Əsas Səhifə > Dünya > Türkiyə rusiyalıları xarici pasport olmadan qəbul etməyə hazırdır

Türkiyə rusiyalıları xarici pasport olmadan qəbul etməyə hazırdır


27-03-2017, 13:51.
title}
Türkiyə rusiyalıları xarici pasport olmadan qəbul etməyə hazırdır


Türkiyə daxili şəxsiyyət vəsiqələri əsasında qarşılıqlı səfərlər barədə Rusiya ilə birgə müzakirələr aparmaq niyyətindədir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada yaşayan Rusiya vətəndaşları ilə görüşündə məlumat verib.

“Kədərli hadisəyə qədər (2015-ci ilin noyabrında Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulması) bu məsələ ilə bağlı ciddi danışıqlar aparılıb. Hazırda münasibətlərimiz normallaşıb və biz danışıqları davam etdirə bilərik”, - deyə nazir bildirib.

Çavuşoğlu xarici pasport olmadan daxili şəxsiyyət vəsiqələri ilə rusiyalıların Türkiyəyə səfər etməsi məsələsinin yaxın zamanlarda müzakirə olunacağını qeyd edib. Onun sözlərinə görə, “aeroportlarda belə sənədlərin yoxlanılması üçün qurğular quraşdırılır”.

Xatırladaq ki, məlum təyyarə insidentindən sonra Rusiya reaksiya tədbiri kontekstində Türkiyə ilə vizasız rejim qaydasını ləğv edib. Martın 10-da Moskvada keçirilən yüksək səviyyəli Türkiyə-Rusiya Əməkdaşlıq Şurasının iclasında tərəflər ilk olaraq işgüzar dairələrin nümayəndələri üçün viza rejiminin qismən aradan qaldırılması barədə razılığa gəliblər. Bu məsələ üzrə işlər davam etdirilir.

Türkiyə qonşu ölkələrlə maksimal sadələşdirilmiş sərhəd keçidi rejiminin tətbiqinə çalışır. Əsasən də, daxili pasportlar və sənədlər vasitəsi ilə sərhədi keçmək imkanlarından Gürcüstan vətəndaşları istifadə edirlər. Martın ortalarında isə Ankara və Kiyev arasında da müvafiq saziş imzalanıb.
Geri qayıt