvəlcə çalaya, sonra da müttəhimə baxdı, özündən razı halda onun paltarını götürdüyünu gördü, axırda əllərini yumaq üçün su çəninin yanına yollandı, əlinin çirkini görüb özündən zəhləsi getdi, dilxor oldu ki, yuya bilməyəcək və nəhayət, əllərini quma soxdu, bu əvəz onu qane etməsə də, taleyinə boyun əyməli oldu, lap axırda ayağa qalxıb pencəyini çırpdı. Bu zaman yaxalığının altına təpişdirdiyi iki qadın yaylığı sürüşüb əlinə düşdü. – Al, bu da sənin cib yaylıqların, – deyib onları müttəhimə atdı və səyyaha izahat verməyə çalışdı: – Xanımların hədiyyəsidir. Pencəyini çıxaranda, axırda da tamam lütlənəndə açıq-aşkar tələsməyinə baxmayaraq, hər paltarı səliqə ilə təmizləyirdi, hətta silah geyiminin üstündəki gümüş qaytanları barmağı ilə otərəf-butərəfə sürtüb biləyini silkələdi. Paltarın birini təmizləyib qurtaran kimi könülsüz-könülsüz çalaya tullamağı bu səliqə ilə heç cür bir araya sığmırdı. Qalan axırıncı əşyası xırda sallama xəncəriydi. Xəncəri qınından çıxarıb sındırdı, sonra hamısını – xəncərin qırıqlarını, qınını və kəmərini – əlinə yığıb elə güclə tulladı ki, onlar çalada bir-birinə dəyib səs saldılar. İndi çılpaq durmuşdu ortada. Səyyah dodağını dişləyib heç nə demədi. Nə baş verəcəyini bilsə də, zabitə nədəsə mane olmağa haqqı yox idi. Zabitin ürəkdən bağlandığı məhkəmə prosesinin ləğvi – bəlkə də, özünü buna borclu sayan səyyahın müdaxiləsi sayəsində – belə yaxınlaşmışdısa, tamamilə düz hərəkət edirdi. Onun yerinə səyyah olsaydı, o da belə edərdi. Əsgərlə müttəhim ilk anlar heç nə anlamadılar, hətta heç o tərəfə baxmırdılar da. Cib yaylıqlarını geri aldığına müttəhim yaman sevinirdi, lakin sevinci uzun sürmədi, çünki əsgər gözlənilməz, cəld bir hərəkətlə onları dartıb müttəhimin əlindən almışdı. Əsgərin kəmərinin arxasına taxılmış yaylıqları indi də müttəhim çəkib çıxarmağa çalışırdı, amma əsgər ayıq-sayıq idi. Yalnız zabit tam lütlənəndən sonra onlar diqqətlərini bu tərəfə yönəltdilər. Hansısa böyük dəyişiklik duyğusundan, deyəsən, müttəhim xüsusilə mat qalmışdı. Onun başına gələnlər indi zabitin başına gəlirdi. Yəqin, əcnəbi səyyah ona belə əmr etmişdi. Deməli, qisas bu imiş. Sona qədər əzab çəkmək əvəzinə, indi onun qisası alınırdı. Üzündə yayğın, lal bir gülüş peyda olub bir daha çəkilmədi. Zabit artıq maşının yanındaydı. Əvvəllər onun maşına bələdliyi tam bəlli olsa da, indi onunla davranmağı və maşının ona qulaq asmağı hər kəsi mat-məəttəl qoymuşdu. Əlini vələ təzəcə yaxınlaşdırmışdı ki, vəl əli tuşlamaqdan ötrü düzgün vəziyyəti almaq üçün bir neçə dəfə qalxıb endi; zabit yalnız çarpayının qırağından tutdu və çarpayı titrəməyə başladı; keçə onun ağzına yaxınlaşdı, görürdün ki, zabit onu ağzına almaq istəmir, lakin tərəddüdü uzun çəkmədi, təslim olub onu ağzına aldı. Hər şey hazır idi, təkcə qayışlar qıraqlardan aşağı sallanırdı, lakin onlara heç ehtiyac da yox idi, zabiti qayışla bağlamağa lüzum qalmamışdı. Bu vaxt müttəhim boş qalmış qayışları gördü, onun fikrincə, onlar bağlanmasaydı, edam yarımçıq sayılardı, ona görə də əsgərə işarə etdi və hər ikisi zabiti qayışla bağlamaq üçün zabit ayağının birini irəli özlərini yetirdilər, ona görə də ayağını geri çəkib özünü qayışlatdırdı. Bundan sonra ayağı dəstəyə çatmadı; onu nə əsgər, nə də müttəhim tapa biləcəkdilər və səyyah yerindən tərpənməməyi qərara aldı. Buna heç ehtiyac da olmadı; qayışlar yenicə bərkidilmişdi ki, maşın işləməyə başladı; çarpayı titrədi, iynələr dərinin üstündə oynadı, vəl yuxarı-aşağı yırğalandı. Səyyah cizgiçidə çarxlardan birinin xırçıldayacağını xatırlayana qədər bir xeyli ora baxdı; amma hər şey səssiz idi, heç adicə cırıltı da eşidilmirdi. Bu cür səssiz işləməsi ilə maşın daha heç kimin diqqətini çəkmirdi. Səyyah əsgərlə müttəhim tərəfə baxdı. Müttəhim əsgərə nisbətən xeyli şux görünürdü, maşında hər şey ona maraqlıydı, gah aşağı əyilir, gah da gərnəşirdi, həmişə də əsgərə nəsə göstərmək üçün şəhadət barmağını irəli uzadırdı. Səyyahın bundan zəhləsi qaçdı. Axıra qədər burada qalmağa qərar vermişdi, lakin bu iki nəfərin hərəkətlərinə dözə bilmədi. – Gedin evə, – dedi. Əsgər, bəlkə də, buna hazır idi, amma müttəhim əmri cəza kimi başa düşdü. Əllərini çarpazlayıb ləliyərək burada qalmasına icazə istədi və səyyah başını silkələyərək dediyindən dönmək istəməyəndə hətta diz çökdü. Səyyah gördü ki, əmrin xeyri olmayacaq, hər ikisini qovmaq üçün onların yanına getmək istədi. Bu vaxt yuxarıda, cizgiçidə şaqqıltı eşitdi. başını qaldırıb ona baxdı. Çarxlardan biri xarabmi olmuşdu? Amma başqa şey idi. Cizgiçinin qapağı ağır-ağır qalxıb şaqqıltıyla açıldı. Çarxın dilləri göründü və yuxarı qalxdı, tezliklə bütün çarx bayıra çıxdı, sanki, hansısa möhtəşəm bir güc cizgiçini elə sıxdı ki, orada çarxa yer qalmırdı; çarx cizgiçinin qırağına qədər diyirlənib yerə düşdü, bir xeyli qumda yumalanıb rahatlandı. Amma bu vaxt yuxarıda başqa birisi baş qaldırdı və ardınca da zorla seçilən irili-xırdalı bir çoxu, hamısı da eyni cür diyirlənib gəldi, elə bilirdin, cizgiçi indicə boşalacaq, bu vaxt yeni, sayı-hesabı bilinməyən böyük bir çarx dəstəsi içəridən çıxıb üzüaşağı diyirləndi, qumda yumalanıb dayandı. Bu hadisədən müttəhim səyyahın əmrini tamam unutdu, dişli çarxlar onu büsbütün hayıl-mayıl etmişdi, onlardan birini tutmaq istədi, hətta əsgəri ona kömək etməyə çağırdı, lakin qorxub əlini geri çəkdi, çunki ən azı ilk diyirlənmədə onu qorxuya salan növbəti bir çarxın aşağı yumalanması idi. Onun əksinə olaraq, səyyah bərk narahatlıq keçirdi; maşın açıq-aşkar dağılıb tökülürdü; onun sakit işləməsi aldadıcı idi; səyyahda zabiti dartıb çıxarmaq duyğusu baş qaldırdı, çünki zabitin öz qeydinə qalmağa halı qalmamışdı. Lakin çarx məsələsi onun diqqətini büsbütün özünə çəkdiyinə görə maşının digər yerlərinə baxmaq fürsətini qaçırmışdı; amma o, indi, sonuncu çarx cizgiçini tərk edəndən sonra vəlin üstünə əyiləndəə yeni, daha acı sürprizlə qarşılaşdı. Vəl yazmırdı, yalnız iynələrini batırırdı. Səyyah müdaxilə edib bu həngaməni mümküncə durdurmaq istədi, bu, zabitin nail olmaq istədiyi işgəncə deyildi, birbaşa qətl idi. Səyyah əllərini uzatdı. Lakin bu zaman vəl deşik-deşik olmuş bədənlə yana doğru qalxdı, bunu, adətən, on ikinci saatda etməliydi. Bədənin yüz yerindən qan fışqırırdı, su ilə qarışmadan, çünki su borucuqları da imtina etmişdi. İndi sonuncusu da imtina etdi, bədən uzun iynələrdən qopmaq bilmirdi, qan axıda-axıda çalanın üstündə yerə düşmədən asılıb qalmışdı. Vəl köhnə vəziyyətinə qayıtmaq istədi, lakin, elə bil, yükündən azad olmadığını hiss etdi, çalanın üstündə dayanıb durdu. – Bəlkə, kömək edəsiniz! – Səyyah əsgər və müttəhim tərəfə qışqırdı və özü zabitin qıçlarından yapışdı. O, bir tərəfdən zabiti ayaqlarından qaldırmaq istəyirdi, həmin iki nəfər isə o biri tərəfdən onun başından tutmalıydılar və bu yolla zabit asta-asta iynələrdən azad olmalıydı. Amma həmin iki nəfər gəlməkdə tərəddüd etdi; müttəhim birbaşa arxaya çevrildi; səyyah onların yanına gedib hər ikisini zabitin başına doğru sıxışdırmalı oldu. Özü də istəmədən cəsədin üzünə baxdı. Sifət sağlığında necəydisə, eləydi; vəd olunan xilasdan heç bir nişanə yox idi; başqalarının maşında tapdığını zabit tapa bilməmişdi; dodaqları bərk-bərk bir-birinə sıxılmışdı, gözləri yumulmamışdı, orada həyat ifadəsi, baxışlarında isə bir dinclik və əminlik vardı, iri dəmir iynənin ucu alnına sancılmışdı. Səyyah qabaqda, arxasınca da əsgərlə müttəhim koloniyanın ilk evlərinə çatanda əsgər onlardan birini barmağı ilə göstərib dedi: – Çayxana buradır. Evlərdən birinin zirzəmisində mağaraya bənzər dərin, alçaq, divarları və tavanı hisdən qaralmış bir otaq vardı. Küçə tərəfdən eni boyunca açıq idi. Çayxana komendantura binasına qədər dağılıb-tökülmüş digər koloniya evlərindən az seçilsə də, səyyaha tarixi xatirələr təsiri bağışladı və o, keçmiş dövrün hökmünü hiss etdi. Binaya yaxınlaşdı, hər iki müşayiətççisi də arxasında, çayxananın qabağında düzülmüş boş masaların arası ilə yeridi, içəridən gələn sərin, lakin kif havanı ciyərlərinə çəkdi. – Qoca burada dəfn olunub, – əsgər dilləndi, – ruhani qəbirstanlıqda basdırılmağa qoymadı. Xeyli çaşıb qaldılar, nəhayət, burada basdırdılar. Bu barədə zabit sizə, yəqin, heç nə danışmayıb, çünki ən çox utandığı şey bu idi. Hətta gecələr bir neçə dəfə qocanı qazıb çıxarmağa cəhd etmişdi, hər dəfə də buradan qovulmuşdu. – Qəbir haradadır? – Əsgərə inanmaq istəməyən səyyah soruşdu. Hər ikisi – həm əsgər, həm də müttəhim onun qabağına düşüb qaça-qaça əllərini uzatdılar və qəbrin yerini səyyaha göstərdilər. Səyyahı arxa divara qədər gətirdilər, burada bir neçə masanın arxasında müştərilər oturmuşdu. Çox güman ki, liman fəhlələriydi, qara saqqalları işim-işim işıldayan güclü kişilər. Heç birinin əynində pencək yox idi, köynəkləri cırıq idi, taleləri ilə barışan kasıb adamlara oxşayırdılar. Səyyah onlara yaxınlaşanda bir neçəsi ayağa durub divara qısıldı və ona baxdı. – Əcnəbidir, – səyyahın böyür-başında pıçıldaşdılar, – qəbrə baxmaq istəyir. Altında qəbir daşı olan masalardan birini qırağa çəkdilər. Adi bir daş idi, masanın altında gizlədə bilmək üçün yetərincə alçaq. Üstündə həddən artıq xırda hərflərlə yazısı vardı, onu oxumaq üçün səyyah çömbəlməli oldu. “Keçmiş komendant burada uyuyur. Onun indi adlarını gizlədən pərəstişkarları kişinin qəbrini qazmış və daşını qoymuşlar. Peyğəmbərlik edirlər ki, müəyyən vaxt keçəndən sonra komendant dirilib qalxacaq və öz pərəstişkarlarını bu yurddan koloniyanın yenidən zəbt etməyə səsləyəcək. İnanın və gözləyin!” Səyyah yazını oxuyub ayağa qalxanda gördü ki, kişilər onun ətrafında dayanıb gülümsəyirlər, sanki, yazını onunla bərabər oxumuş və gülünc saymışdılar, indi də ondan öz fikirlərinə qoşulmağı tələb edirlər. Səyyah özünü elə apardı ki, guya, heç nə başa düşməyib, onlara bir az xırda pul verdi, masanın qəbrin üstünə çəkilməsini gözlədi, çayxananı tərk edib limana getdi. Əsgərlə müttəhim çayxanada tanışlarına rast gəldilər, həmin tanışlar onları xeyli ləngitdi. Amma tezliklə onların əlindən çıxa bildilər, çünki hər ikisi səyyahın dalınca qaçanda o artıq qayıqlara aparan uzun pilləkəni yarı eləmişdi. Çox güman ki, səyyahı son anda məcbur etmək istəyirdilər ki, onları da aparsın. Səyyah onu buxar gəmisinə aparması üçün aşağıdakı qayıqçı ilə sövdələşəndə əsgərlə müttəhim qışqırmağa cürət etməyib lal-dinməz tələsə-tələsə pilləkəni aşağı endilər. Amma onlar gəlib çatana kimi səyyah artıq qayıqdaydı və qayıqçı sahildən aralanırdı. Onlar qayığa hoppana bilərdilər, lakin səyyah düyünlü ağır vəli əlinə götürüb hədələdi və bununla onları qayığa hoppanmaqdan çəkindirdi. Tərcümə edəni: Çərkəz Qurbanlı Geri qayıt |