Əsas Səhifə > Dünya > Kipr polisi 2,5 milyon avronu alıb qaçan azərbaycanlını axtarır
Kipr polisi 2,5 milyon avronu alıb qaçan azərbaycanlını axtarır20-05-2017, 00:08. |
Kipr polisi Azərbaycandan olan 53 yaşlı kişinin həbsinə order verib. SİVİL.AZ-ın verdiyi məlumata görə, buna səbəb həmin şəxsin özünü nüfuzlu investor kimi təqdim edərək Kipr adasında hotel tikintisi layihəsi adı altında 35 yaşlı yunan biznesmendən 2,5 milyon avro alaraq aradan çıxmasıdır. “Cyprus Mail” nəşrinin yazdığına görə, yunan biznesmen polisə şikayətində Azərbaycandan gələn şübhəlinin onu aldatdığını və Kiprdə hotel tikintisi ilə məşğul olduğunu deyib. Şikayətçinin bildirdiyinə görə, onlar 53 yaşlı azərbaycanlı ilə ötən ilin yayında Limasolda tanış olublar. Yunan biznesmen azərbaycanlı “investorun” adada inşa edəcəyi hoteldən 2,5 milyon avroluq səhm alacağı barədə şifahi razılığa gəliblər. Yunan biznesmenin bildirdiyinə görə, o, həmin azərbaycanlı ilə cəmi üç dəfə görüşüb və üst-üstə 2,5 milyon avro ödəyib. Lakin ötən ilin oktyabr ayından ondan xəbər ala bilməyib. Biznesmen ona milyonlarla avro “atan” şəxsin dalınca Azərbaycana da gəlib. Polisə müraciət edib. Lakin bəxti gətirməyib. Azərbaycan hakimiyyətindən yunan biznesmenə deyiblər ki, həmin adam dələduzdur və başqa adamları da aldadıb, pullarını mənimsəyib. Hazırda axtarışdadır. Məlumata görə, Limasol polisi azərbaycanlının barəsində həbs orderi çıxarıb və onun adını göründüyü yerdə saxlanılmalı olan şəxslər siyahısına daxil edib. Lakin şəxsin barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın verildiyinə dair məlumat yoxdur. (virtualaz.org) Geri qayıt |