Əsas Səhifə > Dünya > Azərbaycandan Amerikaya vizanı necə almaq olar? -
Azərbaycandan Amerikaya vizanı necə almaq olar? -14-07-2017, 19:57. |
ABŞ-ın Bakıdakı Səfirliyinin Konsulluq şöbəsinin rəhbəri Kim Morales oxucuların suallarını cavablandırır. [b]SİVİL.AZ bu cavabları təqdim edir: Bu yaxınlarda sosial mediada ABŞ-ın Bakıdakı Səfirliyində qeyri-mühacir vizaların verilməsi ilə bağlı bir sıra mülahizələr yayıldı və vizaların verilməsi barədə qəbul olunan qərarlara kənar şəxslərin təsir etdikləri iddia edildi. Vaşinqton D.C.-də fəaliyyət göstərən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşının alınması üzrə daxili bölmədə çalışmış bir insan kimi mən, tam əminliklə təsdiq edə bilərəm ki, fəaliyyətimizin şəffaflığı və düzgünlüyünün təmin olunması üçün bütün müdafiə vasitələri təmin edilmişdir. Bunun şahidi olmaq üçün, sadəcə, bizim gözləmə otağına baş çəkmək kifayət edər, burada cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar barmaq izlərinin götürülməsi üçün şəxsən gəlib növbəyə dururlar və təyin olunmuş konsulluq əməkdaşı ilə müsahibənin keçirilməsini gözləyirlər. İstənilən gün hökumət işçilərinin, biznesmenlərin, hüquq-mühafizə orqanı əməkdaşlarının və bir sıra müxtəlif vəzifələrdə çalışan digər insanların viza prosesi ilə bağlı növbə gözlədiklərinin şahidi olmaq olar. Vəzifəsindən və mövqeyindən asılı olmayaraq, bütün ərizəçilərə eyni prosedur qaydaları şamil olunur. Tapşırıq və korrupsiya hallarına bizim səfirlikdə yer yoxdur. Bu gün mən, vizanın verilməsi ilə bağlı sizin tanış olmadığınız bu fəaliyyəti necə və nə üçün həyata keçirdiyimiz barədə daha ətraflı məlumat verəcəyəm və müraciətlərin araşdırılması ilə bağlı konkret məqamları diqqətinizə çatdıracağam. Ümid edirəm ki, aşağıdakı sualların cavabı sizə qeyd olunan fəaliyyəti daha yaxşı dərk etməyə kömək edəcəkdir. Bir daha gələcək mövzularla bağlı təkliflərinizi və konsulluğun fəaliyyəti ilə bağlı suallarınızı aşağıdakı e-poçta göndərməyinizi xahiş edirəm: [email protected]. - Qeyri-mühacir vizası üçün necə müraciət etmək olar? - Bunun üçün ilk növbədə ərizəçi onlayn ərizə formasını (DS-160) doldurur, bütün suallara tam və düzgün cavab verir. Əgər ərizə forması ərizəçinin özü tərəfindən deyil, başqası tərəfindən hazırlanmışdırsa, bu, ərizədə qeyd olunmalıdır. Ərizə forması əsasında ərizəçi ştrix kodu aldıqdan sonra viza xidməti mərkəzinin internet səhifəsinə daxil olaraq viza haqqını ödəməli və müsahibənin tarixini təyin etməlidir və yaxud müvafiq hesab olunduğu halda sənədləri kuryerlə göndərməlidir. Biz müsahibə üçün görüş vaxtını ən azı bir ay öncədən təyin etməyinizi tövsiyə edirik. Tətil mövsümlərində isə görüş vaxtını nəzərdən tutulan səfər tarixindən ən azı 45 gün öncə təyin etməlisiniz. Müsahibənin təyin olunduğu tarixdə ərizəçi özü şəxsən səfirliyə gəlməlidir. Burada ərizəçinin barmaq izləri götürülür və o, konsulluq əməkdaşının suallarını dürüst şəkildə cavablandırmağa hazır olmalı və tələb olunan hər hansı sənədi təqdim etməlidir. Əgər ərizəçiyə vizanın verilməsi barədə qərar qəbul olunarsa və əlavə araşdırmanın aparılmasına ehtiyac olmazsa, bu halda viza vurulmuş pasport beş iş günü ərzində “Aramex” kuryer şirkətinin ofisinə çatdırılır. “Aramex” şirkəti tərəfindən ərizəçiyə e-poçt vasitəsilə məlumat verilir və ona pasportun onların ofisindən götürülməsi izah edilir. - Kimlərin müsahibəyə gəlməsinə ehtiyac yoxdur? - Birinci və ən geniş yayılmış kateqoriya olaraq bu, qüvvədə olan vizaya malik və yaxud əvvəlki vizası son on iki ay ərzində başa çatmış ərizəçilərə şamil olunur. Əgər ərizəçi eyni növ viza üçün müraciət edirsə, bu halda o, müsahibədən azadolma proqramından istifadə edə bilər və sənədləri “Aramex” kuryer şirkətinin xidmət mərkəzinə təqdim edə bilər. Valideynləri qüvvədə olan vizaya malik olan 14 yaşından aşağı uşaqlar da bu proqramdan istifadə edə bilərlər. Bu xidməti təmin etməklə bizim şöbə ilk dəfə müraciət edən ərizəçilərə, iş adamlarına, tələbələrə, digər səfər edən şəxslərə daha çox vaxt ayırmağa və onlarla görüşlər təyin etməyə müvəffəq olur. Müəyyən hallarda müsahibədən azadolma proqramından istifadə edərək sənədləri kuryerlə təqdim edən şəxslərdən müsahibəyə gəlmək tələb oluna bilər. Bu, bir qayda olaraq müraciətləri ilə bağlı inzibati araşdırma aparılmaq üçün seçilmiş, artıq viza verilməsi mümkün olmayan və yaxud əvvəlki vizalarının başa çatmasından on iki aydan çox müddət keçmiş şəxslərə şamil edilir. İkinci geniş yayılmış kateqoriya rəsmi məqsədlər üçün səfər edən hökumət işçilərindən və diplomatlardan ibarətdir. Onların ərizə formasına Xarici İşlər Nazirliyi və yaxud müraciət edən səfirlik tərəfindən təqdim olunan tam sənədlər əlavə edilməlidir. Bir qayda olaraq bu şəxslərin şəxsən gəlmələri tələb olunmasa da, bəzən konsulluq əməkdaşları ərizəçinin fərdi müsahibəyə gəlməsini tələb edə bilərlər. Bu tələb, adətən, səfərin yerini və məqsədini aydınlaşdırmaq üçün edilir. Əgər rəsmi şəxslər turizm və yaxud ailə üzvlərinə baş çəkmək kimi şəxsi məqsədlərlə səfər edirlərsə, bu halda onlar da barmaq izlərinin götürülməsi və müsahibə üçün əvvəlcədən vaxt təyin etməlidirlər. - Kimlərin görüş vaxtını təyin etməsinə ehtiyac yoxdur? - Bütün ərizəçilər yalnız qeydiyyat əsasında qəbul edilirlər. Biz əvvəlcədən qeydiyyatdan keçməmiş görüşlər keçirmirik və qəbul etmirik. Birləşmiş Ştatlara səfər etməyi planlaşdıran bütün ərizəçilər onlayn qeydiyyat sistemi vasitəsilə görüş vaxtını əvvəlcədən təyin etməlidirlər. Onlayn qeydiyyat sistemindən istifadə ilə bağlı bəzi istisnalar vardır, lakin bu istisnaları müəyyən edən və onlara icazə verən xüsusi yazılı qaydalar və prosedurlar mövcuddur. Məsələn, əgər ərizəçi ABŞ hökuməti tərəfindən maliyyələşdirilən hər hansı proqram çərçivəsində səfər edirsə, bu halda müsahibənin vaxtı müvafiq sənədləri qəbul etdikdən sonra konsulluq şöbəsi tərəfindən təyin olunur. Əgər səfərin tələbələr, idmançılar və yaxud ifaçılardan ibarət olan böyük qrup şəklində baş tutması planlaşdırılırsa, bu halda konsulluq şöbəsi digər ərizəçilərin görüşlərinə təsir etməməsi üçün onların görüşlərini qrup şəklində təyin etmək hüququna malikdir. Ümumiyyətlə, bu qruplardan, viza xidməti mərkəzinin qeydiyyat sistemi vasitəsilə tezləşdirilmiş görüş vaxtının təyin olunması barədə müraciət etmələri tələb olunur. Bəzi hallarda isə təcili tibbi müalicə və yaxud Birləşmiş Ştatlarda yaşayan yaxın adamının rəhmətə getməsi ilə bağlı səfər edənlər üçün təyin olunan görüş vaxtları bizim tərəfimizdən tezləşdirilir. Şəxsin nə dərəcədə nüfuzlu olmasından asılı olmayaraq, biz telefon vasitəsilə və yaxud üçüncü şəxslər tərəfindən edilən müraciətlər əsasında görüşlər təyin etmirik və bunu qəbul etmirik. Əgər hər hansı bir turizm agentliyi görüşlərə təsir edə bilən hər hansı əlaqəyə malik olduğunu sizə bildirirsə, bu haqda sizdən məlumat almağı çox istərdim, çünki bunun baş tutması üçün hər hansı mexanizm mövcud deyil. - Bəs sizin dürüst olduğunuzu biz necə bilək? - Konsulluq şöbəsinin dürüstlüyü və məsuliyyəti bizim həyata keçirdiyimiz əməliyyatların və fəaliyyətin əsasını təşkil edir. Bizim fəaliyyətimizə hər hansı kənar təsirlərin müdaxilə etməməsini təmin etmək üçün konsulluq şöbəsinin işçiləri əllərindən gələni edirlər. Əslində, konsulluq fəaliyyətləri dünyanın müxtəlif yerlərində eynidir. Hər bir addım ABŞ-ın immiqrasiya haqqında qanunu və qaydalarına uyğun olaraq müvafiq qaydada sənədləşdirilir və həyata keçirilir. Hər bir neçə aydan bir regional nümayəndələr konsulluq şöbələrinə səfər edir, bizim bütün prosedurlara, müvafiq qaydalara və qanunun tələblərinə uyğun şəkildə fəaliyyət göstərib-göstərmədiyimizi yoxlayırlar. Bizim fəaliyyətimizi mühafizə etmək üçün uyğunsuzluqları və qanun pozuntularını müəyyən etmək məqsədilə bir sıra müdafiə tədbirləri də mövcuddur. Əlavə olaraq idarəetmə ilə bağlı bütün nəzarət tədbirlərinə əməl olunduğunu təmin etmək üçün bizim Vaşinqton D.C.-də yerləşən idarələrimiz qeydiyyat və konsulluq sistemlərini müntəzəm şəkildə yoxlayırlar. Aşkar olunan hər hansı uyğunsuzluq və qanun pozuntusu nəzərdən keçirilir və müvafiq hesab olunduğu halda, hüquq-mühafizə orqanı tərəfindən araşdırılır. - Viza haqqında məlumatı haradan əldə edə bilərəm? - Viza ilə bağlı məlumat almaq üçün zəng edənlərin hamısı viza xidmətinin informasiya-məlumat mərkəzinə yönləndirilirlər (telefon: +994 12 310 3010 və yaxud e-poçt: [email protected]). Əlavə olaraq vizalarla bağlı məlumatı aşağıdakı internet səhifələrindən də əldə etmək olar: https://ais.usvisa-info.com/en-az/niv, www.travel.state.gov, və yaxud https://azerbaijan.usembassy.gov/non-immigrant_visas.html. Bu mənbələrdən istifadə lazımlıdır, çünki Azərbaycan əhalisinin sayı 9 milyondan çoxdur və konsulluq şöbəsi isə cəmi dörd nəfər əməkdaşdan ibarətdir. Bizim telefon vasitəsilə lazımi dəstəyi göstərmək və ayrı-ayrı e-poçt məktublarına cavab vermək üçün, sadəcə, kifayət qədər işçi heyətimiz yoxdur. Əgər biz yalnız viza ilə bağlı edilən telefon zənglərinə cavab versək, o zaman ABŞ vətəndaşlarına kömək etməyə, vizaların çap olunmasına, məlumatların daxil edilməsinə vaxt ayıra və yaxud səmərəli şəkildə fəaliyyət göstərə bilmərik. Biz bunun məyusluq yarada biləcəyini anlayırıq, lakin məlumat-informasiya mərkəzinin əməkdaşları azərbaycan, ingilis və rus dillərində danışırlar. Daha mürəkkəb və yaxud təcili sorğular məlumat-informasiya mərkəzi tərəfindən konsulluq şöbəsinə ötürülür. Keyfiyyətin təmin olunması məqsədilə biz edilən zənglərə nəzarət edirik. - Viza barədə informasiya almaq üçün kimlər konsulluq şöbəsinə zəng edə bilər? - Konsulluq şöbəsi viza ilə bağlı ərizəçilər və yaxud üçüncü şəxslər tərəfindən edilən telefon zənglərini qəbul etmir. Ərizəçilərlə bağlı olan viza məlumatları ABŞ qanunları tərəfindən müdafiə olunur. Fərdi viza müraciətləri ilə bağlı məlumatların üçüncü şəxslərə açıqlanması və yaxud müzakirə edilməsi konsulluq şöbəsinə qadağan olunur və bu tələblərin pozulması ilə bağlı olan iddialar ciddi qəbul edilir. Məsələn, əgər sizin əminiz oğlu və yaxud turizm agentiniz səfirlikdə kimisə tanıyırsa və sizin adınızdan ona zəng etməyə çalışarsa, bu halda bizim əməkdaşlarımıza müraciətlə bağlı müzakirə aparmağa icazə verilmir. Konsulluq şöbəsinin işçiləri bunu ciddi qəbul edirlər və viza qərarına təsir göstərilməsinə və yaxud informasiya əldə olunmasına edilən cəhd barədə müvafiq tərəflərə məlumat verirlər. Bu, qeyri-konsulluq personalı və yaxud onlarla əlaqəsi olan şəxslərdə məyusluq hissi yaratsa da, bizim bütün məlumatları qorumağımıza imkan verir və hər hansı qanun pozuntusunun qarşısını almağımızı təmin etmiş olur. - Kimin viza almasına kim qərar verir? - Viza müraciətləri ilə bağlı yalnız səlahiyyətli konsulluq əməkdaşlarının qərar qəbul etmək üçün hüquqi səlahiyyəti vardır. Qərarların qəbul olunmasında hər hansı kənar təsirlər rol oynaya bilməz və yaxud prosesi sürətləndirə bilməz. Məsələn, əgər sizin əminiz səfirlikdə kimisə tanıyırsa və həmin şəxsə zəng edərsə, bu halda konsulluq şöbəsi sizin müraciətinizlə bağlı məlumatı açıqlamayacaq və müzakirə etməyəcəkdir. Konsulluq əməkdaşlarının qərarlarına təsir göstərmək cəhdləri həmin şəxsin ABŞ vizalarına müraciətlərinə rədd cavabının verilməsinə səbəb ola bilər və bu hal müvafiq təhqiqat qurumlarına yönləndirilə bilər. Səfirliyin hər bir şöbəsi bu qaydalardan xəbərdardır və onlara konsulluq fəaliyyətinin dürüstlüyünün qorunub saxlanılmasının əhəmiyyəti müntəzəm şəkildə xatırladılır. Hətta səfirin özü belə sizə viza qərarlarına təsir edə bilmədiyini deyəcəkdir! - Viza müraciətinin araşdırılmasının ləngiməsinə nə səbəb olur? - Ləngiməyə səbəb olan birinci amil təqdim olunan fotoşəklin müvafiq qaydada olmamasıdır. Belə ki, adətən, aşağı keyfiyyətli və yaxud xüsusi kompüter proqramı ilə üzərində işlənilmiş, əvvəllər pasportlar üçün və yaxud digər viza müraciətləri üçün istifadə edilmiş köhnə, rəngli fonda çəkilmiş və yaxud eynəklə çəkilmiş fotoşəkillər təqdim edilir. Bu halda şöbə tərəfindən yeni fotoşəklin təqdim olunması xahiş edilir ki, bu da müraciətin araşdırılmasını uzadır. Səfər tarixinin qeyri-real olması. Əgər siz ərizə formasını və yaxud müsahibəni səfər etməyi planlaşdırdığınız tarixdən bir gün əvvəl təqdim edirsinizsə və yaxud təyin edirsinizsə, bu halda uçuşu həyata keçirməyiniz qeyri-realdır. Əvvəlcədən müraciət edin! Biz, vizanı alana qədər sizə təyyarə biletinizi almamağı tövsiyə edirik! Viza ərizə formasında tələb olunan informasiyanın açıqlanmaması. Bəzi ərizəçilərin Birləşmiş Ştatlarda qohumları vardır, lakin əgər onlar bu haqda məlumatı məqsədyönlü şəkildə açıqlamırlarsa bu, bizdə daha hansı məlumatların gizlədildiyi barədə narahatlıq yaradır. Eyni zamanda, ərizə formasının doldurulmasına kiminsə köməklik göstərməsi qəbul ediləndir, lakin əgər siz ərizə formasını hazırlayanın kimliyini açıqlamırsınızsa bu, sizin etibarınıza mənfi təsir edə bilər. Bəzi hallarda müraciətlərin araşdırılmasına əlavə tədbirlər tələb oluna bilər. Bu proses vaxt aparır, Bakıda deyil, Vaşinqton D.C.-də həyata keçirilir və buna görə də əhəmiyyətli ləngimələrə səbəb ola bilər. Konsulluq əməkdaşları araşdırma üçün əlavə vaxt tələb olunduğu barədə müsahibə zamanı ərizəçiyə məlumat verirlər. Geri qayıt |