Əsas Səhifə > Dünya > İsveçrə nüvə enerjisindən imtina edir

İsveçrə nüvə enerjisindən imtina edir


22-05-2017, 00:17.
title}
İsveçrə nüvə enerjisindən imtina edir


Mayın 21-də İsveçrədə keçirilən növbəti referendumda ölkə əhalisi bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi və nüvə enerjisinin istehsalının tədricən məhdudlaşdırılmasına tərəfdar çıxıblar. Səsvermədə iştirak edən seçicilərin 58,2 faizi yeni enerji qanununun lehinə səs veriblər.

SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, qanuna əsasən, ölkədə yeni nüvə reaktorlarının inşası qadağan ediləcək, havaya buraxdığı zəhərli emissiyalara görə avtomobillərin idxalı məhdudlaşdırılacaq və bərpa olunan enerji sektoruna ayrılan dövlət vəsaitlərinin həcmi artırılacaq. Mövcud binaların daha yüksək enerji səmərəliliyi üçün müvafiq təmir-izolyasiya işlərinə də subsidiyalar ayrılacaq. Qanunda nəzərdə tutulan vəsaitlər elektrik enerjisi istifadəçilərinin ödəyəcəyi əlavə vergilər hesabına formalaşacaq.

Yeni qanun 2018-ci ilin əvvəlində qüvvəyə minəcək. Qanuna görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin təhlükəsizlik təftişindən uğurla keçən nüvə reaktorları elektrik enerjisi istehsal etməkdə davam edəcək, təhlükəsizlik şərtlərinə cavab verməyən reaktorların fəaliyyətinə isə son qoyulacaq. Lakin yeni reaktorların tikilməsi və nüvə enerjisi iqtisadiyyatının inkişaf etdirilməsi mümkün olmayacaq.

Qeyd edək ki, ötən il Yaşıllar Partiyasının təşəbbüsü əsasında ölkədə 2029-cu ilədək nüvə enerjisindən tam imtinaya dair referendumda əhalinin əksər hissəsi (54,2 faiz) nüvə reaktorlarının “söndürülməsinə” qarşı çıxmışdılar.

Hazırda İsveçrədə beş atom elektrik stansiyası (AES) fəaliyyət göstərir. Onlardan 48 yaşlı “Beznau I” nüvə reaktoru dünyada nüvə enerjisi istehsal edən ən yaşlı AES-dir.
Geri qayıt