Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Koçaryanın Ermənistandan çıxışına qadağa qoyulub
Koçaryanın Ermənistandan çıxışına qadağa qoyulubDünən, 19:19. |
|
Ermənistanın keçmiş prezidenti, “Ermənistan” alyansının lideri Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulub. Bu barədə əvvəlcə hakimiyyətə yaxın media qurumları məlumat yayıb, daha sonra xəbəri Koçaryanın ofisinin rəhbəri Baqrat Mikoyan təsdiqləyib. Civilazerbaijan.com bildirir ki, məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Koçaryanı Yerevandakı Zvartnots beynəlxalq hava limanında saxlayıb və ölkəni tərk etməsinə icazə verməyib. Baqrat Mikoyan hakimiyyətin qərarını “qanunsuz və əsassız” adlandırıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni “konslagerə” çevirib. Koçaryan iyunun 14-də “Facebook” hesabında paylaşım edərək üç günlük səfərə yollandığını bildirmişdi. O qeyd etmişdi ki, səfər uzun müddət əvvəl planlaşdırılıb, lakin sıx seçkiqabağı qrafik səbəbindən təxirə salınıb. Koçaryanın oğlu Levon Koçaryan “Factor TV”yə açıqlamasında atasının Rusiyaya getməyi planlaşdırdığını deyib. Bundan əvvəl Nikol Paşinyan videomüraciət yayaraq xalqın “üçbaşlı mafiyanı diz çökdürməyi və məhv etməyi tələb etdiyini” bildirib. “Azadlıq Radiosu”nun erməni xidməti yazır ki, Paşinyanın “üçbaşlı mafiya” ifadəsi ilə nəzərdə tutduğu şəxslər Robert Koçaryan, “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyandır. Karapetyan və Tsarukyan barəsində daha əvvəl açılmış cinayət işləri çərçivəsində onların da ölkədən çıxışına qadağa qoyulub. “Çamadanlarınızı tələsik yığmayın. Seçki kampaniyası dövründə də demişdim ki, Ermənistandan qaçmaq imkanı barədə xəyal quracaqsınız, amma bu imkanınız olmayacaq”, - Paşinyan bildirib. Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 14-də parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Nəticələrə görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,745 faizini qazanıb. Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası 23,271 faiz, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı isə 9,923 faiz səs toplayıb. Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 3,989 faiz səs topladığı üçün parlamentə düşə bilməyib. Geri qayıt |