Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > İranlı Nobel Sülh Mükafatı laureatına 7 il 6 ay həbs cəzası kəsilib
İranlı Nobel Sülh Mükafatı laureatına 7 il 6 ay həbs cəzası kəsilib9-02-2026, 12:21. |
|
İranlı fəal və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi 7 il 6 ay müddətinə yeni həbs cəzasına məhkum edilib. Qadın hüquqları uğrunda 30 ildir mübarizə aparan fəal əvvəl dəfələrlə həbs olunub. Civilazerbaijan.com bildirir ki, onun yeni məhkumluğu haqda fevralın 8-də bir qrup tərəfdarı məlumat yayıb. 53 yaşlı Məhəmmədinin birhəftəlik aclıq aksiyası elə həmin gün başa çatıb. Məhəmmədi bazar günü həbsxanadan vəkili Mustafa Nili ilə telefon danışığında hökmü bir gün öncə aldığını deyib. Bunu Nərgiz Fondu bəyanatında bildirib. İranın Xarici İşlər Nazirliyi (XIN) məsələni şərh etməyib. Məhəmmədi dekabrın 12-də vəkil Xosrov Əlikürdinin şübhəli ölümü ilə bağlı açıqlamalarından sonra saxlanılıb. Prokuror jurnalistlərə deyib ki, o, İranın şimal-şərqindəki Məşhəd şəhərində Əlikürdinin anım mərasimində təxribat xarakterli çıxışlar edib, iştirakçıları "normalara zidd" şüarlar səsləndirməyə, ictimai asayişi pozmağa təşviq edib. Məhəmmədi hazırda Məşhəddə istintaq təcridxanasında saxlanılır. Fəal milli təhlükəsizliyə qarşı toplaşma və əlbirlik ittihamı üzrə 6 il, hökumət əleyhinə təbliğata görə isə 1.5 il həbsə məhkum edilib. O, Xusf şəhərinə ikiillik sürgün edilib, ölkədən çıxışına iki il qadağa qoyulub. N.Məhəmmədi İranda qadın hüquqlarının irəli aparılması, ölüm cəzasının ləğvi uğrunda fəaliyyətinə görə 2023-cü ildə elə həbsdə Nobel Sülh Mükafatına layiq görülüb, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |