Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Zelenski Yeni ildən öncə Trampla görüşəcək

Zelenski Yeni ildən öncə Trampla görüşəcək


Bu gün, 14:39.
title}


Ukrayna prezidenti Volodimir Zelenski Yeni ildən öncə ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyini bəyan edib.

Civilazerbaijan.com
bildirir ki, bu haqda o, dekabrın 26-da X səhifəsində yazıb. Zelenski qeyd edib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Rustem Umerov Amerika tərəfi ilə son kontaktları barədə məlumat verib.

"Bircə gün də itirmirik. Yaxın gələcəkdə ən yüksək səviyyədə – prezident Tramp ilə görüşlə bağlı razılısa gəlmişik. Yeni ildən öncə çox şey qərarlaşdırıla bilər", – Zelenski yazıb.

"Kyiv Post"un jurnalisti Aleks Raufoğlu mənbələrinə istinadla yazıb ki, hər şey plan üzrə getsə, Zelenski-Tramp görüşü dekabrın 28-də Mara-Laqoda keçirilə bilər.

Bir gün öncə isə Zelenski Trampın təmsilçiləri ilə danışıqlardan sonra deyib ki, "davamlı sülh üçün yaxşı ideyalar var". Xəbəri "Ukrainska Pravda" yayıb.

Zelenski Stiv Uitkoff və Cared Kurşnerlə telefon söhbətinin detallarını sosial şəbəkələrdə paylaşıb. Danışıqlara Umerov, Silahlı Qüvvələrin baş qərargah rəisi Andriy Qnatov və xarici işlər naziri Andriy Sibiqa da qoşulub.

"Bəzi əhəmiyyətli detalları müzakirə etdik. Ümumi nəticə və davamlı sülhə fayda verəcək yaxşı ideyalar var. Əsl təhlükəsizlik, əsl bərpa, əsl sülh – hamımıza bu lazımdır", – Zelenski yazıb.

O, Umerovun daha sonra Uitkoff və Kuşnerlə ayrıca söhbət edəcəyini əlavə edib.

Zelenski dekabrın 24-də ABŞ ilə razılaşdırıldığını bildirdiyi 20-bəndlik sülh planını açıqlayıb. "Bloomberg" Moskvanın plana dəyişiklik etmək niyyətində olduğunu yazıb. Mənbəyə görə, Rusiya NATO-nun şərqə doğru genişlənməyəcəyinə təminat, Ukraynanın Avropa İttifaqına üzv olacağı halda neytral statusunu saxlamasını istəyir.

Ukrayna rəsmiləri bu arada Rusiyanın son günlər Ukraynaya zərbələri davam etdirdiyini deyirlər. Ötən gecə Ukraynaya "İskəndər-M" raketi və 99 döyüş dronu ilə hücum olub, - ölkənin hava qüvvələri bildirir. Odessa şəhərinin hərbi administrasiya başçısı Sergiy Lisak şəhərdə infrastruktura dron hücumu olduğunu deyib.

Hər iki partiyanı təmsil edən bir qrup ABŞ senatoru isə Milad bayramında Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarını pisləyib.

"Hətta müharibə edən ölkələrdə belə Milad atəşkəsi ənənəsi var, Birinci Dünya müharibəsində belə bu baş verib. Putinin bugünkü atəşkəs deyil, hücum etmək qərarı bizə bir reallığı xatırladır: Putin amansız qatildir, sülhdə maraqlı deyil, ona etimad etmək olmaz", – dekabrın 25-də verilən bəyanatda deyilir, AzadlıqRadiosunun məlumatında qeyd olunur.
Geri qayıt