Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > İran: Regional vasitəçilər sülh təklifləri təqdim ediblər
İran: Regional vasitəçilər sülh təklifləri təqdim ediblərDünən, 19:36. |
|
"Vasitəçi ölkələr İran ilə ABŞ arasında toqquşmaların dayandırılması üçün müxtəlif təkliflər təqdim ediblər". Civilazerbaijan.com bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib. Bəqayi iyulun 20-də keçirdiyi mətbuat konfransında Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəs təklifi ilə bağlı sualı belə cavablandırıb: "Vasitəçilər irəli sürülən təkliflər barədə bizi bilgiləndirib, onları qəbul etmişik. Lakin hazırda detallara toxunmaq istəmirəm". İyulun 19-da bəzi media orqanları Qətərin İran və ABŞ arasında 10 günlük atəşkəsin elan edilməsi, bu müddətdə Hörmüz boğazının gəmiçilik üçün açılması planı barədə məlumat yayıb. Qətər Xarici İşlər Nazirliyi isə ölkəsinin regionda gərginliyin azaldacaq, uzunmüddətli sülhə gətirib çıxaracaq hərtərəfli razılaşmaya yönəlik bütün səyləri dəstəklədiyini bildirib. Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonun diplomatiyaya və Tehranla dialoqa hazır olması barədə son bəyanatına da münasibət bildirib. "Biz onların bu hazırlığını dəfələrlə görüb sınaqdan keçirmişik. ABŞ diplomatiyadan danışanda bunun mənası diktə, hədə-qorxu, təhdid və sanksiyalardır", – o vurğulayıb. ABŞ dövlət katibi Marko Rubio iyulun 19-da bildirib ki, Vaşinqton münaqişənin diplomatik yolla həllini dəstəkləməyə davam edir. Bu arada ABŞ ordusu İrandakı hədəflərə dəfələrlə zərbələr endirib. Qeyd edək ki, İran mediası iyulun 20-si səhər saatlarında ölkənin müxtəlif bölgələrinə növbəti zərbələr endirildiyini xəbər verib. Dövlətə məxsus "Mehr" agentliyi Qərbi Azərbaycan əyalətinin rəsmisinə istinadla bildirib ki, Urmiya şəhərinin Silvana bölgəsi yaxınlığındakı bir məntəqə hədəfə alınıb. Hadisə nəticəsində yaralanan bir neçə nəfər tibb müəssisələrinə çatdırılıb. Şərqi Azərbaycan əyalətinin rəsmisi isə bildirib ki, iyulun 20-də Təbrizdəki hərbi obyektə zərbə endirilməsi nəticəsində bir nəfər həlak olub, bir neçə şəxs isə yaralanıb. Şərqi və Qərbi Azərbaycan əyalətləri İranın şimal-qərbində yerləşir. İndiyədək zərbələr əsasən ölkənin cənub sahillərinə yönəlmişdi. İsfahan şəhərində də güclü partlayış eşidilib. Rəsmilər hadisənin dəqiq səbəbi və mənbəyinin hələ müəyyənləşdirilmədiyini bildiriblər. Bununla belə, İsfahan əyalətinin rəsmisi ILNA agentliyinə açıqlamasında keçmiş müharibədən qalmış sursatın partladığını iddia edib. "Fars" agentliyi isə Buşəhr vilayətinin valisinə istinadla yazır ki, şəhər iyulun 20-də iki dəfə zərbələrə məruz qalıb. Buşəhrdə İranın yeganə nüvə elektrik stansiyası yerləşir. Hələlik həmin obyektin hədəf seçilib-seçilmədiyi məlum deyil. Bu xəbərlərdən bir neçə saat əvvəl ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti əməliyyatların başa çatdığını elan etmişdi, AzadlıqRadiosunun məlumatında qeyd olunur. Geri qayıt |