Əsas Səhifə > Dünya > İŞİD hansı məqsədlər üçün və kimlər tərəfindən yaradıldı? -

İŞİD hansı məqsədlər üçün və kimlər tərəfindən yaradıldı? -


1-07-2017, 17:09.
title}
İŞİD hansı məqsədlər üçün və kimlər tərəfindən yaradıldı? -


İraq Şam İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin özünü Mosulda "xəlifə" elan edərək minbərə çıxmasının üçüncü ildönümündə həmin məşhur Əl-Nuri əl-Kəbir məscidi dağıdıldı.

SİVİL.AZ-ın BBC-yə istinadən məlumatına görə, İraqın baş naziri Heydər əl-İbadi Mosul məscidində partlayışı İŞİD-in məğlubiyyətinin göstəricisi hesab edib. O, İŞİD-in işğal etdiyi ərazilərin qaytarılması uğrunda başladılan 3 illik əməliyyatların davam etdiriləcəyini bildirib.

"İŞİD tamamilə yox olacaqmı?" sualının cavabı "İŞİD-in necə yaranması və böyüməsi" məsələsinin mahiyyətində axtarmaq lazımdır. Terror təşkilatının İslam dünyasında hansı səbəblərdən ortaya çıxması hər iki suala cavab verir.

İslam dünyasında xarici dövlətlərin müdaxiləsi, qarşıdurmalar, pis idarəetmə forması, insanların istismarı, iqtisadi və cəmiyyət baxımından aşınma, Qərbdə müsəlmanlara qarşı təzyiqlər İŞİD-in yaranması üçün əsas səbəblərdən sayılır. Bunun digər səbəbləri isə dini və tarixi məsələlərdir. "Əl-Qaidə"ni yaradıb ideoloji və taktiki baxımdan İraqa yönləndirənlər 2003-cü ildə İraqın ABŞ tərəfindən işğal edilməsi ərəfəsində küçələrdə qalan BƏSS rejiminin hərbçiləri ilə birləşdirib belə qorxunc bir təşkilatın yaranması üçün əlverişli şərait yaratdılar. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi isə təşkilatın genişlənməsi və dünyaya yayılması üçün çox böyük imkanlar yaratmış oldu. Dinin təsiri ilə yüzlərlə insanı sıralarına qata bilən təşkilatın maliyyə qaynaqları isə onun daha da genişlənməsi və güclənməsi üçün zəmin yaradır. Neft və qaz yataqları, fosfat, sulfid, duz mədənləri, sement, sulfat və fosfor turşusu zavodları, geniş kənd təsərrüfatı sahələri, həmçinin tarixi əsərlər İŞİD-in ən böyük maliyyə qaynaqları sayılır. İŞİD-in qısa zamanda böyüməsinin səbəblərindən biri də Bağdadinin tarixi və dini rəsm əsərlərindən (ikona) müvəffəqiyyətli şəkildə istifadə etməsi idi.

- Təşkilatın bayrağında İslam peyğəmbərinin möhürü əks olunub.

- İŞİD-in yaradılması Ramazan ayının ilk gününə təsadüf edib.

- "İslam Dövləti" adı təsadüfən seçilməyib. Bu, mübahisələrə birbaşa son qoymaq məqsədi daşıyır.

- "Xəlifə İbrahim" adı ilə taxta çıxan İbrahim Avvadın (Əbu Bəkr əl-Bağdadi) peyğəmbər nəslindən, yəni "Qureyş" qəbiləsindən çıxdığı iddia edilib.

- Bağdadinin 4 iyul 2014-cü ildə məhz Mosulda Əl-Nuri əl-Kəbir məscidində xəlifəliyini elan etməsinin də bir mənası vardı. Belə ki, 1172-1173-cü illərdə məscidi tikdirən Nurəddin Mahmud Zəngi 2011-ci il Suriya böhranı vaxtı müxaliflərin müqəddəsləşdirdikləri şəxs idi. O, Səlib yürüşləri zamanı Hələb və Mosulu birləşdirən, Cənub-Şərqi Anadolu, Yaxın Mesopotamiya ilə Suriyaya hökm edən canişin olub. Zəngi həmçinin "Əl-Qaidə"nin lideri Əbu Musab əl-Zərkavinin də böyük ilham qaynağı olub.

- Bağdadi özünü Abbasilər xilafətinin varisi olaraq təqdim edib və xütbəsi zamanı əsrlər əvvəl süquta uğradılan imperiyanı yenidən quracağını bildirib.

- Hicrət məsələsinə də toxunan Bağdadi belə deyirdi: "Ey müsəlmanlar, harada olursunuzsa-olun "İslam Dövləti"nə səfər edin. Səfər vacibdir".

- Onun ən çox istifadə etdiyi kəlmələrdən biri də "biət" sözü olub. Təşkilatın sözçüsü Əbu Məhəmməd əl-Adnari, "Tələsin, ey müsəlmanlar, öz dövlətinizə tələsin! İslam Dövləti sizin dövlətinizdir. Nə Suriya suriyalıların, nə də İraq iraqlılarındır", - deyə bildirirdi.

- "Biət" və "hicrət" (səfər) Səudiyyə Ərəbistanını yaradıcısı İbn Səudun da ən çox istifadə etdiyi kəlmələrdən idi.

- İŞİD-in mətbuat orqanlarına verdiyi adlar da təsadüfən seçilməmişdi. "Dabiq", "Konstantin" və "Rumiyyə" və s. "Dabiq" rəvayətə görə qiyamətdən öncə xaçpərəstlərin məğlubiyyəti ilə nəticələnəcək son döyüşün (əl-Məlhəma əl-Kübra) baş verəcəyi yerdir. "Konstantin" İstanbulun, "Rumiyyə" isə Romanın fəthi mesajını verirdi.

- İŞİD bir tərəfdən şiələrə, başqa tərəfdən isə xaçpərəstlər və sünni olmayan başqa müsəlman təriqətlərinə qarşı yaradılan təşkilat hesab olunur. Ən böyük məqsəd şiələrin yox edilməsidir ki, İŞİD bunu "Ən böyük cihad" adlandırılır.

- İŞİD yezidi qadınların bazarlarda satılmasını gerçəkləşdirərək köləlik ənənələrini XXI əsrdə yenidən diriltdi və bunu bir islam adətinin bərpası kimi təqdim etdi.

İŞİD bu şərtlər tamamilə aradan qaldırılmadığı müddətcə təşkilatın istifadə etdiyi tarixi və dini faktorlar da öz etibarlığını qoruyacaq. Terror təşkilatı əlindəki torpaqları itirsə belə, fərqli coğrafiyalarda yenidən hakimiyyət qurucağını istisna etməyən ekspertlər İŞİD-i "Əl-Qaidə"nin fomasını dəyişən versiyası kimi təqdim edirlər.

İŞİD-in "uzaq düşmənlər" hesab edilən ABŞ və müttəfiqlərindən daha çox "yaxın düşmənlər"i olan şiələrə qarşı mübarizə aparması onu "Əl-Qaidə"dən fərqləndirən başlıca səbəbdir. Birbaşa vətəndaşları hədəfə alan şiddət və qorxu metodları İŞİD-in qısa müddət ərzində böyüməsi üçün əsas taktika hesab olunur. Əgər "Əl-Qaidə" təkcə terror qruplaşması kimi özünü təqdim edirdisə, İŞİD ondan fərqli olaraq eyni zamanda dövlət olduğunu da irəli sürür. Usamə bin Ladenin öldürülməsi "Əl-Qaidə"nin dağılması üçün kifayət etmədiyi ortada olduğu üçün ekspertlər Bağdadinin də öldürülməsinin İŞİD-i sonlandırmaqla nəticələnməyəcəyini bildirirlər. İraqlı mütəxəssislərdən biri bunu belə izah edir:

"Əgər Hişam əl-Haşiminin dediyi kimi təşkilatda bir çoban varsa, işləri idarə edən çoxlu sayda da çoban iti var".

Hazırda İŞİD-in fəaliyyət dairəsi Filippin, İndoneziya, Mavritaniya, Liviya, Pakistan, Qafqaza qədər gedib çıxır. İŞİD əsas mərkəzini itirsə belə bu bölgələrdəki nümayəndəliklərinin tamamilə yox edilməsi hələ uzun bir proses olacaq.
Geri qayıt