Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Zelenski sülh sazişi layihəsini açıqlayıb

Zelenski sülh sazişi layihəsini açıqlayıb


Bu gün, 17:40.
title}


Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 23-də sülh sazişi layihəsini açıqlayıb. Son həftələr Ukrayna, ABŞ və Avropa təmsilçiləri layihə üzərində iş aparırlar.

Civilazerbaijan.com
bildirir ki, Ukrayna lideri deyib ki, hazırda Kiyev Rusiyanın bu sənədə münasibətini gözləyir. Onun sözlərinə görə, bu reaksiyadan sonra Ukrayna növbəti addımlarını və qərarların icra müddətlərini müəyyənləşdirəcək.

Zelenski planın ilkin mərhələdə 28 bənddən ibarət olduğunu, sonradan isə 20 bəndə endirildiyini vurğulayıb. Hazırda təqdim olunan sənəd tərəflər arasında tam razılaşdırılmayıb, lakin müharibənin bitməsi üçün müəyyən məntiqi çərçivə formalaşıb.

Sülh planının əsas məqamları bunlardır:

Rusiya və Ukrayna arasında təcavüz etməmək barədə şərtsiz razılaşma və təmas xəttində monitorinq mexanizminin yaradılması;

Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi;

Ukrayna Silahlı Qüvvələrinin sayının müharibə dövründə 800 min nəfərdə saxlanılması;

ABŞ, NATO və Avropa İttifaqının Ukraynaya təhlükəsizlik zəmanətləri verməsi, Rusiyanın təcavüzü halında hərbi cavab və sanksiyaların bərpası nəzərdə tutulur;

Rusiya Avropa və Ukrayna ilə bağlı təcavüz etməmək siyasətini qanunla təsdiqləməlidir;

Ukraynanın müəyyən tarixdə Avropa İttifaqına üzvlüyü və bazara qısa müddətli üstünlüklü çıxış;

Ukraynanın iqtisadi inkişafına və bərpasına dair beynəlxalq fondların yaradılması;

Zaporoje atom elektrik stansiyasının üçtərəfli idarə edilməsi ilə bağlı müzakirələr;

Təhsil proqramlarında tolerantlıq və mədəni müxtəlifliyə hörmətin təşviqi;

Münaqişə zonasındakı ərazilərin statusu və qoşunların yerləşməsi ilə bağlı razılaşmalar;

Rusiya və Ukraynanın atəşkəsə riayət etməsi və güc tətbiq etməməsi;

Ticarət, gəmiçilik və humanitar məsələlərin həlli üçün xüsusi komitələrin yaradılması;

Razılaşmanın hüquqi qüvvəyə minməsi və icrasına nəzarət üçün Sülh Şurasının yaradılması;

Tam atəşkəsin razılaşmanın təsdiqlənməsindən dərhal sonra qüvvəyə minməsi.


Zelenski həmçinin vurğulayıb ki, sülh planından əlavə, təhlükəsizlik zəmanətləri və Ukraynanın 2040-cı ilə qədər iqtisadi inkişafını əhatə edən digər sənədlər də müzakirə olunur.

Kreml hələlik Zelenskinin açıqladığı plan barədə rəsmi münasibət bildirməyib.

Bu sülh planının əvvəlki versiyaları daha geniş bəndlərdən ibarət olub və müəyyən dəyişikliklərə məruz qalıb. Prezident Vladimir Putin Tramp administrasiyasının ilkin planının rus-ukrayna münaqişəsinin həllində əsas ola biləcəyini söyləyib.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Daha öncələr iki ölkə arasında sülh danışıqlarına cəhd uğursuz alınıb, Meydan Tv-nin məlumatında qeyd olunur.
Geri qayıt