Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > ABŞ ordusu İranda həftələrlə davam edəcək əməliyyata hazırlaşır
ABŞ ordusu İranda həftələrlə davam edəcək əməliyyata hazırlaşır16-02-2026, 13:26. |
|
ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək uzunmüddətli əməliyyatlara hazırlaşdığı bildirilir. Bu barədə "Reuters" agentliyi adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib. Civilazerbaijan.com bildirir ki, ABŞ prezidenti Donald Tramp İran körfəzində hərbi qüvvələri cəmləşdirib və bu, yeni hərbi əməliyyat ehtimalı ilə bağlı narahatlıqları artırıb. ABŞ rəsmiləri fevralın 13-də bildiriblər ki, ölkənin Müdafiə Nazirliyi bölgəyə əlavə bir aviadaşıyıcı gəmi, minlərlə hərbçi, qırıcı təyyarələr, idarə olunan raketlərlə təchiz olunmuş qurğular yerləşdirir. Eyni zamanda, Trampın xüsusi elçiləri Stiv Vitkof və Cared Kuşnerin fevralın 17-də Cenevrədə İranla bu ölkənin nüvə proqramı üzrə danışıqlar aparacağı gözlənilir. Görüşdə Oman nümayəndələri vasitəçi qismində çıxış edəcəklər. ABŞ-nin dövlət katibi Marko Rubio fevralın 14-də xəbərdarlıq edib ki, Tramp Tehranla razılıq əldə etməyə üstünlük versə də, “bu, çətin məsələdir". Tramp özü fevralın 13-də jurnalistlərlə söhbətində açıq şəkildə İranda hakimiyyət dəyişikliyi ehtimalını irəli sürərək bunun “baş verə biləcək ən yaxşı şey olduğunu” bildirib. O, İranda hakimiyyəti kimin ələ almasını istədiyini açıqlamaqdan imtina edib, lakin “belə namizədlər var” deyə əlavə edib. “47 ildir ki, İran hakimiyyəti ancaq danışmaqla məşğuldur”, - Tramp qeyd edib. Tramp uzun müddət İrana quru qoşunları göndərməyə ehtiyatlı yanaşdığını bildirib. O, ötən il demişdi ki, bu, ən son variantdır. Halbuki, ABŞ prezidenti keçən ay Venesuela prezidenti Nikolas Maduronu həbs etmək üçün xüsusi təyinatlı hərbçilərdən istifadə etmişdi. Tramp ötən ilin yanvarında prezidentlik səlahiyyətlərinə başlayanda İranla nüvə proqramı üzrə danışıqlara start verib. Danışıqlar bir neçə ay davam etsə də, iyunda İsrailin İrana qarşı başladığı münaqişə ilə danışıqlar nəticəsiz qalıb. Tramp administrasiyası İrandan nüvə proqramını tamamilə dayandırmağı tələb edir. İran rəsmiləri isə deyir ki, ölkənin nüvə silahı əldə etmək niyyəti yoxdur və nüvə proqramı mülki məqsədlər üçün nəzərdə tutulub, Toplum TV-nin məlumatında qeyd olunur. Geri qayıt |