Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Con Retkliffin Moskva səfəri: sabiq MKİ əməkdaşlarının yorumu
Con Retkliffin Moskva səfəri: sabiq MKİ əməkdaşlarının yorumuBu gün, 14:53. |
|
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya qəfil səfərindən bir həftə keçir. Bu qeyri-adi missiyanın arxasında nəyin durduğu barədə suallar qalır.nGörəsən, Vaşinqton Rusiyanın hansı addımlara hazırlaşa biləcəyinə inanır? Civilazerbaijan.com AzadlıqRadiosuna istinadla bildirir ki, Retkliffin Rusiya rəsmilərinə NATO-ya hücum etməmək, alyansı sınağa çəkməmək barədə xəbərdarlıq etdiyi bildirilir. Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva ilə bağlı xüsusi narahatlıq ifadə olunub. MKİ rəhbərinin Rusiyanın İrana dəstəyini də müzakirə etdiyi söylənir. ABŞ prezidenti Donald Tramp səfəri "qismən rutin" adlandırıb, Vaşinqtonun Ukraynadakı müharibənin bitməsini istədiyini, bu səfərdən nəsə nəticə çıxa biləcəyini vurğulayıb. MKİ və Kreml səfərlə bağlı ətraflı məlumat yaymayıblar. Retkliffdən əvvəl MKİ direktoru Uilyam Börns 2021-ci ilin noyabrında Moskvaya səfər edib. Bir neçə ay sonra Rusiya Ukraynanın tammiqyaslı işğalına başladı. Görəsən, bu dəfə MKİ direktorunu Moskvaya şəxsən getməyə hansı kəşfiyyat məlumatı vadar edib? AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu bunu MKİ-nin keçmiş əməkdaşlarından soruşub. "Direktorun təyyarəyə minib ora getməsi mənə onu deməyə əsas verir ki, təhlükə real sayılıb, nə bildiyimizdən asılı olmayaraq, "bunu etməyin" mesajını üzbəüz çatdırmaq vacib hesab edilib", – MKİ-nin əməliyyatlar üzrə keçmiş əməkdaşı Edvard Boqan AzadlıqRadiosuna deyib. Ancaq bu o demək deyil ki, ABŞ kəşfiyyatı Rusiyanın NATO üzvünə hücum etməyə hazırlaşdığı, yaxud belə bir hücumun qaçılmaz olduğu qənaətinə gəlib. Görünür, Vaşinqton Moskva ilə birbaşa əlaqə saxlamağı zəruri edəcək qədər ciddi risk görüb. Bu kontekstdə Baltikyanı ölkələrin adının çəkilməsi vacib məqamdır. Estoniya, Latviya və Litva NATO üzvləridir, keçmiş sovet respublikalarıdır və Rusiya ilə həmsərhəddir. Narahatlıq Moskvanın NATO ilə genişmiqyaslı müharibəyə hazırlaşması ilə bağlı olmaya da bilər. Daha məhdud hərbi addım və ya hibrid əməliyyatla alyansın kollektiv şəkildə cavab verib-verməyəcəyi yoxlana bilər. Moskva həm də NATO üzvləri arasındakı fikir ayrılıqlarından yararlanmaq istəyə bilər. Rusiya NATO-ya hücum planı olmadığını dəfələrlə bildirib. Ukraynanın işğalı başlamazdan əvvəl də oxşar təkziblər səslənirdi. "Retkliffin səfəri ümidverici bir addımdır və Vaşinqtonun Rusiya kəşfiyyat xidmətlərinin məsuliyyətsiz, gərginliyi artırıcı addımlarının qarşısını almağa hazır olduğunu göstərir". Bunu isə Rusiya kəşfiyyatının taktikasına dair kitabın müəllifi, MKİ-nin keçmiş rezidenti Şon Visvesser söyləyir. "Biz onları dayandırmayana qədər onlar dayanmayacaqlar. Amma hər hansı xəbərdarlığın təsirli olması üçün Rusiya növbəti qırmızı xətləri keçərsə, bunun hansı nəticələrə gətirib çıxaracağı da bildirilməlidir", – Visvesser AzadlıqRadiosuna deyib. İndi sual budur ki, Rusiya xəbərdarlığa məhəl qoymazsa, ABŞ və müttəfiqlərinin hərəkətə keçəcəyinə inanırmı? Boqan deyir ki, Rusiyanın hərbi eskalasiya imkanlarını ehtiyatla qiymətləndirmək lazımdır, çünki malik olduğundan daha çox imkanları varmış kimi danışır. Onun fikrincə, müşahidəçilər bəzən Rusiyanın hələ işə salınmamış hərbi ehtiyatının olduğunu düşünürlər, amma "əgər onların belə bir imkanı olsaydı, onu Ukraynadakı döyüşlərdə istifadə edərdilər". Keçmiş MKİ əməkdaşının sözlərinə görə, Retkliffin səfərinin əsasında dayanan kəşfiyyat məlumatları NATO-nun hərbi planlarını dəyişdirmək cəhdi ilə bağlı ola bilər. Yəni, səfərin məqsədi NATO məkanına hansısa hərbi formada daxil olmaq planları ilə əlaqəli ola bilərdi. Boqan Moskvanın NATO ilə birbaşa qarşıdurma istədiyinə əmin olmadığını da söyləyib. "Həssas mövzularda məxfi kanal gərəkəndə rəqiblərlə əlaqə qurmaq üçün MKİ-dən istifadə etmək düzgün addımdır". Bu fikri MKİ və ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin keçmiş kəşfiyyat rəsmisi Stiven Keş səsləndirib. Keş ABŞ siyasətində "aşkar əlaqəsizlik" olduğunu bildirir, səfərlə bağlı məlum diplomatik proseslərdə dövlət katibi Marko Rubionun görünmədiyini vurğulayır. "Direktor Retkliff əslində Moskvaya hansı siyasətin ismarışını çatdırırdı?", – Keş sual edir. "ABŞ hökuməti bununla diqqətlə düşünülmüş milli siyasət dili ilə danışmır. Avtokrat olmağa can atan biri başqa bir avtokratın təmsilçisi ilə danışmaq üçün elçi göndərir", – Keş əlavə edir. Onun fikrincə, mesajın mahiyyəti düzgün düşünülməyibsə, ABŞ hökumətinin digər strukturlarının siyasətinə ziddirsə, onda heç kanalın məxfi və həssas olması da kommunikasiyanın effektini artırmır: "Bu, sadəcə, qarışıqlığın daha effektiv ötürülməsi deməkdir". Geri qayıt |