Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Dövlətlə vətəndaş arasında gərginliyi azaltmaq üçün yeni konstitusiya lazımdır - PAŞİNYAN

Dövlətlə vətəndaş arasında gərginliyi azaltmaq üçün yeni konstitusiya lazımdır - PAŞİNYAN


Dünən, 15:28.
title}


Ermənistan baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu deyib. O, aprelin 21-də sosial media hesabındakı canlı yayımda etdiyi çıxışda bunu "dövlət və vətəndaş arasında gərginliyi azaltmaq məqsədi" ilə izah edib.

Civilazerbaijan.com
bildirir ki, Baş nazir konstitusiya dəyişikliyinin Azərbaycanın tələbi ilə həyata keçəcəyini təkzib edib, bunun Ermənistanın özünə lazım olduğunu söyləyib.

"Yeni konstitusiyanın qəbul olunması bizim üçün niyə vacibdir? Çünki ölkəmizdə dövlətlə vətəndaş arasında davam edən müəyyən gərginlik mövcuddur və bu gərginliyin səbəblərindən biri odur ki, Ermənistan Respublikası vətəndaşları arasında Ermənistanda qurulmuş hüquqi sistemin məhz onların özləri tərəfindən yaradıldığı barədə anlayış yoxdur. Nəinki belə bir anlayış yoxdur, eyni zamanda belə bir reallıq da yoxdur. Çünki Ermənistanda keçirilmiş bütün konstitusiya referendumlarının nəticələri hər zaman şübhə altına alınıb", - o qeyd edib.

Baş nazir çıxışında əlavə edib ki, konstitusiyada Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Mövcud konstitusiyada istinad olunan bu bəyannamə 1990-cı ildə, Ermənistan Sovet Sosialist Respublikasının Ali Şurası və "Artsax Milli Şurası" adlı qurum tərəfindən qəbul olunub. Azərbaycan uzun müddətdir iddia edir ki, konstitusiyada bəyannaməyə istinad olması Azərbaycana qarşı ərazi iddiası deməkdir və buna görə də istinad konstitusiyadan çıxarılmalıdır.

Paşinyan isə əvvəlki çıxışlarında konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının olduğunu təkzib etmişdi.

"Əgər biz bu gün yeni konstitusiya qəbul etsək və bu konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yer alsa, bu o deməkdir ki, biz Qarabağ Hərəkatını davam etdiririk. Əgər Qarabağ Hərəkatını davam etdiririksə, bu o deməkdir ki, biz Azərbaycan ilə münaqişəni yenidən başladırıq. Əgər münaqişəni yenidən başladırıqsa, bu isə o deməkdir ki, sülh mümkün deyil. Əgər biz Müstəqillik Bəyannaməsinə istinad ediriksə, bu o deməkdir ki, biz “Qərbi Ermənistan” diskursunu qəbul edirik, dolayısı ilə “dənizdən dənizə Ermənistan” diskursunu da qəbul etmiş oluruq", - o, yeni çıxışında izah edib.

Paşinyan ötən ilin noyabrında yeni konstitusiya üçün referendumun bu ilin iyunundakı parlament seçkilərindən sonra keçiriləcəyini demişdi.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir, Toplum TV-nin məlumatında qeyd olunur.
Geri qayıt