Əsas Səhifə > Dünya / Elm və Kültür / Melange / Manşet / Üst manşet > Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib


Bu gün, 14:14.
title}


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə və təşkilatın rəhbər vəzifələrinə nümayəndə təyin etmək hüququndan məhrum edilib.

Civilazerbaijan.com
bildirir ki, bu barədə noyabrın 11-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, qərar Moskvada keçirilən KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında qəbul olunub.

“Ermənistan bir neçə ildir öhdəliklərini yerinə yetirmədiyindən təşkilatın nizamnaməsinə əsasən, onun səsvermə, eləcə də KTMT-də məsul vəzifələrə nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və müvafiq qərar qəbul edilib”, - Peskov bildirib.

Qərara əsasən, Ermənistanın hüquqları üzvlük haqları üzrə borclarını tam ödəyənədək məhdudlaşdırılır. Bununla belə, ölkənin təşkilatdan çıxarılması məsələsi müzakirə olunmayıb. Bunu KTMT-nin baş katibi Taalatbek Masadıkov da təsdiqləyib.

Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurub. Yerevan bu qərarını təşkilatın ölkənin təhlükəsizliyini təmin etmək üzrə müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb. Həmin vaxtdan Ermənistan KTMT-nin tədbirlərində iştirak etmir və üzvlük haqqını ödəmir. Bununla belə, ölkə təşkilatdan çıxmaq üçün rəsmi prosedura başlamayıb.

Noyabrın 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-yə marağının artıq başa çatdığını bildirib. O, bundan əvvəl də Ermənistanın təşkilatdan çıxarılması qərarını müsbət qarşılayacağını açıqlamışdı. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti fonunda Moskva ilə Yerevan arasında münasibətlər də gərginləşib.

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya planları ilə Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü arasında seçim etməli olacağını bildirib.

Paşinyan isə Ermənistanın belə bir seçim zərurəti yarananadək Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirəcəyini deyib.
Geri qayıt